25.04.2016  

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında


2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 20,5 faiz ucuzlaşmış, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,1 faiz bahalaşmışdır. Bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin ucuzlaşmasına əsasən ölkədə 2015-ci ildə əvvəlki ilə nisbətən buğdanın məhsuldarlığının yüksəlməsi hesabına onun istehsalının 16,5 faiz artması, dünya bazarında son dövrlərdə buğdanın qiymətinin aşağı düşməsi, cari ilin yanvar ayından etibarən buğdanın idxalına və satışına əlavə dəyər vergisinin tətbiqinin dayandırılması təsir göstərmişdir. Bundan əlavə, bir sıra tərəvəz məhsullarının qiymətləri də aşağı düşmüşdür.
2016-cı ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşmışdır. Mart ayında fevral ayı ilə müqayisədə bitkiçilik məhsullarından buğdanın, arpanın və soğanın istehsalçı qiymətlərində ucuzlaşma, qozun, fındığın, almanın, şabalıdın, narın, heyvanın istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Mart ayı ərzində heyvandarlıq məhsullarından quş ətinin və südün istehsalçı qiymətlərində bahalaşma, yumurtanın, mal ətinin, diri qoyun və keçilərin istehsalçı qiymətlərində ucuzlaşma müşahidə olunmuşdur. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Tel: 538-52-72