AZ    EN
logo

Paris şəhərində Avropa Statistikləri Konfransının 62-ci plenar sessiyası keçirilmişdir

22.04.2014

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Əmək statistikası şöbəsinin müdiri Natella Quliyeva və Əhali və gender statistikası şöbəsi müdirinin müavini Xalıq Nəsibov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən 9-11 aprel 2014-cü il tarixlərində Paris şəhərində təşkil edilmiş Avropa Statistikləri Konfransının 62-ci plenar sessiyasında iştirak etmişlər.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının mərkəzi qərargahında təşkil edilmiş bu tədbirdə 51 Avropa və digər dünya ölkələrinin milli statistika orqanlarının, eləcə də BMT-nin Statistika şöbəsinin (UNSD), BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO), Beynəlxalq Əmək Təşkilatının (İLO), Ümumdünya Turizm Təşkilatının (UNWTO), Ümumdünya Ticarət Təşkilatının (WTO), Avropa İqtisadi Komissiyasının (UNECE), Avropa Azad Ticarət Assosiasiyasının (EFTA), Avrostatın, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və MDB Dövlətlərarası Statistika Komitəsinin nümayəndələri də daxil olmaqla ümumilikdə 158 nəfər iştirak edirdi.
62-ci plenar sessiyada statistik fəaliyyətin optimallaşdırılması və modernizasiyası məsələləri müzakirə olunmuşdur. Seminar rəsmi statistikanın faydalılığının yeni dərkinin necə həyata keçirilməsinə və bu faydalılığın məlumatların istehsalı sahəsində daim güclənən rəqabət şəraitində izahına həsr edilmişdir. Eyni zamanda rəsmi statistikaya ictimai marağın artırılması üzrə konkret tədbirlər müzakirə olunmuşdur.
Sessiya çərçivəsində miqrasiya statistikası məsələlərinə ayrıca seminar həsr olunmuşdur. Seminarda miqrasiya statistikasının keyfiyyətinin, açıqlığının təkmilləşdirilməsinə olan tələblər nəzərdən keçirilmiş və miqrasiya üzrə bir sıra göstəricilərin təkmilləşdirilməsi imkanları, həmçinin miqrasiya proseslərinin ölçülməsinə innovativ yanaşmaların tətbiqi imkanları müzakirə olunmuşdur.
Qeyd olunanlarla yanaşı sessiyada statistik istehsalın və xidmətlərin modernizasiyası üzrə yüksək səviyyəli qrupun fəaliyyətinin nəticələri təqdim olunmuşdur.
BMT AİK ölkələri arasında statistik fəaliyyətin beynəlxalq əlaqələndirilməsi məsələsinin müzakirəsi çərçivəsində geniş məlumatlar (Big Data), sahibkarlıq üzrə statistika, sosial müdafiənin ölçülməsi üzrə dərinləşdirilmiş araşdırmaların nəticələri nəzərdən keçirilmiş və təqdir olunmuşdur. Statistika orqanları qarşısında duran strateji məsələlər, o cümlədən davamlı inkişaf, mikroməlumatlar, qabaqlayıcı göstəricilər, kombinasiya olunmuş göstəricilər və əhval-ruhiyyə göstəriciləri, həmçinin konseptual və əlaqələndirici səciyyəli digər məsələlər müzakirə olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim