14.01.2016  

Əsas kapitala yönəldilmiş vəsait haqqında

2015-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 15957,0 milyon manatlıq vəsaitin 73,5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 61,9 faizi məhsul istehsalı obyektlərinin, 31,6 faizi xidmət sahələri üzrə obyektlərin, 6,5 faizi isə ümumi sahəsi 1927,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 56,0 faizini təşkil etmişdir.
2015-ci ildə Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı”, “Buzovna-2” və 35 kilovoltluq 11 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Qafqaz Baku Sport Hotel”, “Bulvar Hotel” mehmanxana kompleksləri, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Sabunçu Məhkəmə Kompleksinin yeni binası, Zirə Mədəniyyət Mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Naxçıvan Muxtar Respublikasında Sənaye Kompleksi, Günəş Elektrik Stansiyası, Sumqayıt şəhərində Beton məmulatı və Texniki avadanlıqlar zavodları, Etilen-polietilen zavodunda yeni qurğular, “Alyans Tekstil” tikiş fabriki, Abşeron rayonunda Xırdalan Metal Konstruksiyalar zavodu, 35 kilovoltluq “Sarıqaya”, “Fatmayı”, “Məhəmmədi” elektrik yarımstansiyaları, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Qolf klubu, Ağsu rayonunda İdman Kompleksi, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Cəlilabad rayonunda Alar - Təzəkənd - Üçtəpə - Əliqasımlı - Cəfərxanlı avtomobil yolu, Göyçay rayonunda “Göyçay” Su Elektrik Stansiyası, Kürdəmir rayonunda Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolu, Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu-Kürdəmir hissəsi, Qusar rayonunda “Park Chalet Shahdag” oteli, Siyəzən rayonunda Siyəzən-Məşrif avtomobil yolu, Şabran rayonunda “Qalaaltı Otel and SPA” Müalicə-İstirahət Kompleksi, Şəki şəhərində Məhkəmə Kompleksinin yeni binası, Zaqatala rayonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin yeni filialı, bunlardan əlavə ölkədə 195 çarpayılıq 2 xəstəxana, növbədə 270 nəfəri qəbul etmək imkanına malik 7 poliklinika, 11222 şagird yerlik 53 ümumtəhsil məktəbi, 2182 yerlik 23 məktəbəqədər təhsil müəssisəsi, 280 yerlik 2 klub və s. obyektlər istifadəyə verilmişdir.

Tel: 5398717