image

Dövlət Statistika Komitəsi Banqkokda keçirilən regional tədbirdə təmsil olunur

28.03.2018

26-29 mart 2018-ci il tarixlərində Tailandın paytaxtı Banqkok şəhərində 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəliklə müəyyən edilmiş şəhər və yaşayış məntəqələrinin yaşayış üçün əlverişliliyinin, təhlükəsizliyinin, dayanıqlılığının və ekoloji tarazlığının təmin edilməsi məqsədi üzrə göstəricilərlə əlaqədar Asiya və Sakit okean ölkələri üçün regional seminar keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatının Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri Rasim Səfərov iştirak edir.

BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) və Yaşayış Məntəqələri üzrə Proqramı (UN–Habitat) tərəfindən birgə təşkil edilən tədbirin əsas məqsədi region ölkələrinin milli statistika qurumları və müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının, aidiyyəti ekspertlərin şəhər üzrə məlumatların idarə edilməsi, təhlili, yerli və ölkə səviyyəsində qərarların qəbulunda məkan məlumatlarından istifadə potensialının artırılmasından ibarətdir. Seminarın gündəliyinə məkan göstəricilərinə dair məlumatların dezaqreqasiya səviyyəsi, onların toplanması, təhlili, istifadəsi və yayılması sahəsində milli siyasi, hüquqi və institusional çərçivələr ilə yanaşı BMT-nin UN–Habitat proqramı tərəfindən hazırlanmış metodologiyaların tətbiqi ilə bağlı aktual məsələlər də daxil edilib. Üç gün davam edən seminarda məkan göstəriciləri üzrə məlumatların idarə edilməsi sahəsində milli təcrübələr, mövcud çətiniliklər və alternativ metodlar müzakirə ediləcək.