logo


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
S Ə R Ə N C A M I

"2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın
inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında


  •       Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, ölkədə rəsmi statistikanın beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsini, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsini və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
  1. "2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
    2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;
    2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
  3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə hər il dövlət büdcəsi tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etsin.
  4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bakı şəhəri, 14 fevral 2018-ci il.
№ 3672
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
"2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı" (PDF: 391 KB)

© 2024 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi