AZ    EN
logo
“Ümumdünya statistika günü” Azərbaycanda təntənəli şəkildə qeyd ediləcəkdir

Azərbaycan Respublikası “Ümumdünya Statistika Günü”nün qeyd olunmasına xüsusi önəm verərək BMT-nin Baş Assambleyasının qəbul etdiyi qətnaməyə həm-müəllif kimi qoşulmuşdur. Qətnamə və BMT-nin Baş Katibi cənab Pan Gi Munun dünya ölkələrinin başçılarına, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti nəzərə alınaraq “Ümumdünya Statistika Günü”nun qeyd olunması ilə bağlı Azərbaycanda silsilə tədbirlər həyata keçirilir.
Azərbaycan statistikasının tarixi, bu günü və inkişaf perspektivləri, sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq üçün Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə “Daha təkmil statistika - daha yaxşı həyat” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan etmişdir. Qaliblər pul mükafatı və diplomla təltif ediləcəkdir. Bundan əlavə mətbuatda Dövlət Statistika Komitəsinin işçilərinin məqalələrinin nəşri, mətbuat konfransının təşkili nəzərdə tutulmuşdur.
Həyata keçiriləcək tədbirlər çərçivəsində videoçarxın hazırlanması, statistik nəşrlərdən ibarət sərginin, mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Milli Elmlər Akademiyası, ali təhsil müəssisələri, beynəlxalq təşkilatların nümayəndələrinin və rəsmi statistikanın istehsalçı və istehlakçılarının iştirakı ilə təntənəli iclasın keçirilməsi planlaşdırılmışdır.
“Ümumdünya Statistika Günü”nun əhəmiyyəti nəzərə alınaraq, müvafiq tədbirlər ölkə paytaxtı ilə yanaşı, yerli statistika orqanları tərəfindən bütün regionlarda da keçiriləcəkdir.
Tədbirlər barədə ictimaiyyətin vaxtında məlumatlandırılması üçün Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində “Ümumdünya statistika günü” ilə əlaqədar xüsusi bölmə yaradılmış və bu günlə əlaqədar materialların həmin bölmədə yerləşdirilməsi nəzərdə tutulmuşdur.
Bununla yanaşı, statistika elminin nailiyyətlərinin, iqtisadi-statistik təhlillərin, mühüm statistik göstəricilərin və onların hesablanma metodologiyalarının, statistikaya dair beynəlxalq aləmdə baş verən yeniliklərin geniş ictimaiyyətə çatdırılması məqsədilə təsis edilmiş “Statistika xəbərləri” elmi-praktiki jurnalının ilk nömrəsinin “Ümumdünya statistika günü”ndə prezentasiyası nəzərdə tutulmuşdur.

“Ümumdünya Statistika Günü”nu ilə əlaqədar Dövlət Statistika Komitəsi işçilərinin mətbuatda nəşr olunmuş məqalələri

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnaməsi ilə 2015-ci il oktyabrın 20-si “Daha təkmil statistika daha yaxşı həyat" şüarı altında Ümumdünya Statistika Günü elan edilmişdir. Xatırladaq ki, BMT Statistika Komissiyasının yarandığı 1947-ci ildən sonra Statistika Günü ilk dəfə 2010-cu ildə qeyd olunmuşdur. Əlamətdar haldır ki, bu qətnaməyə Azərbaycan da həmmüəllif kimi qoşulmuşdur.

Bu günün qeyd olunmasında əsas məqsəd müasir qloballaşma dövründə statistikanın rolunu və əhəmiyyətini bütün rəsmi statistika istehsalçılarına, statistik məlumat istifadəçiləri də daxil olmaqla, vətəndaş cəmiyyətlərinə çatdırmaqdan ibarətdir.

BMT Baş Assambleyasının qətnaməsində 2015-ci ilin 20 oktyabrının ikinci dəfə Ümumdünya Statistika Günü kimi qeyd olunmasının əhəmiyyəti vurğulanaraq bütün üzv ölkələr, BMT sisteminə daxil olan və digər beynəlxalq və regional təşkilatlar, habelə vətəndaş cəmiyyətləri, qeyri-hökumət təşkilatları, tədqiqat institutları, media və bütün rəsmi statistika istehsalçıları və istifadəçiləri bu günü qeyd etməyə dəvət edilmişlər.

Qətnamə qəbul edildikdən sonra BMT-nin Baş katibi Pan Gi Mun dünya ölkələrinin başçılarına, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 2015-ci il 19 avqust tarixli məktubla müraciət edərək Ümumdünya Statistika Gününün qeyd olunmasının dəstəklənməsini xahiş etmişdir. Baş katib məktubda statistikanın vacibliyini, milli statistika potensialının fundamental əhəmiyyət daşıdığını, etibarlı statistikanın milli, regional və beynəlxalq səviyyədə siyasətin formalaşdırılması və monitorinqi üçün əvəzolunmaz əsas olduğunu vurğulamışdır.

Ölkəmizdə Ümumdünya Statistika Gününün qeyd olunması ilə bağlı geniş tədbirlər planı hazırlanmış və onun icrası təmin edilmişdir. Azərbaycan statistikasının tarixi, bu günü və inkişaf perspektivləri, sosialiqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq üçün Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə "Daha təkmil statistika - daha yaxşı həyat" mövzusunda müsabiqə elan etmişdir. Müsabiqəyə 35 yazı ilə qatılmış 23 KİV nümayəndələrindən müəyyən olunan qaliblər mükafatlandırılmışlar. Əlamətdar günlə bağlı çoxsaylı KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı da keçirilmiş, rəsmi statistikanın mövcud vəziyyəti və perspektiv inkişafı ilə bağlı ətraflı müzakirələr aparılmışdır. Bu gün isə mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin, Milli Məclisin deputatlarının, KİV nümayəndələrinin iştirakı ilə təntənəli iclasın keçirilməsi, statistik nəşrlərdən ibarət sərginin təşkili nəzərdə tutulmuşdur. Ümumdünya Statistika Günü ilə bağlı tədbirlər yerli statistika orqanları tərəfindən bütün regionlarda da keçirilmişdir. Tədbirlər barədə ictimaiyyətin vaxtında məlumatlandırılması üçün Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində “Ümumdünya statistika günü" ilə əlaqədar xüsusi bölmə yaradılmış və bu günlə əlaqədar materiallar həmin bölmədə yerləşdirilmişdir. Azərbaycanda statistika elminin inkişafına töhfə vermək, statistika elminin nailiyyətlərini, ölkə və dünya iqtisadiyyatında müşahidə olunan hadisə və proseslərin statistik təhlilini, mühüm statistik göstəriciləri və onların hesablanma metodologiyalarını, statistikaya dair beynəlxalq aləmdə baş verən yenilikləri geniş ictimaiyyətə çatdırmaq məqsədilə təsis edilmiş “Statistika xəbərləri" elmi-praktiki jurnalının ilk nömrəsi də Ümumdünya Statistika Günündə işıq üzü görmüşdür.

Çox xoş təsadüfdür ki, BMT Baş Assambleyası tərəfindən Ümumdünya Statistika Gününün qeyd olunması üçün seçilmiş illər Azərbaycanda statistikanın yaradılmasının yubiley illəri ilə üst-üstə düşür. 2015-ci ildə Azərbaycanda rəsmi statistikanın yaradılmasının 95 yaşı tamam olur. Belə ki, 1920-ci ildə Azərbaycanda rəsmi statistikanın yaradılması ilə bağlı silsilə qərarlar qəbul edilmişdir. Əvvəlcə 1920-ci il iyul ayının 8-də Azərbaycan İnqilab Komitəsi tərəfindən statistikanın müvəqqəti kollegiyası haqqında əsasnamə təsdiq edilmişdir. Daha sonra, Azərbaycan SSR İnqilab Şurasının 9 avqust 1920-ci il tarixli dekretinə uyğun olaraq, 15 bölmədən ibarət Mərkəzi Statistika İdarəsi yaradılmışdır. Beləliklə, biz hər beş ildən bir ölkəmizdə Ümumdünya Statistika Gününü qeyd etməklə yanaşı, həm də Azərbaycanda rəsmi statistikanın yaranmasının yubiley illərini, başqa sözlə, peşə bayramımızı qeyd edirik.

Azərbaycan statistika sistemindən söz düşmüşkən onu da bildirək ki, uzun inkişaf yolu keçmiş bu qurum bütün dövrlərdə öz işini hökumət tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə yönəltmişdir. Sovet hakimiyyəti illərində bu, əsasən dövlət planlarının yerinə yetirilməsindən, statistik məlumatların yığılması, işlənməsi və vaxtında respublikanın rəhbər orqanlarına, eləcə də SSRİ Mərkəzi Statistika İdarəsinə təqdim edilməsindən ibarət olmuşdur. Mərkəzi Statistika İdarəsi nazirlik və baş idarələrdə, onların yerli orqanlarında uçotun qurulmasının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirir, daxili hesabatları yoxlayır, hesabatların vaxtında və düzgün təqdim edilməsinə nəzarət edirdi ki, bu da son nəticədə hesabat intizamının möhkəmləndirilməsinə müsbət təsir göstərirdi.

Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçildiyi gündən gündəlik qayğı və diqqət nəticəsində istər respublikada, istərsə də keçmiş İttifaq səviyyəsində Azərbaycan statistikasının nüfuzu getdikcə artmışdır. Buna əyani misal olaraq, ulu öndərin rəhbərliyi dövründə Azərbaycan Mərkəzi Statistika İdarəsinin mütəxəssislərinin SSRİ Mərkəzi Statistika İdarəsi tərəfindən Mali, Konqo və Kubaya rəsmi statistikanın yaradılması üçün ezam edilmələrini göstərmək olar. Ümummilli liderin rəhbərliyi dövründə bütün mötəbər iclaslarda, həmçinin ayrı-ayrı nazirliklərin, digər mərkəzi icra hakimiyyəti orqanlarının, rayon və şəhər rəhbərlərinin fəaliyyətləri müzakirə edilən bütün tədbirlərdə Mərkəzi Statistika İdarəsinin məlumatlarına xüsusi önəm verilirdi ki, bu da statistikanın rolunun və əhəmiyyətinin artmasına öz müsbət təsirini göstərirdi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə milli kadrların yetişdirilməsi sahəsində uzaqgörənliklə həyata keçirdiyi kadr siyasəti statistika sistemini də əhatə etmişdir. Bu dövrdə gənc milli kadrların statistika orqanlarında rəhbər vəzifələrə təyin olunması kütləvi xarakter almışdır. 1972-ci ildə isə Dövlət Statistika Komitəsinin yeni, müasir tələblərə cavab verən inzibati binası tikilib istifadəyə verilmiş, onun maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilmişdir. Regionlarda da işçilərin iş şəraiti yaxşılaşdırılmışdır. Respublika rəhbərliyinin göstərişi ilə bir çox rayon və şəhər statistika idarələri üçün yeni inzibati binalar tikilmişdir. Bu qayğıya öz işləri ilə cavab verən Azərbaycan statistikləri əldə etdikləri nailiyyətlərə görə həm keçmiş SSRİ, həm də respublika daxilində müxtəlif nazirlik və komitələrin hesablama mərkəzləri arasında dəfələrlə ali mükafatlara təltif edilmişlər.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də öz diqqət və köməyini statistikadan əsirgəməmişdir. Ulu öndərin həyata keçirdiyi islahatlar çərçivəsində 18 fevral 1994-cü ildə imzalanmış "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu statistika sahəsində yeni bir dövrün başlanmasına təkan vermişdir. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş “Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələbləri nəzərə alınmışdır. Beynəlxalq standartlara cavab verən bu qanunda statistik forma və metodların demokratik prinsiplərə uyğunlaşdırılması rəhbər tutularaq rəsmi statistika sisteminin təşkili, səlahiyyət və vəzifələri, kadr təminatı və işçilərin sosial müdafiəsi ilə bağlı digər məsələlər tənzimlənmiş və beləliklə, milli statistikanın hüquqi əsasları yaradılmışdır. Bundan başqa, həmin dövrdə dövlət statistika sistemində islahatların aparılmasına dair ardıcıl olaraq iki beşillik dövlət proqramları icra edilmişdir. Nəticədə milli statistikanın beynəlxalq statistik standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın ölkədə həyata keçirilən islahatlara uyğun olaraq təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Bu gün biz öz işimizi beynəlxalq standartlara uyğunlaşdırırıq. Ümumiyyətlə, müstəqillik dövründə bazar iqtisadiyyatının tələblərinə cavab verən statistikanın yeni sahələri - qiymət, milli hesablar, xarici ticarət, turizm statistikası və s. yaradılmışdır. Odur ki, beynəlxalq standartlara cavab verən metodoloji materialların hazırlanmasına xüsusi diqqət yetirilmiş, 600-dən çox metodoloji xarakterli material hazırlanmışdır. Respondentlərə düşən hesabat yükünün azaldılması da diqqət mərkəzindədir. Əgər 1992-ci ildə statistika orqanları tərəfindən 877 hesabat toplanırdısa, bu gün onların sayı məzmunca daha zəngin olmaqla 261-ə bərabərdir. Bu hesabatlar əsasında 30-a yaxın məcmuə buraxılır və istifadəçilərə çatdırılır.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi xarici ticarət statistikasının yaradılmasını şərtləndirmiş, valyuta vəsaitlərinin hərəkəti, ixrac və idxal məhsullarının fiziki həcmi, ölkəmizin əsas ticarət tərəfdaşları haqqında məlumatları əldə etməyə imkan vermişdir. Ölkədə xarici ticarət statistikası dünyada qəbul olunmuş qaydada - gömrük bəyannaməsi məlumatları əsasında qurulmuşdur.

Statistika təcrübəsində öz miqyasına görə mürəkkəb və xüsusilə irihəcmli iş sayılan siyahıyaalmalardan da geniş istifadə edilmişdir. 1990-cı ildən keçən dövr ərzində 1999-cu və 2009-cu illərdə əhalinin, 2004-cü ildə başa çatdırılmamış istehsal və qeyri-istehsal təyinatlı tikililərin və turizm obyektlərinin, 2005- ci və 2015-ci illərdə kənd təsərrüfatının, 2006-cı ildə elmi təşkilatların, 2007-ci və 2015-ci illərdə fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmaları keçirilmiş və əldə olunmuş məlumatlardan ölkənin social-iqtisadi inkişafının, demoqrafik proseslərin proqnozlaşdırılmasmda geniş istifadə edilmişdir.

Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilən və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması problemlərinin həllində böyük əhəmiyyət kəsb edən işlərdən biri də Statistik Vahidlərin Dövlət Registrinin yaradılması olmuşdur. Həmçinin statistik müşahidələrin seçmə formada aparılmasına keçidin metodoloji təminatı üzrə xeyli işlər görülmüşdür. Beynəlxalq təşkilatların və bir sıra Avropa ölkələrinin statistika xidmətləri ilə birlikdə milli hesablar, sənaye, nəqliyyat, tikinti, əmək, kənd təsərrüfatı, ticarət, xarici ticarət, turizm, əhali miqrasiyası, qiymət, demoqrafiya və sosial statistika sahələri üzrə seçmə müayinələr keçirilmişdir. Son illər seçmə statistika müayinələrinin əhatə dairəsi də genişlənərək əsas müşahidə üsuluna çevrilmişdir.

Müstəqillik dövründə əldə olunan nailiyyətlər 2010-cu ildə Avrostat, Avropa Azad Ticarət Assosiasiyası (AATA) və BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Avropa İttifaqının, BMT-nin Uşaq Fondunun (UNİCEF), Dünya Bankının Azərbaycanda olan mütəxəssisləri, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, 18 nazirlik, komitə və bankın, 5 kütləvi informasiya vasitəsinin, 4 yerli statistika orqanının nümayəndələri və Statistika Şurasının üzvləri də cəlb edilməklə həyata keçirilmiş milli statistika sisteminin ilk Qlobal Qiymətləndirilməsinin yekunlarında öz əksini tapmışdır. Təbii ki, bütün bunlar statistikaya inamın artmasına səbəb olmuşdur.

Amma bu inamın artmasının əsas səbəbi Prezident İlham Əliyevin ölkə statistikasının inkişafını daim diqqətdə saxlamasıdır. Cənab İlham Əliyevin rəsmi statistikanın inkişafı ilə bağlı təsdiq etdiyi iki dövlət proqramı fəaliyyətimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratmışdır. Beynəlxalq əlaqələr genişlənmiş, 13 ölkənin statistika orqanları ilə əməkdaşlığa dair sazişlər imzalanmışdır. Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Statistika Komitəsi BMT-nin Statistika şöbəsi, Avropa İqtisadi Komissiyası, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, UNESCO, UNİCEF, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa Statistika Bürosu, MDB Dövlətlərarası Statistika Komitəsi, Qara Dəniz Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarla və dünyanın 43 ölkəsinin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır. Hazırda Dövlət Statistika Komitəsinin mütəxəssisləri statistika sahəsində 9 beynəlxalq işçi və ekspert qrupunda təmsil olunurlar. Təkcə bir faktı qeyd edək: 2013-cü ildə MDB ölkələrinin statistika orqanları arasında Dövlət Statistika Komitəsi sertifikatlaşdırma sahəsində dünya liderlərindən olan “Bureau Veritas" şirkətinin İSO 9001:2008 sertifikatını almış 2-ci, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları arasında isə 1-ci təşkilat olmuşdur.

Son illər yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazalarının təkmilləşdirilməsi məqsədilə 25 rayon və şəhər statistika idarəsi üçün inzibati binalar tikilmişdir ki, bu da ölkə rəhbərliyinin statistika əməkdaşlarına diqqətinin bariz nümunəsidir. Statistiklərin əməyi də yüksək qiymətləndirilir. Təkcə son vaxtlar fəaliyyətlərində fərqləndiklərinə görə 1 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə" ordeni, 3 nəfər “Tərəqqi", 18 nəfər “Dövlət Qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur. Ümumdünya Statistika Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2015-ci il tarixli sərəncamı ilə daha 22 əməkdaşımız yüksək dövlət mükafatları - orden və medallarla təltif edilmişlər. Ölkə başçısının bu sahəyə növbəti yüksək diqqət və qayğısı bizim üzərimizə böyük məsuliyyət qoymuşdur. Çalışacağıq ki, gələcəkdə də Prezidentin etimadını fəaliyyətimizlə doğruldaq.

Gələcəkdə isə ölkə statistika sisteminin qarşısında mühüm vəzifələr durur. Bu vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə rəsmi statistikanın inkişafı Dövlət Proqramı"ndan, “Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn məsələlərin icrasından ibarətdir. Statistika sisteminin strukturunun təkmilləşdirilməsi, müasir tələblərə cavab verən səviyyəyə çatdırılması, elektron statistikanın inkişaf etdirilməsi, elektron xidmətlərin sayının artırılması, kağızsız texnologiyaların daha geniş tətbiqi fəaliyyətimizin prioritet istiqamətlərini təşkil edəcək.
Tahir BUDAQOV,
Dövlət Statistika Komitəsinin sədri
Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizmdə Azərbaycanın rəqabət imkanları genişdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib.

Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Görülən tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur.

Azərbaycan turizm bazarının formalaşması və inkişaf tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən illər ərzində dövlətin hərtərəfli dəstəyi nəticəsində Azərbaycanın turizm sənayesi yeni inkişaf yoluna qədəm qoyub.

Ölkəmizin coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi, böyük dövlət dəstəyinin olması, infrastrukturun təkmilləşdirilməsi turizm sahəsinin inkişafını şərtləndirən amillərdəndir. 2011-ci ilin “Turizm ili” elan olunması da bu sahənin inkişaf etdirilməsində, yeni layihələrin həyata keçirilməsində əhəmiyyətli addım olmuşdur.

Ölkə turizminin inkişaf etdiyi indiki dövrdə artıq Bakıda, Gəncədə, Naxçıvanda, habelə ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərir və onların sayı durmadan artır. Belə ki, 2012-ci ildə Bakıda keçirilən “Avrovision” beynəlxalq musiqi yarışması zamanı Azərbaycana gələn on minlərlə turistin otellərdə yerləşdirilməsi və onların ölkəmizlə tanışlığı yüksək səviyyədə oldu. I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizə yüz minlərlə turistin gəlişi və onların qarşılanması, yerləşdirilməsi üçün paytaxtımızda və ətraf rayonlarda onlarca otel tikilib istifadəyə verildi. Azərbaycanın regionlarında zəngin təbiət resursları, meşələrin çoxluğu, dağ landşaftının geniş yayılması ekoturizmin inkişaf etdirilməsi üçün də imkanlar yaradır. Eyni zamanda, respublikamızda bir sıra digər idman növlərinin inkişafı göz önündədir. İdmanın inkişafı onun turizmlə vəhdət təşkil edən yeni bir turizm növünün - idman turizminin yaranması və inkişafına əhəmiyyətli təsir göstərir. Ölkədə turizm növlərinin çoxluğu, bunun geniş inkişaf perspektivləri Azərbaycan turizm bazarının rəqabət imkanlarını daha da artırır.

Onu da deyək ki, son illərədək Azərbaycan vətəndaşları qış mövsümündə turizm məqsədilə digər ölkələrə üz tuturdular. Lakin artıq respublikamızda iki qış turizm müəssisəsi- Qusardakı “Şahdağ” Yay-Qış İstirahət Kompleksi və Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında açılışı olan “Tufan” Dağ-Xizək Mərkəzi fəaliyyət göstərir. Bu iri komplekslərin inşası göstərir ki, Azərbaycanda yay turizminə alternativ turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir.

Turizmin inkişafı ölkələr arasında iqtisadi-mədəni əlaqələrin genişlənməsinə səbəb olur. Gediş-gəliş qaydalarının sadələşdirilməsi, bir sıra hallarda isə bu sahədə inzibati nəzarətin aradan qaldırılması beynəlxalq turist axınlarının əhəmiyyətli dərəcədə artmasına təsir etmişdir. Odur ki, səyahət axınlarına dair məlumatlara tələbatın yaranması, turizm infrastrukturunun mövcud vəziyyətinin öyrənilməsi və inkişaf planlarının tərtib edilməsi bu sahədə statistik uçotun aparılması zərurətinı gündəmə gətirmişdir.

Bu tələbdən çıxış edərək Dövlət Statistika Komitəsində Ümumdünya Turizm Təşkilatının (ÜTT) tövsiyələri və BMT Statistika Komissiyasının qərarları nəzərə alınmaqla turizm statistikasının dünya standartlarına uyğunluğunun təmin edilməsi məqsədilə turizmin bütün sahələrini əhatə edən statistika sisteminin yaradılması və təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq işlər həyata keçirilmişdir.

Turizm sahəsində statistik uçotun təşkil edilməsinə ölkə rəhbərliyi daim xüsusi diqqət yetirmiş və bir sıra dövlət proqramlarında bu sahədə statistik müşahidənin aparılmasına dair bəndlər öz əksini tapmışdır. Prezident İlham Əliyevin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkəmizdə turizm sahəsində statistik uçotun aparılmasında müasir üsulların tətbiqinə geniş imkan yaratmışdır. Proqramda turizm sahəsi üzrə statistik məlumatların toplanması sisteminin və metodologiyasının beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə BMT-nin Statistika şöbəsi və Ümumdünya Turizm Təşkilatı tərəfindən hazırlanan “Turizm statistikasına dair beynəlxalq tövsiyələr, 2008-ci il” sənədi nəzərə alınmaqla “Turizmin növləri, turistlərin yerləşdirilməsi və xərclərinin təsnifləşdirilməsinə dair metodoloji izahlar”, “Ölkə sərhədini keçən Azərbaycan və xarici ölkə vətəndaşlarının sorğusuna dair” sorğu anketi və formanın doldurulmasına aid tövsiyələr hazırlanmışdır.

Gəlmə və getmə turizminə dair statistik məlumatların əldə edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrində ölkə vətəndaşları və əcnəbi vətəndaşlar arasında sorğu aparılmış, ölkəmizə gələn xarici turistlərin sayı, turizm məqsədli xərclərin həcmi, gecələmələrin sayı, turistlərin yaş qrupları, səfərlərin məqsədləri üzrə sayı, istifadə edilən yerləşmə vasitələri və nəqliyyat növləri haqqında məlumatlar əldə edilmişdir. Sorğunun nəticələrinə əsasən, 2014-cü ildə ölkəmizə 2,2 milyon nəfər əcnəbi turist gəlmiş və onların turizm məqsədilə çəkdikləri xərclərin həcmi 1,3 milyard manat olmuşdur. Həmin il ərzində xarici turistlərin ölkəmizdə qalma müddəti 11 milyon tur-gün təşkil etmişdir. Xarici ölkələrə 3,3 milyon nəfər azərbaycanlı turist getmiş və onların turizm məqsədilə çəkdikləri xərclərin həcmi 1,9 milyard manata yaxın olmuşdur.

Daxili turizmə dair statistik məlumatların əldə edilməsi məqsədilə isə ev təsərrüfatlarında seçmə statistika müşahidələri aparılmışdır. Müəyyən edilmişdir ki, daxili turizmin ölkə iqtisadiyyatına müsbət təsiri gəlmə turizmlə müqayisədə daha yüksəkdir. 2013-cü ildə 17,4 milyon ölkədaxili turizm səfəri olmuşdur. Ölkə turistləri tərəfindən 88,4 milyon gecələmə keçirilmiş və turizm məqsədilə çəkilən xərclərin həcmi 1,9 milyard manata çatmışdır.

Ölkədə sahibkarlıq fəaliyyəti sahəsində əlverişli iqtisadi-hüquqi bazanın yaradılması turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana sisteminin inkişafına da əsaslı təsir göstərmişdir. Son 10 il ərzində ölkədə fəaliyyət göstərən mehmanxanaların sayı 5,6 dəfə artaraq 535 vahid, onlarda yaşayış sahəsi 4,6 dəfə artaraq 522 min kvadratmetr, nömrələrin (otaqların) sayı 3,4 dəfə artaraq 17,4 min vahid, birdəfəlik tutum isə 3,7 dəfə artaraq 35,7 min yer olmuşdur.

Qeyd edildiyi kimi, Azərbaycanın bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi, qədim tarixi-mədəni abidələrə, zəngin mədəniyyətə, cəlbedici təbiətə malik olması, ölkədə beynəlxalq standartlara uyğun turizm infrastrukturunun yaradılması, müasir tələblərə cavab verən xidmətlərin göstərilməsi bu müəssisələrdə qalan turistlərin sayının artması ilə nəticələnir. Belə ki, 2003-cü ildə mehmanxanalarda 146,2 min nəfər turist gecələmişdirsə, 2014-cü ildə onların sayı 4,6 dəfə artaraq 672,3 min nəfərə çatmışdır. Mehmanxana xidmətlərindən istifadə edən əcnəbi turistlərin sayı 2003-cü ilin səviyyəsini 5,1 dəfə üstələyərək 392,8 min nəfər təşkil etmişdir.

Ölkə iqtisadiyyatında turizmin rolunun müəyyənləşdirilməsi məqsədilə hesablanmış makroiqtisadi göstəricilərə əsasən, 2014-cü ildə turizm sektorunda 2,4 milyard manata qədər əlavə dəyər yaranmışdir ki, bu da ÜDM-in 4,1 faizini təşkil etmişdir. Turizm sahəsinə qoyulmuş investisiyaların həcmi 2,2 milyard manat və ya ümumi investisiyaların 12,5 faizi həcmində olmuşdur. Turizm üçün xarakterik olan sahələrdə muzdla işləyənlərin sayı 42 min nəfərə çatmışdır.

Daxili turizmə dair statistik məlumatların əldə edilməsi məqsədilə “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”na əsasən, 2016-cı ildə ölkə daxilində turizm səfərləri ilə əlaqədar xərclər, gecələmələr, turistlərin səfərlərin məqsədi və yaş qrupları üzrə sayı, səfər edilən regionlar və s. haqqında məlumatların əldə edilməsi üçün ev təsərrüfatlarında seçmə statistika müşahidəsinin aparılması gözlənilir.

Azərbaycanda turizmin inkişafı və onun sabahı üçün daha böyük perspektivlərin olması ölkə statistikası qarşısında da mühüm vəzifələr qoyur. Gələcəkdə turizm statistikasının daha da təkmilləşdirilməsi məqsədilə satellit (köməkçi) hesablar sisteminin tətbiqi nəzərdə tutulmuşdur. Bu metodun köməyi ilə tərtib olunan cədvəllərdə məhsul (xidmət) növləri və ziyarətçi kateqoriyaları üzrə daxili turizm, gəlmə turizm, getmə turizm xərcləri, turizm sektorunda məşğulluq, yaradılmış əlavə dəyər, investisiyalar, əsas kapitalın istehlakı və s. haqqında məlumatların daha ətraflı əks olunması müvafiq statistik göstəricilərin beynəlxalq müqayisəliliyinin təmin edilməsinə və turizm sektorunda mövcud vəziyyətin ətraflı təhlil olunmasına imkan verəcək.

Aida İBRAHİMOVA,
Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsi
Ticarət və turizm statistikası
şöbəsinin müdiri
Son illər Dövlət Statistika Komitəsinin qarşısında duran ən mühüm və həlli vacib məsələlərdən biri beynəlxalq keyfiyyət standartlarının qısa müddət ərzində öyrənilməsi, təhlili və tətbiqi olmuşdur. Statistik istehsalın bütün mərhələlərini əhatə edən bu standartlar artıq onilliklər ərzində beynəlxalq səviyyədə tətbiq olunur və ölkələrin statistika təşkilatları tərəfindən öz işlərinin səmərəli təşkilində istifadə edilir. Yerli qanunvericiliyin tələbləri nəzərə alınmaqla bu standartların əsası qorunmaq şərtilə milli versiyaları yaradılır və beynəlxalq standart məlumat mübadiləsinin ana xəttini təşkil edir. Artıq beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən və tətbiqi tövsiyə edilən beynəlxalq keyfiyyət standartlarından istifadə Dövlət Statistika Komitəsinə beynəlxalq səviyyədə qəbul edilən keyfiyyətin idarə edilməsi sisteminin bir üzvü olmaq, ölkəni lazımınca tanıtmaq və statistik məlumat mübadiləsi sisteminin bir halqasına çevrilmək imkanı yaradırdı.

2010-cu ildən başlayaraq Dövlət Statistika Komitəsi mütəşəkkil şəkildə keyfiyyətin idarə edilməsi sisteminin öyrənilməsinə və öz işində keyfiyyət standartlarının tətbiqi imkanlarının qiymətləndirilməsinə qərar verdi. Bu fəaliyyət çərçivəsində keyfiyyətə dair ümumi standartların qəbulu, sənədlərin və proseslərin standartlaşdırılması, metaməlumatların öyrənilməsi və tətbiqi həyata keçirilməyə başladı. 24 fevral 2010-cu ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin tətbiqini ehtiva edən tədbirlər planı qəbul edildi. Standartlaşdırma üzrə beynəlxalq təşkilat tərəfindən hazırlanmaqla məhsul buraxılışında iştirak edən bütün proseslərin idarə edilməsinin beynəlxalq səviyyədə qəbul edilmiş qaydalarını müəyyənləşdirən İSO 9001-2008 “Keyfiyyətin idarə edilməsi sistemi” beynəlxalq standartının tətbiqi statistika orqanları tərəfindən qanunvericiliyin və istehlakçıların tələblərinə uyğun məhsul istehsalı bacarığının nümayiş etdirilməsi, həmçinin sistemin səmərəli tətbiqi nəticəsində istehlakçıların artan tələbatının daha dolğun ödənilməsi məqsədi daşıyır. Standartın tələblərinə uyğun olaraq işlərin qurulması təşkilatların rəqabət aparma imkanının yüksəldilməsinə, idarəçilik xərclərinin azaldılmasına, buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsinə və təşkilatların inamının qazanılmasına imkan verir. Tədbirlər planı çərçivəsində 2010-2012-ci illər ərzində keyfiyyətin idarə edilməsi sisteminin gələcəkdə bünövrəsi sayıla biləcək bir sıra sənədlər, metodoloji materiallar hazırlanaraq tətbiqinə başlanıldı.

Keyfiyyətin idarə edilməsi sahəsində mövcud fəaliyyəti əlaqələndirmək üçün “Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi və metaməlumatlar sisteminin yaradılmasına dair 2012-2013-cü illər üzrə fəaliyyət planı” təsdiq edilərək yola davam edildi. Fəaliyyət planı rəsmi statistika sistemində keyfiyyətin idarə edilməsi sistemi çərçivəsində statistika proseslərinin təşkili, məlumatların keyfiyyətinin təmin olunması məqsədilə ümumi qayda və standartların müəyyənləşdirilməsi və onların tətbiqi, sənədləşdirmənin keyfiyyətin idarə edilməsi sistemi standartları çərçivəsində həyata keçirilməsi, statistik hesabat formalarına, göstəricilərə və statistika proseslərinə dair metaməlumatlar sisteminin standartlarının müəyyənləşdirilməsi, hesabat məlumatlarının əlaqələndirilməsi, riyazi və məntiqi nəzarətlərin təşkilinə dair kompleks məsələ qoyuluşunun işlənməsi, müvafiq proqram təminatlarının hazırlanması, metaməlumatlar sisteminin tətbiqi və statistik informasiya sistemi üçün statistik hesabat formaları və göstəricilər üzrə metaməlumatlar sisteminə dair nümunələrin, internet strukturun hazırlanması, məlumatların internet informasiya bazasına daxil edilməsi və veb səhifədə yerləşdirilməsi, yekun çıxış cədvəllərinin, məcmuə və bülletenlərin məlumat bazalarına inteqrasiyası və həyata keçirilmiş işlərin icrasına nəzarət etmək məqsədi ilə daxili auditlərin təşkili məsələlərini əhatə edirdi.

Bildiyimiz kimi statistik məlumatların hazırlanması prosesi, o cümlədən məlumatların hazırlanmasında tətbiq olunan texnologiyalar, metod və üsullar, standartlar, iqtisadi və sosial təsnifatlar, metaməlumatlar və s. məsələlər müasir istifadəçidə geniş maraq doğurur. Dünyanın qabaqcıl ölkələrinin statistika təşkilatları istifadəçilərin bu mövzuda tələb və maraqlarına diqqətlə yanaşır, onların gələcəkdə daha da artacağını bilir və öz fəaliyyətlərinin planlaşdırılmasında yeni çağırışları vaxtında nəzərə alırlar. Çağırışların nəzərə alınması dedikdə, yalnız bu tip sorğulara hazır olmaq deyil, həmçinin prosesin və sistemin mütəşəkkil təşkili və davamlı şəkildə səmərəli aparılması başa düşülür. Məsələyə diqqətlə yanaşdıqda, bu işin təşkilinin istifadəçilərlə müqayisədə statistika orqanlarının özlərinə daha çox lazım olduğunu müəyyən etmək elə də çətin deyildir. Metaməlumatlar ifadəsi ölkə təcrübəsində yeni olduğuna görə bir sıra hallarda istifadəçilər metaməlumatları metodologiya kimi qəbul edir və yaxud bu ifadəni daha az, ehtiyatla işlədirdilər. Bu səbəbdən metaməlumat anlayışının daha aydın, ətraflı açıqlanmasına və təşviq edilməsinə ehtiyac duyulurdu. Sadə mənada statistik metaməlumat statistik məlumat haqqında məlumatdır. Bu, statistikada istehsal olunan son məhsullara (məlumatlara) aid olunur və istifadəçilər üçün nəzərdə tutulur. Metaməlumatlar statistik məlumatların izahlı təqdimatını yaxşılaşdırdığı üçün, istifadəçi maraqlandığı informasiyanın tərifi, mənbəyi, əlaqə, toplanma metodu, dövriliyi, ölçü vahidi və s. haqqında daha ətraflı məlumat əldə edə bilir. Eyni zamanda bu yolla statistika orqanları istifadəçilərin inamını qazanırlar. Statistik metaməlumatlar sisteminin yaradılmasının ən üstün xüsusiyyətləri ondan ibarətdir ki, fəaliyyətlər sistemləşdirilir və sənədləşdirilir, iş insan resurslarının fərdi xüsusiyyətləri ilə deyil, sistem üzərində qurulur. Belə olduqda sistem dayanmadan müvəffəqiyyətlə işləyir, təşkilat daha dayanıqlı olur, bilik itkisi riski azalır. Bundan başqa, hər hansı müşahidə təşkil olunarkən kadrların təcrübəsizliyi səbəbindən buraxıla bilən (nəzərdən qaçan) proses, yarana biləcək xətalar minimuma endirilir və təbii ki, son nəticədə məlumatların keyfiyyəti yüksəlir. Metaməlumatların köməyi ilə təşkilatın rəhbəri statistik informasiya sistemində statistik prosesləri tam görür və ona nəzarət edir, mütəxəssislərin fəaliyyətini tam izləyir, idarə edir və daha düzgün qərarları qəbul edir. Məsələn, o, hər hansı statistik məlumatın hazırlanmasında iştirak edən mütəxəssislər, onların statistik istehsalın hansı mərhələsində nəyə cavabdeh olduğunu, hansı prosesin icra olunmadığını və s. məsələləri müşahidə etməklə təşkilatın daha səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar əldə edir və nəticədə düzgün strateji idarəetməyə nail olur. Bir sıra hallarda istifadəçilər məlumatdan daha çox onun formalaşması xüsusiyyətlərinə diqqət yetirirlər. İstifadə etdikləri məlumatların keyfiyyətinə tam əmin olmaq üçün “statistik məlumat haqqında məlumat”, yəni metaməlumat əldə etmək istəyirlər. Bunları nəzərə alaraq, Dövlət Statistika Komitəsi uzun müddətli fəaliyyəti sahəsində istehsal prosesləri standartı GSBPM, statistik məlumatlar və metaməlumatlar mübadiləsi standartı SDMX, keyfiyyət məruzələri standartı ESQRS, “Dublin özəyi” adlanan DCMI kimi keyfiyyət alətlərinin, metaməlumat strukturlarının tətbiqinə başladı.

İnternet mühitində informasiya resurslarının istifadə dairəsi baxımından “Dublin özəyi” (DCMI) standartı dünyada ən çox yayılmış universal metaməlumatlar sistemi sayılır. Bu standart beynəlxalq səviyyədə 2000-ci ildən etibarən tətbiq edilməyə başlanılmışdır. Standart əsasən iki versiyada təqdim olunur. Bunlardan birincisi qısa versiyadır və 15 elementdən ibarətdir. Digəri isə genişləndirilmiş versiyadır və 18 elementdən ibarətdir. Hazırda Komitədə bu standartın qısa versiyasından istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər” bu prosesi daha da sürətləndirmişdir. Bu standart, statistik məlumatların istehsalçı və istifadəçilərinin qlobal informasiya şəbəkələrinin resurslarına cüzi məsrəflərlə daxil olmasını asanlaşdırır. “Dublin özəyi” metaməlumat standartı, həmçinin metaməlumatlar kataloqunun yaradılması və mövcud məlumat mənbələrinin qeyd olunmasında da istifadə edilir. Bundan başqa, həm statistik məlumatların, həm də metaməlumatların mübadiləsində beynəlxalq təcrübədə “Statistik məlumatlar və metaməlumatlar mübadiləsi” standartı (SDMX) üstünlük qazanmaqdadır. SDMX standartının yaradılması təşəbbüsü 2001-ci ildə bir neçə beynəlxalq təşkilat (BMT, Avrostat, BVF, İƏİT, Dünya Bankı və s.) tərəfindən irəli sürülmüşdür. BMT-nin Statistika Komissiyası SDMX standartının strukturunu hazırlamışdır. Bu standartda metaməlumatların təsviri və mübadiləsində olduqca səmərəli qəbul edilmiş XML formatından istifadə edilir. SDMX standartı əsasında yayılan metaməlumatı istənilən ölkə öz metaməlumat sisteminə inteqrasiya edə bilər, eləcə də beynəlxalq təşkilatlar ölkə məlumatlarına vahid keçid imkanı qazanırlar. Bu texniki standart milli statistika xidmətinin müxtəlif istehsalçılarının məlumatlarını və metaməlumatlarını birləşdirir və onların beynəlxalq təşkilatların sistemlərinə maneəsiz daxil edilməsini təmin edir. SDMX standartının təşəbbüsünün ən əsas prinsipi onun şəffaflığı və bütün ölkələrin nümayəndələrinin bu işdə iştirakının mümkün olmasıdır. SDMX standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən İSO/TS 17369 nömrəsi ilə qeydiyyata alınmışdır. Bu standartın Komitədə tətbiq edilən versiyası 21 bölmə və 56 altbölmədən ibarət olmaqla DCMI standartından öz genişliyi və əhatəliliyi ilə seçilir. 2010-cu ildə Avropa Statistika Sistemi Keyfiyyət Məruzəsinin Strukturunu (ESQRS) tövsiyə etmişdir. Dövlət Statistika Komitəsi tərəfindən bu struktur əsasında məhsullara və proseslərə dair keyfiyyət məruzələri hazırlanmışdır. Qeyd etmək lazımdır ki, hazırda bütün keyfiyyət məruzələri Avrostatın tövsiyə etdiyi “ESS Standard for Quality Reports (2009)”-un milli versiyası olan “Keyfiyyətin qiymətləndirilməsi üzrə məruzələrə dair standart və tövsiyələr” əsasında hazırlanır. Ümumilikdə 2013-2015-ci illər ərzində 47 statistik məhsul və proses üzrə keyfiyyət məruzəsi hazırlanaraq (onlardan 22-i XLS formatında) Komitənin rəsmi internet səhifəsində yayımlanmışdır.

Statistik istehsal prosesinin standartlaşdırılması məqsədilə Statistik biznes prosesin ümumi modeli (GSBPM) tətbiq edilir. Dövlət Statistika Komitəsində bu modeldən istifadə etməklə statistika fəaliyyətinin bütün mərhələlərinin standartlaşdırılması qərara alınmışdır. Model imkan verir ki, statistika məhsulunun xüsusiyyətindən asılı olaraq, fəaliyyət insan resursları ilə əlaqələndirilsin və sistem müəyyən olunmuş texnoloji marşrut əsasında həyata keçirilsin. Məsələn, istehlak qiymətləri indeksinin istehsalı üçün nəzərdə tutulmuş fəaliyyətlər, o cümlədən göstəriciyə olan tələbatın müəyyənləşdirilməsi, layihələndirmə, istehsal sisteminin yaradılması, məlumatların toplanması, işlənməsi, təhlili, yayılması və qiymətləndirmə prosesi həyata keçirilsin. Bütün bu fəaliyyətlərin nizamlı şəkildə aparılması nəticə etibarilə məlumatların və prosesin keyfiyyətinin artırılmasına xidmət edir.

Keyfiyyətin idarə edilməsi sahəsində mövcud fəaliyyət nəticəsində keyfiyyət standartlarının tələblərinə uyğun olaraq, Dövlət Statistika Komitəsində bütün statistik prosedurlar standartlaşdırıldı, daxili və xarici auditlər həyata keçirildi. Keyfiyyətin mütəmadi qiymətləndirilməsi və istifadəçi məmnunluğunun öyrənilməsi siyasəti aparıldı.

Nəhayət Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin yaradılması sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq 15 avqust 2013-cü il tarixində “Bureau Veritas” şirkəti tərəfindən Dövlət Statistika Komitəsinin “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsindəki idarəetmə fəaliyyətinin İSO 9001:2008 standartlarına uyğunluğu haqqında sertifikat verildi. Dövlət Statistika Komitəsi MDB ölkələrinin statistika orqanları arasında İSO 9001:2008 sertifikatı almış 2-ci, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları arasında 1-ci təşkilat oldu. Fəaliyyətin növbəti fazası yerli statistika orqanlarını əhatə etməkdir. Bu məqsədlə 15 yanvar 2014-cü il tarixində Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhər, Bərdə və Lənkəran rayon statistika idarələrində keyfiyyətin idarə edilməsi sisteminin qurulmasına dair 2014-2015-ci illər üzrə fəaliyyət planı və 30 dekabr 2014-cü il tarixində Ağdam, Ağstafa, Balakən, Qax, Saatlı, Samux və Zaqatala rayon statistika idarələrində keyfiyyətin idarə edilməsi sisteminin qurulmasına dair 2015-2016-cı illər üzrə fəaliyyət planı təsdiq edilmişdir. Fəaliyyətin planlaşdırılmasında, tədbirlər planlarının tərtibində və yerinə yetirilməsində əsas məqsəd müvafiq yerli statistika orqanlarında keyfiyyət standartlarının tətbiqi və müsbət nəticələrin əldə edilməsi, eləcə də məlumatların keyfiyyətinin təmin olunması məqsədilə ümumi qayda və standartların müəyyənləşdirilməsi, onların yerinə yetirilməsinə nəzarətin təşkili və sənədlərin idarə olunması prosesinin keyfiyyətin idarə edilməsi sistemi standartları çərçivəsində həyata keçirilməsidir.

Qeyd olunanlar rəsmi statistika sistemində keyfiyyətin idarə edilməsi sisteminin daha mükəmməl, statistika proseslərində iştirak edən bütün vahidlərin iştirakını nəzərə almaqla kompleks şəkildə tətbiqinə və işlək saxlanmasına imkan verir.

Qasım Əliyev,
Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsi aparatının
Keyfiyyətin idarə olunması və
informasiya texnologiyaları şöbəsinin müdiri
Beynəlxalq səviyyədə müqayisə edilə bilən iqtisadi statistika məlumatlarının hazırlanmasına rəsmi dairələrin marağının yaranmasını ötən əsrin 20-ci illərinin sonuna aid etmək olar.

1929 – 1933–cü illərin Böyük iqtisadi depressiyası dövlət orqanlarının bazar iqtisadiyyatının tənzimlənməsi sahəsində iqtisadi siyasətin həyata keçirilməsi üçün zəruri məlumatların, o cümlədən bazar iqtisadiyyatının əsas göstəricilərindən olan milli gəlirin hesablanmasına tələbatını artırmaqla bu işlərin həyata keçirilməsi üçün əlavə stimul yaratmışdır.

1939-cu ildə “World Economic Survey” jurnalında ilk dəfə Millətlər Liqası tərəfindən 1929–1938–ci illər üçün 26 ölkə üzrə hesablanmış milli gəlir göstəriciləri dərc edilmişdir.

İkinci dünya müharibəsindən sonra beynəlxalq təşkilatların xərclərinin bölüşdürülməsi baxımından ölkələrin milli gəlirləri üzrə müqayisə edilə bilən məlumatlara tələbat yaranmış və bu məsələnin həlli üçün Millətlər Liqası Statistik Ekspertlər Komissiyasının tərkibində Milli gəlir statistikası üzrə xüsusi komitə yaratmışdır.

Qeyd olunan komitənin 1947-ci ildə milli gəlirin və ümumi milli məhsulun hesablanma qaydalarını izah edən məruzəsi dərc edilmişdir. Məruzəyə Con Meyard Keynsin tələbəsi və davamçısı olan, görkəmli ingilis iqtisadçısı Riçard Stounun müasir Milli Hesablar Sisteminin (MHS) konturlarını özündə birləşdirən “Milli gəlirin və əlaqəli toplu göstəricilərin müəyyən edilməsi və hesablanması” (“Definition and measurement of the national income and related totals”) adlı işi əlavə edilmişdir.

Bu sənədlərdə bir neçə əsas makroiqtisadi göstəricilərin (gəlirlər, xərclər, yığım və qənaət) hesablanmasına və onlar arasında qarşılıqlı əlaqənin təsvirinə dair metodoloji tövsiyələr verilmiş, hesabların qurulması sxemləri göstərilmişdir.

BMT–nin ekspertlər qrupunun Nyu–Yorkdakı, iqtisadiyyatın və onun səmərəliliyinin təhlilinə imkan verən iqtisadi hesabların tərtib edilməsi üzrə normativ sistemin işlənməsinə həsr olunmuş müşavirəsinin nəticəsi olaraq, 1953–cü ildə “Milli hesablar və köməkçi cədvəllər” (“A System of National Accounts and Supporting Tables”) adlı yeni məruzə dərc olunmuşdur. MHS–nin ilk versiyası hesab edilən bu sənəddə hesabların qurulması qaydaları 1947-ci ilin məruzəsi ilə müqayisədə daha aydın və izahlı şəkildə göstərilmişdir.

Məruzənin ikinci versiyası BMT və Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən bir sıra əlavə və dəyişikliklər edilməklə 1960–cı ildə, 3–cü versiyası isə BVF–nin “Tədiyyə balansına dair metodoloji vəsait”i ilə uyğunlaşdırılaraq 1964–cü ildə dərc edilmişdir.

1968–ci ildə MHS–nin növbəti versiyası nəşr edilmişdir.

1968–ci ilin Milli Hesablar Sistemi iqtisadi statistikanı əhəmiyyətli dərəcədə genişləndirsə də, burada göstəricilərin sabit qiymətlərlə hesablanması, gəlirlərin bölüşdürülməsi, milli sərvət göstəricilərinin formalaşdırılmasına, aktiv və passivlər balanslarına və s. aid bir sıra həll olunmamış məsələlər də qalmışdır.

Bu məsələlərin həll edilməsi istiqamətində beynəlxalq ekspertlər tərəfindən aparılmış tədqiqatların nəticəsi olaraq MHS–nin yeni, 1993-cü il versiyası işıq üzü görmüşdür.

Müasir Milli Hesablar Sistemi - iqtisadi fəaliyyətin müxtəlif aspektlərini səciyyələndirən makro göstəricilərin hesablanması üçün nəzərdə tutulmuş, iqtisadi nəzəriyyənin prinsiplərinə əsaslanan və beynəlxalq səviyyədə uzlaşdırılmış standart tövsiyələr toplusudur. Bu tövsiyələr iqtisadi fəaliyyətin nəticələrini səciyyələndirən mühüm göstəricilərin iqtisadi təhlil, qərarların qəbul edilməsi və iqtisadi siyasətin hazırlanması üçün tələb edilən formatda hesablanmasını təmin edən beynəlxalq standartdır.

Sistemin əsasını iqtisadiyyatın sektorları üzrə qurulan cari əməliyyatlar və yığım hesabları, təsərrüfat subyektlərinin aktiv və öhdəliklərinin qalıqları haqqında məlumatları birləşdirən aktiv və passivlər balansı təşkil edir.

Sistemin hesabları ölkə iqtisadiyyatının inkişafı haqqında ətraflı məlumatları yığcam formada birləşdirir. Bu hesablarda ölkədə həyata keçirilən mürəkkəb iqtisadi fəaliyyəti, həmçinin müxtəlif iqtisadi subyektlər və onların qrupları arasında əlaqələri səciyyələndirən, o cümlədən istehsal prosesində gəlirlərin yaranması və təsərrüfat subyektləri arasında bölüşdürülməsi, son istehlak və ya yığım üçün istifadəsini, iqtisadi aktivlərinin mövcudluğunu, hərəkətini və s. əks etdirən əhatəli və müfəssəl məlumatlar öz əksini tapır.

MHS-nin əsas məqsədi təhlil əsasında iqtisadiyyatın inkişafının qiymətləndirilməsinə imkan verən makroiqtisadi göstəricilər bazasının yaradılması üçün konseptual əsasın və uçot qaydalarının müəyyən edilməsidir. Bu cür məlumat bazasının mövcudluğu səmərəli iqtisadi siyasətin formalaşdırılması və qərarların qəbul edilməsi üçün əsas şərtlərdəndir.

Milli Hesablar Sisteminin ÜDM və əhalinin hər nəfərinə düşən ÜDM kimi bir sıra mühüm göstəricilərdən analitiklər, siyasətçilər, mətbuat nümayəndələri və ümumilikdə cəmiyyət tərəfindən iqtisadi fəaliyyətin və rifahın ümumiləşdirici indikatorları kimi geniş istifadə edilir.

MHS həmçinin milli hesablar statistikası üzrə beynəlxalq səviyyədə qəbul olunmuş konsepsiyalara, təsnifatlara və anlayışlara cavab verən məlumatların beynəlxalq təşkilatlara təqdim edilməsi üçün əsasdır. Bu məlumatlar ümumi daxili məhsul göstəricisinin, habelə investisiyaların, vergilərin və ya dövlət xərclərinin ÜDM-ə nisbəti kimi göstəricilərin beynəlxalq müqayisələri üçün istifadə edilir. Beləliklə, Milli Hesablar Sisteminin məlumatları ölkənin iqtisadiyyatının inkişaf parametrlərini digər ölkələrlə müqayisəsini mümkün edir.

XX əsrin sonunda Milli Hesablar Sistemi iqtisadiyyatda baş verən sosial–iqtisadi proseslərin təsviri və proqnozlaşdırmasına geniş imkanlar yaradan mühüm makroiqtisadi sistemə çevrilmiş, dünyanın əksər ölkələri öz makroiqtisadi göstəricilər sistemlərini bu sistemin metodoloji tövsiyələrinə uyğunlaşdırmışdır.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında iqtisadiyyatın bazar münasibətlərinə keçidi və ölkədə baş verən mühüm sosial–iqtisadi proseslər statistika sisteminin beynəlxalq standartlara keçməsini və müasir iqtisadi şəraitin daha dürüst və əsaslı təhlilinə imkan verən yeni makroiqtisadi göstəricilər sisteminin yaradılmasını şərtləndirmişdir.

Müstəqilliyin ilk illərindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının dəstəyi ilə planlı iqtisadiyyat dövründə tətbiq edilən Xalq Təsərrüfatı Balansı göstəricilərindən bazar iqtisadiyyatı üçün səciyyəvi olan Milli Hesablar Sisteminə keçid başlanmışdır.

İlkin mərhələdə MHS–nin əsas göstəricilərindən olan ümumi daxili məhsul göstəricisinin hesablanması, 1995-ci ildən etibarən isə MHS-nin digər göstəricilərinin və hesablarının işlənməsi həyata keçirilmişdir.

Qeyd etmək lazımdır ki, ölkədə MHS–nin göstəricilərinin formalaşdırılması üçün əsas məlumat mənbəyi Dövlət Statistika Komitəsində statistikanın ayrı-ayrı sahələri üzrə hazırlanan məlumatlardır. Buna görə də, MHS göstəricilərinin keyfiyyəti statistikanın bütün sahələri üzrə hazırlanan məlumatların təkmilləşdirilməsi və MHS 1993–ün metodologiyasına uyğunlaşdırılması ilə sıx bağlı olmuşdur.

Ölkə iqtisadiyyatında bazar münasibətlərinin inkişafı, statistik göstəricilərinin yığılması və işlənilməsi üsullarının, həmçinin bütövlükdə uçot sisteminin beynəlxalq standartlara yaxınlaşdırılması sayəsində milli hesablar statistikası göstəricilərinin keyfiyyəti də ilbəil təkmilləşmişdir.

ÜDM göstəricisinin əhatəliliyinin təmin edilməsi məqsədilə 1998-ci ildən başlayaraq bu göstəricinin həcmində müşahidə olunmayan iqtisadiyyat üzrə qiymətləndirmələr də nəzərə alınmağa başlanmışdır.

Hazırda Dövlət Statistika Komitəsində Milli Hesablar Sisteminin iqtisadiyyatın sektorları üzrə cari əməliyyatlar və yığım hesabları tərtib edilərək illik dövriliklə dərc edilir.

Milli hesablar sisteminin ölkədə tətbiqinin mühüm mərhələlərindən biri də 2001–ci il üçün 105 məhsul və xidmət qrupu üzrə ehtiyatların yaranması və istifadəsini əks etdirən “xərclər–buraxılış” cədvəllərinin tərtibi olmuşdur.

“Xərclər–buraxılış” cədvəlləri iqtisadiyyatının strukturunun, sahələrarası əlaqələrin və ümumi daxili məhsulun istehsal və istifadəsi strukturunun ətraflı təhlilinin əsasını təşkil edir və beynəlxalq aləmdə qəbul olunmuş praktikaya görə hər 5 ildən bir tərtib edilməlidir. Beləliklə, Azərbaycanda növbəti “xərclər - buraxılış” cədvəlləri 2006–cı və 2011-ci illər üçün tərtib edilmişdir.

Qeyd olunduğu kimi, Milli Hesablar Sistemi istifadəçilərə iqtisadi fəaliyyətin ayrı-ayrı mərhələləri və müxtəlif aspektləri haqqında ətraflı və dolğun məlumatlar təqdim edir. Lakin, Sistemin tələblərinə tam riayət etməklə onun göstəricilərinin hesablanması üçün lazım olan məlumatlar bir qayda olaraq illik dövriliklə mövcud olduğundan bu göstərici və hesablar illik dövr üçün hazırlanır.

MHS-nin illik göstəriciləri dəqiq və əhatəli olmaqla iqtisadiyyatın strukturunu və yaranmış uzunmüddətli tendensiyaları əks etdirir. İllik milli hesabların qısa müddətlərdə baş verən iqtisadi prosesləri izləmək, iqtisadi inkişafın dönüş nöqtələrini vaxtında aşkar edərək operativ qərarlar qəbul etmək, proqnozlar tərtib etmək üçün istifadə imkanları məhduddur.

90-cı illərdə dünyanın ayrı-ayrı ölkələrində və beynəlxalq səviyyədə müşahidə edilən maliyyə böhranları mühüm makroiqtisadi göstəricilər üzrə operativ məlumatların hazırlanması problemini ön plana çəkmişdir. Bu fonda 2000-ci ildə iqtisadi inkişafın əhəmiyyətli indikatorlarından olan rüblük ÜDM göstəricisinə dair məlumatların formalaşdırılması üzrə beynəlxalq tövsiyələr hazırlanmış və dünyada geniş tətbiqinə başlanılmışdır. Rüblük göstərici əhatə və keyfiyyət baxımından illik göstəricidən bir qədər geri qalsa da, istifadəçiləri iqtisadiyyatın cari vəziyyəti haqqında operativ məlumatlarla təmin etmək imkanına malikdir.

2008–ci ildə Beynəlxalq Valyuta Fondunun dəstəyi ilə Dövlət Statistika Komitəsində ÜDM–in rüblük göstəricilərinin dinamika sıraları hazırlanaraq ilk dəfə dərc edilmişdir.

1993-cü ilin Milli Hesablar Sisteminin qəbul edilməsindən keçmiş dövr ərzində dünya ölkələrinin iqtisadiyyatında əhəmiyyətli dəyişikliklər baş vermişdir. Bunlar əsasən istehsal prosesində informasiya və kommunikasiya texnologiyalarının artan rolu, qeyri-maddi aktiv və xidmətlərin əhəmiyyətinin artması, milli iqtisadi sistemlərin qloballaşması və sosial islahatlarla bağlıdır. Bu dəyişikliklər statistik məlumatların formalaşmasına düzəlişlərin edilməsini, təsnifatlara, nəzəri konsepsiyalara yenidən baxılmasını tələb edirdi. Bu məqsədlə BMT-nin Statistika Komissiyası, Dünya Bankı, BVF və digər beynəlxalq təşkilatlar 1993-cü ilin Milli Hesablar Sistemini (MHS-93) xeyli yeniləşdirərək onun MHS-2008 adlandırılan yeni versiyasını hazırlamışlar.

MHS-93-ün 2003-cü ildən başlamış yeniləşdirilməsi prosesində maliyyə aktivlərinin və vəsaitlərinin, sığorta fəaliyyətinin, qeyri-maliyyə aktivlərinin ölçülməsi və milli hesablar sistemində əks etdirilməsi, xüsusi pensiya təminatı proqramları, dövlət sektorunun əməliyyatları, beynəlxalq əməliyyatlar, institusional vahidlər və təsnifatlara dair 44 suala yenidən baxılmışdır.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 2009-cu ildə MHS–2008-dəki yeniliklərin tətbiqi istiqamətində işlərə başlamışdır.

2009–cu ilin aprel ayında Komitədə “2009–2011–ci illərdə Milli hesablar statistikası üzrə göstəricilərin təkmilləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş, bu tədbirlər planının məqsədi yeniləşdirilmiş məlumat mənbələri əsasında MHS–93-ün tətbiqi ilə bağlı çatışmazlıqların aradan qaldırması, MHS-2008-in yeni tövsiyələrinin tətbiqi üçün metodoloji və məlumat bazasının hazırlanması, habelə MHS–nin göstəricilərinin hesablanmasında istifadə olunan baza statistikasının təkmilləşdirilməsi olmuşdur. Bu istiqamətdə işlər 2012-2015-ci illərdə davam etdirilmiş, əsas kapitalın istehlakı, elmi-tədqiqat fəaliyyəti üzrə xidmətlərin, maliyyə vasitəçilərinin şərti hesablanmış xidmətlərinin, sığorta xidmətlərinin göstərilməsi və istifadəsi göstəriciləri, maliyyə hesabının, maliyyə korporasiyaları və dövlət idarəetmə orqanları üzrə sektoral hesabların məlumatları təkmilləşdirilmiş, MHS göstəricilərinin hesablanmasında istifadə edilən baza statistikasının keyfiyyəti yaxşılaşdırılmışdır.

2017-ci ilin sonunadək MHS-2008-in tətbiqi prosesinin tam başa çatdırılması qarşıda duran əsas vəzifələrdən biridir.

Nuru Süleymanov,
Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin
Milli hesablar və
makroiqtisadi göstəricilər statistikası
şöbəsinin müdiri
Dünyada statistik informasiyanın rolu durmadan artmaqdadır. Çünki sosial-iqtisadi proseslərin effektiv idarə edilməsi müfəssəl və keyfiyyətli informasiya bazasının mövcudluğuna əsaslanır. Belə informasiya bazasının formalaşdırılmasında isə müxtəlif sahələrdə aparılan siyahıyaalmalar və müayinələr mühüm rol oynayır. İqtisadiyyatın əsas sahələrindən biri olan aqrar sahə üzrə informasiya bazasının yaradılmasını, kənd təsərrüfatında baş verən proseslər haqqında aktual məlumatların əldə edilməsini təmin etmək üçün Azərbaycanda da bu kimi tədbirlərin həyata keçirilməsi vacib məsələlərdəndir. Çünki son illər Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində dinamik inkişaf təmin edilmiş, heyvandarlıq və bitkiçilikdə mühüm dəyişikliklər baş vermiş, məhsul istehsalının artırılmasında əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Prezidentin sərəncamı ilə 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahəyə göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

2004-cü ildən başlayaraq “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi, Nazirlər Kabinetinin 18 avqust 2015-ci il tarixli qərarına əsasən hər hektar hesabı ilə bitkilərin becərilməsinə sərf edilən yanacaq və motor yağlarına görə güzəştlərin 40 manatdan 50 manata qaldırılması, buğda və çəltik istehsalçılarına motor yağı və səpinlə birlikdə 90 manat həcmində subsidiyaların verilməsi, yüksək məhsuldar heyvanların artırılması üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə sahibinə 100 manat həcmində subsidiyanın təyin edilməsi, satılan mineral gübrələrin dəyərinin 50-70 faizinin dövlət tərəfindən ödənilməsi, İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitləri hesabına fermerlərə güzəştli kreditlərin verilməsi, “Aqrolizinq” ASC vasitəsilə kənd təsərrüfatı texnikasının, cins mal-qaranın güzəştli şərtlərlə satılması, toxumçuluq və damazlıq işləri üzrə müəyyən tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatı istehsalı sahəsində dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur.

Kənd təsərrüfatı istehsalının strukturunda baş verən dəyişikliklər digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı statistikası sisteminin də yeniləşdirilməsini və onun beynəlxalq praktikada qəbul edilmiş uçot və statistika sisteminə uyğunlaşdırılmasını tələb edir. Son illər bu sahədə xeyli iş görülmüş, öz əhəmiyyətini itirmiş bir sıra statistik hesabatlar ləğv edilmiş, mövcud hesabatların göstəricilərinə yenidən baxılmış və yaranmış şəraitin tələblərinə uyğun olaraq yeni statistik hesabat və müayinə formaları işlənib təsdiq edilmiş, əvvəlki ucdantutma uçotdan seçmə statistik müşahidələrə keçilmiş, kənd təsərrüfatında ümumi məhsul buraxılışının və istehsal indekslərinin yeni metodologiya əsasında hesablanması həyata keçirilmişdir.

Nəzərə alsaq ki, ərzaq və kənd təsərrüfatı statistikasının iqtisadiyyatın idarə edilməsində mühüm əhəmiyyəti vardır və bunun üçün geniş, həm də etibarlı statistik məlumatlara malik olmaq lazımdır, onda belə informasiyaların əldə edilməsində kənd təsərrüfatı siyahıyaalmalarının keçirilməsinin necə böyük əhəmiyyət kəsb etdiyi aydın olur. Siyahıyaalma nəticəsində əldə ediləcək məlumatlar ölkənin kənd təsərrüfatının gələcək inkişafı istiqamətlərinin düzgün müəyyənləşdirilməsinə, sahə üzrə siyasətin işlənib hazırlanmasına, ərzaq və kənd təsərrüfatı bölməsinə və kənd rayonlarına aid inkişaf planları və layihələrin yoxlanılıb qiymətləndirilməsinə, habelə statistik işlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq müvafiq informasiya bazasının yaradılmasına imkan verir.

Bunları nəzərə alaraq Dövlət Statistika Komitəsi tərəfindən 2015-ci ilin 1-30 iyun tarixlərində ölkə üzrə kənd təsərrüfatının siyahıyaalınması keçirilmişdir. Ümumiyyətlə, ölkəmizdə belə mühüm tədbirin həyata keçirilməsinin zəngin tarixi var. Belə ki, kənd təsərrüfatının siyahıyaalınması Azərbaycanda ilk dəfə 1921-ci ildə keçirilmişdir. Sonrakı illərdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinə dair sorğu keçirilmiş, uçotlar aparılmışdır. 1932-ci ildən sonra kolxoz və sovxozlar kimi iri təsərrüfatlar meydana gəldiyindən genişmiqyaslı kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsinə ehtiyac qalmamış, əhalinin şəxsi yardımçı təsərrüfatları üzrə məlumatlar müəyyən seçmə müşahidə və ucdantutma uçot məlumatları əsasında toplanmışdır. Bununla belə, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uçot və siyahıyaalmaların keçirilməsi davam etdirilmişdir. Bunlara misal olaraq hər il yanvarın 1-i vəziyyətinə mal-qaranın uçot və ya siyahıyaalınmasının keçirilməsini, əhali təsərrüfatlarında kənd təsərrüfatı bitkilərinin əkin sahələrinə dair vaxtaşırı keçirilən ucdantutma uçotu, 1945, 1952, 1970, 1984-cü illərdə bağlar və giləmeyvə əkmələrinin, 1940, 1947, 1953, 1970, 1980, 1984-cü illərdə üzümlüklərin siyahıyaalınmasını göstərmək olar.

Keçən əsrin 90-cı illərində ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə kənd təsərrüfatı siyahıyaalınması 2005-ci ilin iyun ayının 1-dən 30-dək olan dövrdə keçirilmiş, nəticələr 8 cilddən ibarət məcmuələr toplusu şəklində nəşr edilərək istifadəçilərə təqdim olunmuşdur.

Cari ildə isə müstəqil Azərbaycan Respublikasının tarixində ikinci dəfə kənd təsərrüfatının siyahıyaalınması keçirilmişdir. Siyahıyaalma ilə mülkiyyət formasından asılı olmayaraq ölkədə mövcud olan bütün yaşayış məntəqələrinin ərazisində kənd təsərrüfatı istehsalı ilə məşğul olan 1.380 minə yaxın təsərrüfat əhatə olunmuşdur. Tədbirin həyata keçirilməsi üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanmış “Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması proqramının 2010-cu il raundu və MDB ölkələrində keçirilən kənd təsərrüfatı siyahıyaalmaları nəzərə alınmaqla kənd təsərrüfatı siyahıyaalınması proqramının təkmilləşdirilməsinə dair tövsiyələr”, bir sıra dünya ölkələrinin bu sahədəki təcrübəsi öyrənilmiş, mövcud olan yerli xüsusiyyətlər nəzərə alınmışdır.

Siyahıyaalma həm müəssisə, həm də əhali kateqoriyası üçün nəzərdə tutulmuş 1 və 2 nömrəli siyahıyaalma vərəqələri əsasında aparılmış, bu işin həyata keçirilməsinə 1209 nəfər təlimatçı-nəzarətçi, 11751 nəfər sayıcı olmaqla cəmi 12960 nəfər müvəqqəti işçi cəlb edilmişdir. “2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 28 dekabr tarixli 357 nömrəli qərarına əsasən işə qəbul olunmuş hər sayıcı üçün 30, təlimatçı-nəzarətçi üçün 45 təqvim günü müəyyən edilmişdir.

Hazırda siyahıyaalma vərəqələrindəki məlumatlar Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi tərəfindən hazırlanmış müvafiq proqram təminatı vasitəsilə yerli statistika orqanları tərəfindən real vaxt rejimində birbaşa komitənin mərkəzi serverinə yüklənir. Siyahıyaalma materiallarının kompüterlərdə işlənməsi üçün ilin sonuna kimi yerlərdə 389 nəfər operator işə cəlb edilmişdir.

Siyahıyaalma başlamazdan əvvəl əhali arasında kütləvi izahat işlərinin aparılması məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən kənd təsərrüfatı siyahıyaalınmasının əhəmiyyətini və məqsədini xarakterizə edən bir neçə adda plakat hazırlanaraq 30 min tirajla çap olunmuş və siyahıyaalmaya bir ay qalmış bütün yaşayış məntəqələrində, əhalinin kütləvi toplaşdığı yerlərdə divarlara yapışdırılmışdır. Bundan əlavə, rayon (şəhər) statistika idarələrinin məsul şəxsləri yerli qəzetlərdə, televiziya kanallarında siyahıyaalmanın keçirilməsi ilə bağlı vaxtaşırı çıxışlar etmiş, Dövlət Statistika Komitəsində istifadəçilərlə mütəmadi görüşlər təşkil edilmişdir.

Kənd təsərrüfatı siyahıyaalmasının keçirilməsində qarşıya hədəf kimi iki əsas qrup (birinci qrup - kollektiv-birgə istehsal fəaliyyətinə malik kənd təsərrüfatı ilə məşğul olan bütün kənd təsərrüfatı müəssisələri və digər təşkilatlar, ikinci qrup - tək, fərdi-ailə istehsal fəaliyyətinə malik əhali) təsərrüfat kateqoriyaları üzrə: təsərrüfatın mənsubiyyəti; təsərrüfatın əsas gəlir mənbəyi; icarə münasibətləri və torpaqdan istifadə; mineral və üzvi gübrələrdən istifadə; kənd təsərrüfatı bitkilərinin əkin sahələri; çoxillik əkmələrin növləri üzrə ağac və kolların sayı; mal-qara və quşların cins və yaş tərkibinə görə mövcudluğu; göl və nohur balıqçılığı; kənd təsərrüfatı məhsullarının emalı üçün avadanlıqlar; kənd təsərrüfatı binaları və tikililərinin mövcudluğu; kənd təsərrüfatı texnikası və avadanlıqların mövcudluğu; kənd təsərrüfatında işçi qüvvəsi; gender məsələləri barədə məlumatların əldə edilməsi qoyulmuşdur.

Respublika üzrə kənd təsərrüfatının ümumi siyahıyaalınmasının həyata keçirilməsi zamanı əldə edilmiş nəticələr ölkə üzrə kənd təsərrüfatının inkişaf meyillərinin düzgün qiymətləndirilməsində və bu sahədə qərarların qəbul edilməsində əhəmiyyətli rola malik olacaq, aqrar sahənin inkişafı üzrə dövlət proqramlarının və müvafiq tədbirlərin keyfiyyətlə işlənib hazırlanmasına zəmin yaradacaq.
Rəşad BAYRAMOV,
Dövlət Statistika Komitəsi
Kənd təsərrüfatı və ekologiya statistikası
şöbəsinin müdiri
Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan SSR KP MK-nin birinci katibi seçildiyi gündən Azərbaycan Kommunist Partiyasının plenumlarında və Mərkəzi Komitənin büro iclaslarında, həmçinin ayrı-ayrı nazirliklərin, digər mərkəzi icra hakimiyyəti orqanlarının və rayonların (şəhərlərin) fəaliyyətləri müzakirə edilən bütün tədbirlərdə Azərbaycan Respublikası Mərkəzi Statistika İdarəsinin (hazırda Dövlət Statistika Komitəsinin) məlumatlarına xüsusi önəm verirdi.

Ümummilli lider ölkədə sosial-iqtisadi inkişafın bütün istiqamətləri ilə yanaşı statistikanın da inkişafına xüsusi diqqət yetirirdi. Onun Azərbaycana rəhbərliyinin birinci dövründə, yəni 1969-1982-ci illərdə ölkənin statistika orqanlarının həyatında baş vermiş əsas hadisələrdən biri Nazirlər Soveti yanında MSİ-nin Azərbaycan SSR MSİ-nə çevrilərək respublika nazirliklərinin və dövlət komitələrinin sırasına və MSİ-nin rəisinin isə respublika hökumətinin tərkibinə daxil edilməsi olmuşdur. 1973-cü ilin noyabrında Mərkəzi Statistika İdarəsi və yerli statistika orqanları haqqında yeni əsasnamələr təsdiq edilmişdir.

Yeni əsasnamə ilə qarşıda qoyulan vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək məqsədilə 1974-cü ildə Mərkəzi Statistika İdarəsinin rəhbərliyi möhkəmləndirildi. Əvvəllər partiya orqanlarında fəaliyyət göstərmiş Sabit Qasım oğlu Abbasəliyev Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Mərkəzi Statistika İdarəsinə rəis təyin edildi.

Bu dəyişiklik nəticəsində MSİ-nin və onun yerli statistika orqanlarının işinin səviyyəsi ölçülməz dərəcədə yüksəlmişdi. Statistika orqanları tərəfindən hazırlanan materiallar: statistik məlumatlar, cədvəllər və bülletenlər, külliyyatlar, təhlili yazılar və məruzələr mütəmadi olaraq idarəedici orqanlar tərəfindən istifadə olunurdu.

Ölkədə xalq təsərrüfatının inkişafı ilə əlaqədar olaraq respublikanın statistika orqanları daha irimiqyaslı və mürəkkəb statistik işlərin yerinə yetirilməsini həyata keçirməyə başladılar. Belə işlərdən 1970-ci və 1979-cu illərdə əhalinin Ümumittifaq siyahıyaalınmalarını göstərmək olar. 1972-ci il yanvarın 1-i vəziyyətinə təsərrüfat hesablı müəssisə və təşkilatlarda, 1973-cü il yanvarın 1-i vəziyyətinə isə ölkənin tarixində ilk dəfə olaraq büdcə təşkilatlarında xalq təsərrüfatı əhəmiyyətinə malik olan əsas fondların siyahıya alınması və yenidən qiymətləndirilməsi kimi böyük işlər həyata keçirilmişdir.

İlk dəfə 1966-cı ildə tərtib olunmuş ölkə üzrə sahələrarası balans 1972 və 1977-ci illərdə də tərtib edilmişdir.

Hedər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə müntəzəm olaraq illik “Azərbaycan SSR Xalq Təsərrüfatı” və “Azərbaycan rəqəmlərdə” adlı statistik külliyyatları nəşr edilmişdir. Nəşr edilən statistik külliyyatların məlumatları respublikanın iqtisadi və mədəni nailiyyətlərini və inkişafını əks etdirir, planlaşdırma və təsərrüfat orqanlarının, elm idarələrinin, təşviqatçıların böyük marağına səbəb olur və onlar tərəfindən geniş istifadə edilirdi.

Statistikanın bütün sahələri üzrə vaxtaşırı olaraq sahə külliyyatları və xalq təsərrüfatı sahələrinin inkişafını tam əks etdirmək üçün keçirilmiş birdəfəlik uçotaalmaların və müayinələrin nəticələri üzrə materiallar buraxılırdı. 1970-ci ildə “Azərbaycanda kənd təsərrüfatı”, “Azərbaycanda mənzil-kommunal təsərrüfatı” və s. külliyyatlar nəşr edilmişdir.

1969-cu ildən 1980-ci ilədək Mərkəzi Statistika İdarəsi tərəfindən müntəzəm olaraq “Azərbaycanın xalq təsərrüfatı” illik statistik külliyyatı, “Azərbaycan rəqəmlərdə” qısa külliyyatı və sahələr üzrə 50-dən çox külliyyat nəşr edilmişdir.

1970-80-ci illərdə Heydər Əliyevin köməyi ilə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin mütəxəssisləri SSRİ MSİ tərəfindən xarici ölkələrdə statistikanın yaradılması və təşkilinə cəlb olunmuşlar. Bu dövrdə Azərbaycan SSR Statistika İdarəsinin mütəxəssisləri S.Hacıyev və F.Abidov xarici ölkələrdən Mali, Konqo və Kubada rəsmi statistikanın yaradılmasında fəal iştirak etmişlər.

69-82-ci illərdə dövlət statistikasının təkmilləşdirilməsi müasir hesablama texnikasının bazasında uçot-statistika məlumatlarının toplanması və işlənməsinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasının daha da inkişafı şəraitində baş vermişdir.

Heydər Əliyev digər sahələrdə olduğu kimi, ölkə statistika sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələsini də daima diqqət mərkəzində saxlayırdı. Müntəzəm olaraq BHM-də və yerlərdə hesablama şəbəkəsi inkişaf etdirilirdi. Rayon və şəhərlərdə vahid statistika orqanının - məlumat-hesablama mərkəzlərinin (stansiyalarının) yaradılması aşağı statistika orqanlarının işinin təkmilləşdirilməsində böyük əhəmiyyət kəsb etmişdir.

Bu dövrlərdə Maşın Hesablama Stansiyasının bazasında hesablama mərkəzinin yaradılması əsas statistik işlərin Elektron Hesablama Maşınlarında (EHM) işlənməsinin təşkilinə imkan yaratmışdır. Dövlət statistika sistemində avtomatlaşdırmanın növbəti mərhələsinin layihələşdirilməsinə və yaradılmasına başlanmışdı. Müntəzəm olaraq hesablama texnikası yeniləşdirilirdi. Qeyd etmək kifayətdir ki, 1980-ci ildə MSİ-nin hesablama sistemi öz tərkibində 74 hesablama təşkilatını, o cümlədən bir respublika hesablama mərkəzini, 9 rayon və şəhər məlumat-hesablama mərkəzini və 64 məlumat-hesablama stansiyasını birləşdirirdi. Onların maşın parkında 3,5 min vahiddən çox texnika mövcud idi ki, bunların arasında EHM-ES 1022, «Minsk» seriyalı üç maşın, perforasiya-hesablama kompleksi M-5000, 5010, elektron hesablama avtomatları “Sellatron”-S-8205, 8205 M, hesablama-perforasiya maşınları, “Askota” mühasibat maşınları, EFA və FME faktura maşınları və başqaları olmuşdur.

Respublika MSİ-nin hesablama sistemi statistik işlərin mexaniki işlənməsindən əlavə, xalq təsərrüfatında mexanikləşdirilmiş uçotun tətbiqi üzrə də böyük işlər görmüşdür. Respublika səviyyəsində statistik hesabatların sistemli işlənməsinə xüsusi diqqət yetirilmişdir.

Əldə edilən nailiyyətlərə görə Baş Hesablama Mərkəzi müttəfiq respublikaların BHM-ləri arasında 8 dəfə, həmçinin respublika daxilində müxtəlif nazirlik və komitələrin BHM-ləri arasında 9 dəfə “Keçici Qırmızı Bayraq”la təltif edilmişdir.

Azərbaycanın statistika orqanlarına Azərbaycan hökuməti tərəfindən mütəmadi olaraq kömək göstərilmiş, əmək şəraiti nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmış, iş yerləri genişləndirilmiş və yeni avadanlıqlarla təchiz edilmişdir. 1961-ci ildən tikintisi üçün yer ayrılmış, 1965-ci ildən tikintisinə başlanmış MSİ üçün yeni bina, Heydər Əliyevin şəxsi nəzarəti sayəsində 1971-ci ilin sonlarında istifadəyə verilmiş, 1972-ci ildən istifadəsinə başlanılmışdır. Geniş iş şəraitinə malik olan bu binanın istifadəyə verilməsi ilə yarandığı ilk gündən parçalanmış şəkildə Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən Mərkəzi Statistika İdarəsi axır ki, bir inzibati binada fəaliyyət göstərməyə başlamışdır. Mərkəzi Statistika İdarəsinin inzibati binası istifadəyə verildikdən sonra 1977-ci ildən başlayaraq yerli statistika orqanlarında da iş şəraitinin yaxşılaşdırılmasına, onlar üçün müasir tələblərə cavab verən inzibati binaların tikintisinə başlanmışdır. Yalnız 1977-1982-ci illərdə dövlətin dəstəyi ilə 26 rayon və şəhərdə 2-4 mərtəbəli binalar tikilərək istifadəyə verilmişdir. Bu proseslər Ulu öndər Moskvaya, daha yuxarı vəzifəyə irəli çəkildikdən sonra da onun qurduğu əsaslar üzrə davam etdirilmişdir.

Heydər Əliyev statistiklərin iş şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların mənzil şəraitinin yaxşılaşdırılmasına da xüsusi önəm vermişdir. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə statistika orqanlarının onlarla əməkdaşı yeni mənzillərlə təmin olunmuşdur.

Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə milli kadrların yetişdirilməsi sahəsində uzaqgörənliklə həyata keçirdiyi kadr siyasəti Azərbaycanın statistika sistemindən də yan keçməmişdir. Bu dövrdə gənc milli kadrların şöbələrdə rəhbər vəzifələrə təyin olunması kütləvi xarakter almışdır ki, bu da Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bu siyasətin nə qədər düzgün olduğunu sübut etmişdir. Göstərilənlərlə yanaşı statistika orqanlarının bir çox əməkdaşları statistika orqanlarında müvəffəqiyyətli işlərinə görə orden və medallarla, fəxri fərmanlarla mükafatlandırılmış, respublikanın “Əməkdar iqtisadçı”sı adına layiq görülmüşdür. Bir sıra əməkdaşların adları SSRİ Mərkəzi Statistika İdarəsinin və Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin “Fəxri Kitab”larına yazılmışdır, Əmək fəaliyyətlərinə görə Abidov F.C., Bəndəliyev Z.A., Məmmədov Ş.A., Məmmədov Y.Ə., Rzayeva H.B., Hacıyev S.C., Kotelevskaya Q.S., Sadiqova S.Ə., Fərziyev H.A., Çinçik V.Y. və digərləri Azərbaycan SSR-nin “Əməkdar iqtisadçı”sı adına layiq görülmüşlər.

Müstəqillik illərində də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin digər sahələrində olduğu kimi, rəsmi statistikada da inkişaf özünü biruzə verdi. Bu dövrdə Dövlət Statistika Komitəsində struktur dəyişiklikləri həyata keçirilmiş, rayon (şəhər) məlumat hesablama mərkəzləri ləğv edilmiş, bu mərkəzlərin bazasında rayon (şəhər) statistika idarələri (şöbələri) yaradılmışdır.

Yeni texniki vasitələrin və texnologiyanın tətbiqi ilə yanaşı, statistik hesabatların fərdi kompyuterlərdə işlənməsinin təmin edilməsi məqsədi ilə, yeni proqramlaşdırma dillərinin (FoxPro, Paskal, Delfi, PHP, Java), sistemlərinin (Windos, Novell, Linux və s.) və məlumat bazalarının aparılması (Domino, Oracle və s.) işlərinin proqramçılar tərəfindən mənimsənilməsinə və mərhələlərlə bütün statistik hesabatların işlənməsinin yenidən proqramlaşdırılmasına nail olundu. Bütün bu işlər 2000-ci ilə qədər artıq başa çatdırılmışdı. 2000-ci ildən başlayaraq, Dövlət Statistika Komitəsinin inzibati binasında yeni lokal məlumat şəbəkəsinin qurulmasına başlanmış və bu iş müvəffəqiyyətlə həyata keçirilmişdir. Dövlət Statistika Komitəsinin serverlər mərkəzi yaradılmış və korporativ məlumat şəbəkəsi qurulmuşdur. Bütün struktur vahidləri ilə məlumat mübadiləsinə imkan verən internet əlaqələri yaradılmışdır. İnternet əlaqələrindən istifadə nəticəsində dövlət idarəetmə orqanları ilə və nazirliklərlə (Vergilər, Səhiyyə, Ədliyyə və digər) çevik məlumat mübadiləsinin təşkil edilməsinə nail olunmuşdur. “Vahid pəncərə” qaydası əsasında sahibkarlıq subyektlərinin qeydiyyatını həyata keçirən Vergilər Nazirliyi ilə daimi qarşılıqlı məlumat mübadiləsi aparılır.

1998-ci ildən “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sistemində məlumat texnologiyalarının inkişafı konsepsiyası” hazırlanmışdır (2005-ci ildə yenidən işlənmişdir). Bu konsepsiyanın həyata keçirilməsi nəticəsində Dövlət Statistika Komitəsinin korporativ (paylanmış) şəbəkə sisteminin qurulması artıq başa çatdırılmış və iş yerlərinin kompyuterlərlə təmin edilməsinə tam nail olunmuşdur.

Yeni məlumat bazaları texnologiyalarının tətbiqi üsullarından istifadə etməklə, statistikanın bütün sahələrini əhatə edən makro göstəricilər bazası yaradılmış və interaktiv rejimdə informasiyanın daxil edilməsi, təqdim olunması həyata keçirilmişdir. Beləliklə, dövriliyi təmin olunmaqla, 2 milyona yaxın göstəricinin interaktiv rejimdə işlənməsi həyata keçirilmişdir.

Dövlət Statistika Komitəsinin müasir tələblərə cavab verən və məlumat tutumu yüksək olan veb-səhifəsi yaradılmışdır. Bu səhifənin hazırlanmasında yeni texnoloji imkanlardan istifadə edilmiş, məlumat bazasına giriş, axtarış sisteminin tətbiqi, kitabxanadan istifadə üçün geniş imkanlar yaradılmışdır. Statistikanın bütün sahələrini əhatə edən hesabat formalarının hesabat blankları, hesabatların tərtib olunmasına dair təlimatlar və hesabatların elektron formada təqdim edilə bilməsi üçün proqram vasitələri səhifədə yerləşdirilərək istifadəçilərin ixtiyarına verilmişdir. Səhifənin strukturunda daimi dəyişikliklər edilərək, məlumatların əldə edilməsinin asanlaşdırılması istiqamətində proqramlaşdırma və səhifənin idarə olunması işləri həyata keçirilir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sistemində statistik məlumatların yığılması, işlənməsi və təqdimatı prosesində standart paket olan SPSS proqram paketinin tətbiq edilməsi üçün işlər həyata keçirilmişdir.

1996-cı ilin iyun ayının 29-da Nazirlər Kabinetinin Rəyasət Heyətinin üzvlərinin, iqtisadiyyatın inkişafında mühüm rol oynayan nazirliklərin başçılarının və Prezidentin İcra Aparatı rəhbər işçilərinin iştirakı ilə 1996-cı ilin birinci yarısı üçün işin yekunlarına dair keçirilmiş iclasda Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Bizdə Statistika Komitəsi var. ... Statistika Komitəsi əsas orqanlardan biridir.”

Ulu öndərin ölkədə həyata keçirdiyi islahatlar çərçivəsində 18 fevral 1994-cü ildə “Statistika haqqında” Azərbaycan Respublikasının Qanununun imzalanması statistika sahəsində yeni bir dövrün başlanmasına geniş imkanlar yaratmışdır. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş “Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri”nin bütün tələbləri nəzərə alınmışdır. Qanunun qəbul edilməsi statistika orqanlarını sovetlər dövrünə aid olan funksiyalardan azad etdi, statistik fəaliyyətin qanuniləşdirilməsinin təmin olunmasında mühüm rol oynadı və Azərbaycan tarixində ilk dəfə olaraq qanunvericiliklə statistika sahəsində əsas anlayışları, onun subyektlərinin hüquq və vəzifələrini, fəaliyyətinin əsas parametrlərini müəyyənləşdirdi. Beynəlxalq standartlara cavab verən bu qanunda statistik forma və metodların demokratik prinsiplərə uyğunlaşdırılması nəzərdə tutulmaqla rəsmi statistika sisteminin təşkili, səlahiyyət və vəzifələri, kadr təminatı və işçilərin sosial müdafiəsi ilə bağlı digər məsələlər tənzimlənmişdir.

Azərbaycan Respublikasında təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin Dövlət registrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. xüsusi maddələr qanunda öz əksini tapmışdır.

Qanun dövlət statistika orqanlarının nüfuzunun artması, hesabat intizamının yüksəlməsi və dövlət məlumatlandırma sisteminin əsas tərkib hissəsi sayılan dövlət statistika sisteminin təkmilləşdirilməsində əsas rol oynayır.

Qanunda müntəzəm olaraq ölkədə həyata keçirilən islahatlara və statistikaya dair beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarlara əsasən müvafiq dəyişikliklər aparılır.

Statistika sahəsində digər normativ hüquqi aktlar daima təkmilləşdirilmiş, “Azərbaycan Respublikasında statistik məlumatların təqdim edilməsi qaydaları”, “Azərbaycan Respublikası statistika sisteminin gücləndirilməsi”, “Azərbaycan Respublikasında müəssisələr statistikası”, “Dövlət Statistika Komitəsinin kadr siyasəti”, “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sistemində məlumatlar texnologiyalarının inkişafı perspektivi” və “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin informasiya texnologiyalarının təhlükəsizliyi” konsepsiyaları hazırlanmışdır.

Keçən əsrin 90-cı illərində ölkədə aparılmış yeni inzibati ərazi bölgüsünə uyğun olaraq, statistika sisteminin strukturunda da bir sıra dəyişikliklər edildi və Ağstafa, Qobustan, Hacıqabul, Siyəzən, Xızı, Xocalı və Xocavənd rayonlarında, Naxçıvan Muxtar Respublikasında 1990-cı ildə Sədərək və 2004-cü ildə Kəngərli, 2009-cu ildə Naftalan Şəhər Statistika İdarəsi yaradıldı.

Bu dövrdə bazar iqtisadiyyatının tələblərinə cavab verən yeni struktur bölmələri: qiymət statistikası, milli hesablar və makroiqtisadi göstəricilər, regionların sosial-iqtisadi inkişafı, ərzaq təhlükəsizliyi üzrə informasiya təminatı şöbələri və onun ayrı-ayrı şöbələrinin tərkibində Dövlət reyestrinin təşkili və təsnifatlar, xarici ticarət, gizli iqtisadiyyat, maliyyə və bank, turizm sektorları yaradılmışdır.

Hazırkı mərhələdə rəsmi statistika Azərbaycanda əhəmiyyətli sosial-iqtisadi inkişaf dəyişiklikləri, inzibati islahatlar, büdcə proseslərinin islahatları, maliyyə hesabatlarının beynəlxalq standartlara keçidi şəraitində inkişaf edir ki, bu da rəsmi statistika fəaliyyətində cəmiyyətin həyatındakı dəyişikliklərə tez (sürətlə) cavab verən, çevik statistik məlumatlarla təminat sisteminin formalaşmasına prinsipcə yeni yanaşmaların axtarılması və həyata keçirilməsi vəzifələrini müəyyənləşdirir.

İqtisadi fəal əhalini, rəsmi və gizli işsizliyi, müxtəlif əhali kateqoriyalarının həyat səviyyəsini əks etdirən göstəricilər sistemi təcrübədə tətbiq edilmiş, əhalinin faktiki alıcılıq qabiliyyətini izləməyə imkan verən “əhalinin sərəncamında qalan real gəlirləri” göstəricisindən istifadəyə başlanmışdır. Ev təsərrüfatı statistikası yenidən təşkil edilmişdir.

Azərbaycanın dövlət müstəqilliyi qazanması əvvəllər respublika üçün əhəmiyyətsiz sayılan, hazırda isə ölkəmiz üçün çox böyük əhəmiyyətə malik olan xarici ticarət statistikasının yaradılması valyuta vəsaitlərinin hərəkəti, ixrac və idxal məhsullarının fiziki həcmi, ixrac və idxal məhsulları üzrə xarici və daxili qiymətlərin nisbətləri haqqında məlumatlar əldə etməyə imkan vermişdir.

Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilən və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması problemlərinin həllində böyük əhəmiyyət kəsb edən irihəcmli işlərdən biri də Statistik vahidlərin Dövlət registrinin yaradılmasıdır.

Həmçinin, statistika təcrübəsində istifadə etmək üçün “Avrostatın statistikaya tələbləri”nin və “Minilliyin bəyannaməsində əks olunmuş inkişaf (tərəqqi) məsələlərinə nail olunmanın monitorinqi üçün göstəricilər”in Azərbaycan versiyaları hazırlanmışdır.

Müstəqillik illərində keyfiyyətli seçmə müşahidələrin təşkili üçün beynəlxalq təsnifatlarla uzlaşdırılmış 31 milli təsnifat hazırlanmışdır. Təsnifatların düzgün tətbiq olunmasını təmin etmək məqsədilə Norbert Raynerin “Beynəlxalq təsnifatlar sistemi” kitabı Azərbaycan dilinə tərcümə edilmiş, “Beynəlxalq təsnifatlar və onların Azərbaycanda tətbiqi” kitabı hazırlanmışdır.

Ölkədə milli hesablar sisteminin işlənməsi üçün əsasən Avropa İttifaqında istifadə olunan və “Birləşmiş iqtisadi hesabların Avropa sistemi” kimi məşhur olan BMT MHS variantından istifadə edilir. Bu variantdan istifadə etməklə, 1990-1998-ci illər üçün milli hesablar sistemi yaradılmışdır. Ümumi daxili məhsul (ÜDM) göstəricisinin milli hesablar sistemində əsas makroiqtisadi göstərici hesab edildiyini nəzərə alaraq, BMT-nin mövcud metodologiyasına uyğun olaraq Dövlət Statistika Komitəsi cari və müqayisəli qiymətlərlə sahə və bölmələr üzrə ÜDM-in illik, rüblük və aylıq hesablamalarını həyata keçirir. 1993-cü ildən başlayaraq, müqayisəli qiymətlərlə ÜDM-in aylıq qiymətləndirilməsi Dövlət Statistika Komitəsi tərəfindən təhlil edilir və müxtəlif nəşrlərdə dərc etdirilir. Bu işlər Beynəlxalq Valyuta Fondunun (BVF), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) və Dünya Bankının metodoloji köməyi və məsləhətləri ilə həyata keçirilmişdir.

Dövlət Statistika Komitəsinin yaxından iştirakı ilə BVF ilə razılaşdırılmış metodologiya əsasında respublika Mərkəzi Bankı tərəfindən respublikanın xarici iqtisadi əlaqələrinin bütün tərəflərini əks etdirən tədiyə balansı tərtib edilir.

Ölkənin ümumi iqtisadi inkişaf səviyyəsini müqayisə etmək, milli valyutanın real alıcılıq qabiliyyətinin prioritetlərini müəyyənləşdirmək məqsədilə İƏİT ekspertlərinin iştirakı ilə və MDB Dövlətlərarası Statistika Komitəsi ilə qarşılıqlı əlaqədə beynəlxalq iqtisadi müqayisələr həyata keçirilmişdir.

Statistikada həyata keçirilən yeniliklər son nəticədə öz əksini statistika orqanlarının son məhsulu olan statistik nəşrlərdə tapmışdır. Son illər bu sahədə bir sıra nailiyyətlər əldə edilmiş, nəşrlərin keyfiyyəti yaxşılaşdırılmış, mövzular genişləndirilmiş, yayılma dairəsi genişləndirilərək ingilis dilində nəşrlərə başlanmışdır.

Komitənin veb-səhifəsində bütün sahələr üzrə məlumatlar yerləşdirilmiş və bu məlumatların daxil edilməsi və yeniləşdirilməsinin çevikliyi təmin edilmişdir.

Heydər Əliyev tərəfindən həyata keçirilən Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiya, xarici dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi sahəsində strategiyaya uyğun olaraq, ölkədə statistikanın yenidən qurulmasında müntəzəm olaraq beynəlxalq təşkilatların və xarici dövlətlərin milli statistika orqanlarının mümkün əməkdaşlığından geniş istifadə edilir. Avropa Statistika Bürosu ilə birlikdə Dövlət registrinin, müəssisələr statistikasının (sənaye, kənd təsərrüfatı, əsaslı tikinti və ticarət statistikası üzrə), demoqrafiya, əmək, gizli iqtisadiyyat və xarici ticarət statistikasının və statistik materialların beynəlxalq tələblərə uyğun nəşrləri, beynəlxalq standartlara uyğun təsnifatların yaradılması və təkmilləşdirilməsi, həmçinin ölkə statistika sisteminin kompyuterlərlə təmin edilməsi sahəsində layihələr həyata keçirilmişdir. Bu layihələrin həyata keçirilməsi Almaniya, Hollandiya, İsveç, Finlandiya və Polşanın statistika orqanlarının ekspertlərinin yaxından köməyi ilə həyata keçirilmiş və statistikanın müxtəlif istiqamətlərində Türkiyə Cümhuriyyəti Statistika İnstitutu ilə sıx əməkdaşlıq yaradılmışdır.

Ümumiyyətlə, Azərbaycan müstəqillik əldə etdikdən sonra Dövlət Statistika Komitəsi BMT və onun regional iqtisadi komissiyaları, Avropa İttifaqı, BVF, BƏT, Dünya Bankı, Asiya İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, UNESKO, UNİSEF, İƏİT, İƏT, Beynəlxalq Nəqliyyat Forumu, Beynəlxalq Miqrasiya Təşkilatı, “21-ci yüzillikdə inkişaf üçün statistika sahəsində əməkdaşlıq” konsorsiumu, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Yol Federasiyası, TRASECA, UNİDO, Beynəlxalq Energetika Agentliyi, Avropa İqtisadi Komissiyası, Avropa Statistika Bürosu, MDB Dövlətlərarası Statistika Komitəsi, Qara dəniz ölkələrinin Əməkdaşlıq Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya və Sakit Okean Hövzəsi ölkələrinin İqtisadi-sosial Komissiyası, Avropa Sosial Xartiyası kimi beynəlxalq təşkilatlarla və dünyanın 40-dan çox ölkəsinin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır.

Bütün yuxarıda qeyd olunanlar, yəni statistika sahəsində əldə olunan nailiyyətlər dövlətin və hökumətin yüksək qayğısı sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyev öz çıxışlarında statistikaya yüksək qiymət vermişdir. Yeni Azərbaycan Partiyasının 22 noyabr 2011-ci il tarixində keçirilən II qurultayında tarixi nitqində demişdir: “Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır”.

Statistikanın beynəlxalq tələblər səviyyəsində qurulması üçün qanunvericilik bazasının yaradılması Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilmişdir. Statistikanın qanunvericilik bazası yaradılmış, dövlət proqramları qəbul olunmuş, ardıcıl islahatlar həyata keçirilmişdir.

Dövlət Statistika Komitəsi ölkədə rəsmi statistika məlumatlarının istehsalçısı kimi mərkəzi funksiya və səlahiyyətlərə malikdir və Azərbaycanın milli statistika sisteminin əlaqələndiricisi olmaqla rəsmi statistikanın təxminən 80%-nin istehsalçısıdır. Əlaqələndirici funksiya “Statistik işlər proqramı”nda, eləcə də “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nda əks olunmuşdur. Ümumiyyətlə, Dövlət Statistika Komitəsi və onun yerli orqanları kifayət qədər potensiala və statistik işlər proqramına, eləcə də Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əhatə olunması imkanına malikdir. Yaxın gələcəkdə daha sistematik və mükəmməl idarəetmə, nəzarət və qiymətləndirmə planlaşdırılır.

Statistikanın düşünülmüş inkişafı Azərbaycan Respublikasının Prezidenti, ulu öndərin davamçısı cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də davam etdirilmişdir. İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə rəsmi statistikanın inkişafı ilə bağlı “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair” və “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı” kimi iki Dövlət proqramı qəbul edilmişdir. Bu proqramlar ölkədə rəsmi statistikanın daha da inkişafına təkan vermiş, açıq statistik məlumatlara girişin sadəliyi və bütün maraqlı istifadəçilər üçün onların formalaşdırma metodologiyalarının şəffaflığına, milli statistika göstəricilərinin, onların formalaşdırma metodlarının müəyyənləşdirilməsində beynəlxalq statistik standartların və təsnifatların tətbiqinin daha da genişləndirilməsinə, statistika təcrübəsində elmin müasir nailiyyətlərindən istifadəyə və respondentlərə düşən statistik məlumat yükünün azaldılmasına, ölkənin sosial-iqtisadi inkişafını və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətini xarakterizə edən göstəricilərin çevik hesablanması üçün metodoloji əsasların yenilənməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə statistik məlumatların toplanması, formalaşdırılması, saxlanması və yayılmasının təkmilləşdirilməsinə, dövlət hakimiyyəti orqanlarının statistik məlumat ehtiyatlarının inteqrasiyasının həyata keçirilməsinə, rəsmi statistika məlumatlarının keyfiyyətinin yüksəldilməsinə, respondentlərdən alınan ilkin statistik məlumatların konfidensiallığının təmin edilməsi metodlarının təkmilləşdirilməsinə nail olunmuşdur.

