image

Dövlət Statistika Komitəsində Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərinə dair tematik seminar keçirilir

26.09.2018

Sentyabrın 26-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə “Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi məqsədilə keyfiyyətli məlumatların hazırlanması istiqamətində hökumətin imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində seminar öz işinə başlayıb.

Tematik seminarda Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun nümayəndələri də iştirak edirlər.

Açılış nitiqi ilə çıxış edən Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov bildirib ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli, regional və qlobal səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksək keyfiyyətli məlumatların təmin edilməsi baxımından BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında təsdiq edilmiş qlobal göstəricilər sistemi böyük əhəmiyyətə malikdir. Eyni zamanda, yeni vəzifələr baxımından statistik məlumat istehsalçıları üçün çox ciddi çağırışdır. Bu göstəricilərə dair məlumatların kəmiyyət və keyfiyyətinin qlobal gündəliyin tələblərinə uyğun təkmilləşdirilməsi məqsədi ilə, statistika potensialının gücləndirilməsi üçün resurslar səfərbər edilməli və səylər əlaqələndirilməlidir. Bu, beynəlxalq təcrübə mübadiləsinin aparılması və həyata keçirilən təşəbbüslərin dəyərləndirilməsini ön plana çəkir.Bu mənada DİM-ə nail olunmasının monitorinqinin təşkili sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi baxımından BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə ərsəyə gələn bu seminar vacib əhəmiyyətə malikdir.

FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak bildirib ki, DİM-nin uğurlu icrasında mühüm amillərdən biri məlumatların toplanılması, hədəflərin monitorinqi və irəliləyişin ölçülməsi sahəsində yeni, kəsərli üsulların tətbiqdir. FAO nəticə və maneələrin monitorinqi və hesabatlığını təkmilləşdirmək məqsədilə ölkələrin statistik potensialının artırılmasına dəstək göstərir.

İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev isə seminarın keçirilməsinin olduqca aktual olduğunu qeyd edərək, FAO-nun mandatına uyğun DİM göstəriciləri üzrə məlumatların dövlət qurumları ilə birgə hazırlanmasının vacibliyini diqqətə çatdırıb.  

Seminar Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının beynəlxalq ekspertləri Georgi Kvinikadze və Zaza Çelidzenin  FAO-nun DİM-in regional və milli səviyyədə monitorinqi və həyata keçirilməsində rolu, FAO-nun himayəsi altında olan 21 göstəricinin hər birinin metodologiyası, göstəricilərin işlənib hazırlanmasında lazım olan məlumatlar və onların əldə edilməsində ölkə tərəfindən atılacaq addımlar, eyni zamanda həmin göstəricilərin işlənib hazırlanması prosedurları və bu proseduralar daxilində FAO ilə qarşılıqlı əlaqələrin yaradılması mövzularını əhatə edən təqdimatları ilə davam edib.

Üç gün davam edəcək tədbirdə əhalinin ərzaq təhlükəsizliyi, qida itkiləri, kənd təsərrüfatı sahəsində məhsul istehsalı ilə məşğul olan müəssisələrin məhsuldarlığı, kənd təsərrüfatı və ərzaq istehsalı üçün nəzərdə tutulan bitki və heyvan mənşəli genetik ehtiyatları, dayanıqlı inkişaf baxımından kənd təsərrüfatına yararlı torpaqlar, ərzaq bazarında qiymət anomaliyaları, sudan istifadə səmərəliliyinin dəyişməsi, su ehtiyatlarına düşən yükün səviyyəsi, bioloji dayanıqlı həddə olan balıq ehtiyatları, ekoloji cəhətdən rasional balıqçılıq, habelə meşə təsərrüfatının dayanıqlı idarəedilməsi sahəsində monitorinq və qiymətləndirmənin aparılması üçün mövcud göstəricilər üzrə reprezentativ məlumat istehsalı və mübadiləsinin bütün mərhələlərinə toxunulacaq.