Dövlət Statistika Komitəsi haqqında
Azərbaycan ərazisində statistikanın müntəzəm təşkilinə Şamaxı (1846-cı ildən 1859-cu ilədək), Bakı (1859-cu il) və Gəncə (1867-ci il) quberniyalarının yaradılmasından sonra onların tərkibində statistika komitələrinin fəaliyyəti ilə başlanılmışdır.
Həmin dövrdən başlayaraq 1917-ci ilədək tərtib edilən, özündə 20-27 statistik cədvəli birləşdirən quberniyaların illik hesabatları statistik xarakterli çoxsaylı məlumatları - əhalinin, mal-qaranın, fəhlələrin, yarmarkaların, fabrik və zavodların sayını, əkin və məhsulları, yarmarka dövriyyələrini, əsas malların ticarət qiymətlərini, hərbçilərin sayını və bir çox başqa məlumatları əhatə edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə (1918-1920) ölkə ərazisində statistik məsələlərə rəhbərlik edən vahid orqanın yaradılmasına tam nail olunmasa da, ayrı-ayrı nazirliklərin tərkibində statistika ilə bağlı müəyyən qurumlar yaradılmışdır. Bu qurumlar 15 noyabr 1918-ci il tarixindən Dövlət Əmlakı və Əkinçilik Nazirliyinin tərkibində Statistika şöbəsi və 1919-cu il iyul ayından isə Əkinçilik Nazirliyinin Torpaq Fondu şöbəsində Statistika bürosu kimi fəaliyyətdə olmuşdur.
1920-ci il iyulun 8-də Nəriman Nərimanovun imzası ilə Azərbaycan İnqilab Komitəsi tərəfindən statistiklərin müvəqqəti kollegiyası haqqında əsasnamə təsdiq edilmişdir.
1924-cü ildən Azərbaycan ərazisində yerli statistika orqanlarının yaradılmasına başlanmış və sonrakı illərdə bütövlükdə yerlərdə statistika orqanlarının yaradılması həyata keçirilmişdir.
1928-ci il sentyabrın 28-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarları Şurası Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi haqqında yeni əsasnamə təsdiq edir.
1948-ci ilin avqustunda respublika Mərkəzi Statistika İdarəsi Dövlət Plan Komissiyasından ayrılaraq, SSRİ Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinə tabe olur. Bu, statistika orqanlarının işinin yaxşılaşdırılması üçün böyük əhəmiyyət kəsb edirdi.
1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilir və Azərbaycan SSR Nazirlər Kabinetinin 30 mart 1988-ci il tarixli qərarı ilə Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında əsasnamə təsdiq edilir.
1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş "Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikasında təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin Dövlət reyestrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. xüsusi maddələr qeyd edilmişdir.
Müstəqillik dövrü ərzində Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi, bu sahədə islahatların başa çatdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun daha da inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi və onun beynəlxalq statistika standartları səviyyəsinə yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Bu məqsədlə, Dövlət Statistika Komitəsi tərəfindən statistika sahəsində islahatların aparılması və onun təkmilləşdirilməsi haqqında dövlət proqramları işlənib hazırlanmış və həyata keçirilmişdir. Bu illər ərzində 5 Dövlət Proqramı (1993-1997, 1998-2002, 2003-2007, 2008-2012-ci, 2013-2017-ci illəri əhatə edən) yerinə yetirilmiş, sonuncu, 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı ölkə Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və onun yerinə yetirilməsinə başlanmışdır.
Dövlət Proqramının əsas məqsədi statistika işlərinin ölkədə və beynəlxalq aləmdə cərəyan edən sosial-iqtisadi proseslərə və müasir çağırışlara uyğun təkmilləşdirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi yolu ilə rəsmi statistikanın inkişaf etdirilməsidir. Bu tədbirlərə sosial, iqtisadi və digər sahələr üzrə statistika müşahidələrinin təşkili və metodologiyaların hazırlanması, metaməlumatlar və təsnifatlar, rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatı, istifadəçi məmnunluğunun artırılması, beynəlxalq əməkdaşlıq, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi istiqamətlərini əhatə edən fəaliyyətlər daxildir.
Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin ölkə statistiklərinin yaddaşına həkk olunmuş "Dövlət Statistika Komitəsi əsas orqanlardan biridir" məşhur kəlamı Dövlət Statistika Komitəsinə verilən qiymətin bariz nümunəsidir.
Hazırda Dövlət Statistika Komitəsi sistemi aparatdan, Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən, Bakı Şəhər Statistika İdarəsindən, 71 rayon (şəhər) statistika idarəsindən və Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumdan – Elmi-Tədqiqat və Statistik Innovasiyalar Mərkəzindən ibarətdir.