Son illərdə Dövlət Statistika Komitəsinin beynəlxalq fəaliyyəti də daim diqqət mərkəzində olmuşdur. Fərəhli hal ondan ibarətdir ki, hazırda Dövlət Statistika Komitəsinin mütəxəssisləri statistika sahəsində 9 beynəlxalq işçi və ya ekspert qrupunun işində öz fəaliyyətlərini müvəffəqiyyətlə davam etdirirlər. Komitənin şöbə müdirləri N.Suleymanov və Q.Əliyev beynəlxalq təşkilatlar tərəfindən rəhbərlik etdikləri fəaliyyət üzrə digər ölkələrdə seminar keçirməyə dəvət olunmuşlar. Komitənin mütəxəssisləri tərəfindən statistika sahəsində hazırlanan məqalələr beynəlxalq təşkilatlar və dünya ölkələrinin statistika orqanları tərəfindən buraxılan jurnallarında və mətbuat orqanlarında mütəmadi olaraq dərc olunur.

Yuxarıda qeyd olunan və olunmayan bir sıra digər işlərin məntiqi nəticəsidir ki, sınaq, təftiş və sertifikatlaşdırma sahəsində dünya liderlərindən olan “Bureau Veritaş” şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən kənar (xarici) auditin yekunları üzrə 15 avqust 2013-cü il tarixində şirkət tərəfindən Dövlət Statistika Komitəsinə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsi və İSO 9001:2008 standartı üzrə 3 il müddətinə sertifikat verilmişdir. Bu sertifikatı almaqla Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Qazaxıstan Respublikasının Statistika Agentliyindən sonra MDB ölkələrinin statistika orqanları arasında İSO 9001:2008 sertifikatı almış 2-ci, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları arasında isə 1-ci təşkilat olmuşdur.

Son illərdə Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlara, quruculuq-abadlıq, tikinti-bərpa işlərinə uyğun olaraq, yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması və maddi texniki bazalarının təkmilləşdirilməsi məqsədilə Dövlət Statistika Komitəsi sistemində də məqsədyönlü iş aparılmışdır. Rayon (şəhər) statistika idarələrinin inzibati binalarının müasir tələblərə cavab verəcək şəkildə yenidən qurulması, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və işçilərin iş şəraitinin beynəlxalq tələblərə cavab verəcək şəkildə qurulması əsas prioritet sahələrdən biri olmuşdur. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq Gəncə, Sumqayıt və Mingəçevir şəhər, Ağdam, Balakən, Şabran, Goranboy, Qax, Qəbələ, Samux, Siyəzən, Qusar, Ağstafa, Hacıqabul, Zaqatala, Qobustan, Gədəbəy, Daşkəsən, Göyçay, Lerik, Yardımlı, Xızı, Saatlı, Tərtər, Ucar rayon statistika idarələri üçün inzibati binalar tikilmişdir ki, bu da ölkə rəhbərliyinin statistika əməkdaşlarına diqqətinin bariz nümunəsidir.

Dövlət Statistika Komitəsinin kollektivi gələcəkdə də ölkə Prezidenti tərəfindən statistika orqanları qarşısında qoyulan hər bir vəzifənin vaxtında və yüksək keyfiyyətdə yerinə yetirilməsi əzmindədir.

Alxan MANSUROV,
Dövlət Statistika Komitəsi
Statistika işlərinin əlaqələndirilməsi
şöbəsinin müdiri, kollegiyanın üzvü

Ölkəmiz insan inkişafı indeksinə görə də bir çox dövlətlərdən irəlidədir

Davamlı insan inkişafı konsepsiyasına görə cəmiyyətin idarə edilməsi o zaman uğurlu hesab oluna bilər ki, həmin toplumda irqindən, dinindən və yaxud hər hansı xüsusi qrupa mənsubluğundan asılı olmayaraq, hər bir şəxsin fərdi potensialının reallaşdırması üçün əlverişli şərait yaradılsın. Digər tərəfdən son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həm də istehsalatda oynadığı rolu dəyişdirmişdir. XX əsrin sonunda “gender” anlayışı formalaşmışdır və onun əsasında qadın hərəkatı durur. Gender termininin bir çox tərifi məlumdur. Ümumiləşdirilmiş şəkildə gender anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir. Azərbaycanda qadın və kişilərin bərabər hüquq və imkanları ölkə Konstitusiyasında təsbit olunmuşdur.

Gender inkişafının qiymətləndirilməsi 2 əsas əmsalın hesablanması ilə həyata keçirilir. Birincisi, gender faktorunu nəzərə almaqla İnsan İnkişafı İndeksidir. Bu göstərici Gender İnkişafı İndeksi (Gİİ) adlanır. İndeksi hesablayarkən insan inkişafının ümumi indeksinin hesablama göstəricilərindən istifadə olunur. Fərq ondadır ki, bu göstəricilər qadınlar üçün ayrı hesablanır. Bundan sonra ümumi İnsan İnkişafı İndeksi və qadınlar üçün alınmış Gender İnkişafı İndeksi müqayisə olunur. Fərqin olmaması və ya az olması gender problemlərinin olmamasından və ya onların uğurlu həllindən xəbər verir. Belə göstəricilərə malik ölkədə qadınlar və kişilər eyni hüquqa malikdir və onların inkişafı üçün tələb olunan şərait bərabər səviyyədə yaradılmışdır.

BMT-nin İnsan İnkişafı Hesabatının son nəşrində Azərbaycan İnsan İnkişafı İndeksi göstəricisinə görə 187 ölkə arasında Çin, Braziliya, Serbiya, Bosniya Hersoqovina, Gürcüstan, Albaniya və s., eləcə də MDB-yə üzv ölkələrdən Moldova, Ukrayna, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Ermənistanı qabaqlayaraq 76-cı yerdə qərarlaşmışdır.

Parlamentlərarası İttifaqın hesabatına görə, dünya ölkələrinin parlamentlərində yerlərin 22 faizini qadınlar tutur. Azərbaycanda isə bu rəqəm 15,6 faizdir. Maksimal göstərici - 46,4 faiz İsveç parlamentində, minimal isə qadınların qanunvericilik qurumlarında tamamilə təmsil edilmədiyi bəzi Asiya və Afrika ölkələrində müşahidə olunur.

Gender İnkişafı İndeksi hesablanan zaman fərqli istifadə olunan göstərici sağlamlığa aiddir və qadınların ömür uzunluğu ilə əlaqədardır. Bir qayda olaraq qadınlar kişilərdən daha uzunömürlü olurlar. Qadınlarda orta ömür uzunluğunun yüksək olması bütün ölkələrdə müşahidə edilir və ölkənin inkişaf səviyyəsindən asılı deyil.

Azərbaycanda son illərdə orta ömür uzunluğu artmaqdadır və hazırda 74,2 il təşkil edir. Başqa sözlə, kişilər arasında gözlənilən ömür uzunluğu 71,6, qadınlarda isə 76,8 ildir.

Gender problemlərinin həll edilməsi məqsədilə ölkəmizdə bir sıra tədbirlər həyata keçirilməkdədir. Respublikamızda “İnsan İnkişafı və Davamlı Gəlir Əldə Edilməsinə Kömək” adlanan ictimai birlik qadınlar tərəfindən yaradılmış və rəsmi qeydiyyatdan keçirilmişdir. Bu, davamlı insan inkişafının institutlaşmasına yönəldilmiş yeni addımdır və gender problemlərinin həllinə yönəldilmişdir.

Gender bərabərliyinə aid konvensiyalar və digər beynəlxalq sənədlər arasında BMT və Beynəlxalq Əmək Təşkilatının “eyni əməyə görə eyni ödəniş” prinsipinə əsaslanan Konvensiyasını (1951-ci il) göstərmək olar. Bu prinsip bir çox ölkələrin milli qanunlarında, o cümlədən Azərbaycan Respubljkasının qanunlarında da öz əksini tapmışdır. Ölkəmiz müstəqilliyini bərpa etdiyi dövrdən gender bərabərliyinə yönəldilmiş beynəlxalq tədbirlərə qoşulmuşdur və bir çox saziş və təşəbbüslərin iştirakçısıdır. Azərbaycanın nümayəndələri gender inkişafına həsr olunmuş beynəlxalq tədbirlərdə mütəmadi olaraq iştirak edirlər.

1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmış (indi Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə) və “Azərbaycanda qadınların rolunun gücləndirilməsi üzrə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti fərman vermişdir. Bu, dövlət siyasəti prioritetlərindən biri kimi gender siyasətinin rolunu ifadə edir.

Azərbaycan Hökuməti Pekin şəhərində keçirilmiş IV Ümumdünya Qadınlar Konfransının “Fəaliyyət platforması”nı qəbul etmiş və ona uyğun olaraq gender statistikasının inkişaf etdirilməsi məsələlərini Dövlət Statistika Komitəsinə həvalə etmişdir. Fəaliyyət platformasında deyilir: “Milli statistika qurumları cəmiyyətdə qadın və kişilərin vəziyyəti ilə bağlı problem və məsələlərin cins və yaş üzrə bölgüsünü özündə əks etdirən statistik məlumatların toplanması, işlənməsi, təhlili, nəşri və yayılmasını yerinə yetirirlər” (“Fəaliyyət platforması”, maddə 206a, Pekin, 1995).

Bu istiqamətdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin işi gender problemlərinin statistik tədqiqi, statistik göstəricilər sisteminə yeni göstəricilərin əlavə edilməsi və təkmilləşdirilməsinə yönəldilmişdir.

Respublikamızda gender bərabərliyini əks etdirən kompleks statistik göstəricilər sisteminin 1999-cu ildə birinci, 2010-cu ildə (273 göstərici) 2-ci versiyası, 2012-ci ildə isə (310 göstərici) üçüncü təkmilləşdirilmiş versiyası hazırlanmışdır. Göstəricilər sistemi təkcə Dövlət Statistika Komitəsinin məlumatlarından deyil, digər qurumların məlumatlarından ibarətdir. Göstəricilər sistemi hazırlanarkən beynəlxalq, xüsusilə də İsveç Milli Statistika Bürosunun təcrübəsi nəzərə alınmışdır.

Gender statistikasını əks etdirən göstəricilər sisteminin üçüncü variantı statistik məlumat kitabçası şəklində tərtib edilmiş, orada göstəricilərin adları, ölçü vahidləri, təqdim edilmə dövriliyi, informasiya mənbələri, eləcə də işlənib hazırlanma proqramı öz əksini tapmışdır. Göstəricilər qadın və kişilərin cəmiyyətin sosial-iqtisadi həyatında iştirakının müxtəlif aspektlərini əks etdirən on bölmə üzrə qruplaş dırılmışdır: əhali, səhiyyə, təhsil və elmi kadrlar, məşğulluq və işsizlik, əhalinin iqtisadi fəallığına dair statistika müşahidəsi, balıqçılıq və meşə təsərrüfatı, həyat səviyyəsi və sosial təminat, parlament, hüquqpozmalar və beynəlxalq müqayisələr.

“Fəaliyyət platforması” və “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli fərmanına uyğun olaraq Dövlət Statistika Komitəsi hər il Azərbaycan və ingilis dillərində “Azərbaycanda qadınlar və kişilər” adlı statistik məcmuə nəşr edir. Məcmuəyə gender statistikasına dair tələb olunan yeni göstəricilərin əlavə olunmasının təmin edilməsi məqsədilə 2012-ci ildən başlayaraq həmin məcmuəyə balıqçılıqla məşğul olan, meşə məhsullarının tədarükündə iştirak etmiş, nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsini alan şəxslərin gender bölgüsü və əhalinin yaş qrupları üzrə ölümün əsas səbəbləri, 60 yaşda olan əhalinin gözlənilən ömür uzunluğu, piylənmədən əziyyət çəkən uşaqların cins və yaş üzrə bölgüsü, qadın məsləhətxanaları və qadın məsləhətxanaları olan tibb müəssisələrinin sayı, fəaliyyət növləri üzrə fərdi sahibkarların gender bölgüsü, natamam məşğul olanların həftə ərzində iş saatları və cins üzrə bölgüsü, gender bərabərsizlik indeksi və s. kimi yeni göstəricilər daxil edilmişdir.

2012-ci ildə Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində “Gender” bölməsi yaradılmışdır və gender aspektində yeni və maraqlı məlumatlar komitə tərəfindən nəşr olunan “Azərbaycanda qadınlar və kişilər” adlı illik statistik məcmuəyə daxil edilir. Statistik məcmuə və Gender statistikası üzrə göstəricilər sistemi Dövlətstatkomun www.stat.gov.az rəsmi internet səhifəsinin “Gender” bölməsində yerləşdirilmişdir.

2015-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 817 min nəfərini qadınlar təşkil etmişdir. Ötən il doğulmuş 170,5 min körpənin 46,4 faizi qızlardır. Qadınların 55,6 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir. MDB-yə üzv ölkələrin əksəriyyətində bu göstərici 13-17 arasında dəyişir və yalnız Tacikistanda 35, Qırğızıstanda 26, Türkmənistanda 25-dir.

Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 20 doğum evi, 138 qadın məsləhətxanası, 251 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı, xüsusi çəkisi 48,4 faizdir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 76,6 faizi, orta ixtisas təhsil müəssisələrində 77,1 faizi, ali təhsil müəssisələrində 48,8 faizi, həkimlərin isə 64,8 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 45,9 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,5 faizi qızlardır.

Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Elmi işçilərin 53,5 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı 2,3 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 14-ü, akademiklərdən 5-i qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,5 faiz, sahibkarlar arasında 19 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,6 faizi qadınlardır.

Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olmuşdur. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4 faiz təşkil etmişdir.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2008-ci ildə onların sayı 6187 nəfər olduğu halda, 2014-cü ildə 10278 nəfərə çatmışdır.

Göründüyü kimi, Azərbaycan qadınları cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Rza ALLAHVERDİYEV,
Dövlət Statistika Komitəsi
Əhali və gender statistikası
şöbəsinin müdiri
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim