12.02.2016  

Xarici ticarət əlaqələri haqqında

2015-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 165 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 111 ölkəyə məhsul ixrac olunmuş, 147 ölkədən idxal olunmuşdur. Ticarət dövriyyəsinin 9,6 faizi MDB üzvü dövlətləri, 48,2 faizi Avropa İttifaqı ölkələri, 42,2 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
2015-ci ildə xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 25781,0 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 16559,6 milyon dollar, idxalın həcmi 9221,4 milyon dollar təşkil etmiş, nəticədə 7338,2 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, şəkər, bitki yağları, heyvan mənşəli piylər və yağlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil etmişdir.
2015-ci ildə qeyri-neft məhsullarının ixracı 2014-cü illə müqayisədə 2,7 faiz artaraq 1581,2 milyon dollar təşkil etmişdir.

Tel: 538-76-95