AZ    EN
logo

“Ətraf Mühit İnformasiya Sistemi (ENPI-SEIS) layihəsi” üzrə İdarəetmə Komitəsinin Kopenhagen şəhərində keçirilən iclasının yekunları haqqında

25.09.2014

Cari il sentyabr ayının 16-17-də Kopenhagen şəhərində “Avropa Qonşuluq və Əməkdaşlıq Siyasəti - Ətraf Mühit İnformasiya Sistemi (ENPI-SEIS) layihəsi” üzrə İdarəetmə Komitəsinin 5-ci iclası keçirilmişdir. İclasda Cənubi Qafqaz, Belarus, Moldova və Ukraynanın statistika və ekologiya orqanlarının əməkdaşları, eləcə də ENPI-SEIS-in Cənub regionu ölkələrinin nümayəndələri iştirak etmişlər. Azərbaycan Respublikasını bu tədbirdə Dövlət Statistika Komitəsi Aparatının Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin Ekologiya, meşə təsərrüfatı və balıqçılıq statistikası sektorunun müdiri Rəna Lazımova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Rəşad Allahverdiyev təmsil etmişlər.
Ekoloji informasiya üzrə birgə sistemin yaradılmasına dair “Avropa Qonşuluq və Əməkdaşlıq Siyasəti layihəsi”nin məqsədi monitorinq və ətraf mühitin vəziyyətinin təhlilini aparan, eləcə də müvafiq göstəricilərə əsaslanan ekoloji hesabatları hazırlayan, ekologiya sahəsində fəaliyyət göstərən təşkilatların, statistika və digər orqanların potensialının artırılmasından ibarət olmuşdur.
İclasda ayrı-ayrı ölkələrin xüsusiyyətləri və tələbatları nəzərə alınmaqla Şərq və Cənub regionları üçün ayrıca qruplar təşkil edilmiş və tədbir iştirakçıları həmin qruplarda işi davam etdirmişdir. Şərq regionu ölkələri qrupuna daxil olan Azərbaycan və digər ölkələrin nümayəndələri tərəfindən layihə çərçivəsində son bir ildə görülən işlər haqqında məlumat verilmişdir. Azərbaycan nümayəndələri qeyd etmişlər ki, Dövlət Statistika Komitəsi tərəfindən ekologiya statistikası üzrə göstəricilərin SDMX formatında metaməlumatlar sistemi yaradılmış və Komitənin rəsmi internet səhifəsində yerləşdirilmişdir. BMT-nin Avropa İqtisadi Komissiyasının “Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (ŞAQMA) ölkələrində ekoloji göstəricilərin istifadəsinə dair Tövsiyələr”i əsasında “Azərbaycan Respublikasının ekoloji göstəricilər sistemi”nin hazırlanaraq Dövlətstatkomun və BMT-nin Statistika Şöbəsinin (https://unstats.un.org/unsd/dnss/SearchResults.aspx) internet səhifələrinə, ENPI-SEIS layihəsi üzrə tələb olunan 8 göstərici barədə geniş məlumatların xüsusi bölmə kimi azərbaycan və ingilis dillərində Dövlətstatkomun internet səhifəsinə daxil edilməsi kimi mühüm işlərin yerinə yetirildiyi də iştirakçıların diqqətinə çatdırılmışdır.
Tədbirdə 2015-ci ildən sonrakı dövr üçün prioritet sahələr üzrə perspektivlər müzakirə edilmişdir. Tullantılar mövzusu gələcək əməkdaşlığın prioritet məsələsi kimi irəli sürülmüşdür. Milli və regional səviyyədə olan göstəricilər əsasında ətraf mühitin vəziyyətinə dair qiymətləndirmə məruzələrinin müntəzəm nəşri, ekoloji informasiyanın gələcəkdə yayımı və elektron informasiya sistemlərindən ictimaiyyətin istifadəsinin asanlaşdırılması vacib məsələlərdən hesab olunmuşdur.
Regionlar üzrə paralel iclaslardan sonra keçirilən ikinci plenar iclasda regional iclasların nəticələri və tövsiyələri təqdim edilmiş, ENPI-SEIS layihəsinin qrafiki və gələcək perspektivləri müzakirə edilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim