AZ    EN
logo

İsveçrənin Nevşatel şəhərində “Seçmə statistika müayinələri üçün müasir metodlar”a dair treninq kursu təşkil olunmuşdur

01.10.2014

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Statistik məlumatların Elmi - Tədqiqat və Layihə- Texnoloji Mərkəzinin direktoru Saleh Mövlamov, Statistika işlərinin əlaqələndirilməsi şöbəsi müdirinin müavini Toğrul Əcəlov və həmin şöbənin məsləhətçisi Fuad Qocayev cari ilin 15-19 sentyabr tarixlərində İsveçrə Federal Statistika İdarəsi və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən, İsveçrənin Nevşatel şəhərində “Seçmə statistika müayinələri üçün müasir metodlar”a dair təşkil olunmuş treninq kursunda iştirak etmişlər. Kursun təşkil olunmasında əsas məqsəd seçmə müşahidələrin aparılmasında tətbiq olunan metod və üsulların nəzəri əsasları və seçmə statistika müşahidələrinin aparılmasında daha müasir metodlardan istifadə olunmasıdır. Kursda Azərbaycan, Belarus, Ermənistan, Moldova, Ukrayna, Gürcüstan və hər bir ölkə üzrə 3 nəfər olmaqla ümumilikdə 18 nəfər iştirak edirdi.
Kurs R-tətbiqi proqram paketi haqqında məlumatlar, müşahidələrdə cavablandırılmayan sorğu anketləri, variasiyanın qiymətləndirilməsi, seçmənin müşahidələrinin koordinasiya metodları barədə mövzuları əhatə etmişdir.
Kursun birinci günü İsveçrədə və Avropanın bir sıra ölkələrində istifadə olunan R statistik proqram paketi (R-SPP) və onun tətbiqi sahələri haqqında məlumat verilmişdir. Kurs çərçivəsində bu proqramdan istifadə qaydaları, onun əhatə dairəsi, baza anlayışlar, R statistik proqram paketində obyektlər, məlumatların import və eksportu, göstəricinin statistika xarakteristikaları, qrafiklər və statistika proqram paketləri haqqında məlumatlar verildikdən sonra praktiki məşğələlər keçirilmişdir.
Treninqin 2-ci və 3-cü günlərində statistik müşahidələrdə cavablandırılmayan sorğu anketləri və variasiyanın qiymətləndirilməsi ilə bağlı mövzular tədris olunmuşdur. Tədris zamanı qeyd olunmuşdur ki, sorğu anketlərinin cavablandırılmaması kənarlaşmanın və xətanın artması, seçməyə çəkilən xərclərin artırılması kimi problemlərə səbəb olur. Bununla yanaşı, tədris zamanı seçmə layihələndirilməsində tətbiq olunan seçmə metodları: sadə təsadüfi seçmə; bərabər olmayan ehtimalla seçmə; klaster seçmə; sistematik seçmənin qiymətləndirilməsi ilə bağlı müxtəlif metodlar, reqressiya və korrelyasiya və s. haqqında məlumat verilmişdir.
Kursda əsas məsələlərdən biri də çəkilərin kalibrasiya metodu idi. Seçmə müayinə məlumatlarının baş məcmuya şamil edilmək üçün dünyada ən geniş yayılmış çəki metodundan fərqli olaraq daha çox faktordan istifadə edilməsi kalibrasiya metodunun əsas üstünlüyü kimi qeyd olunmuşdur.
Kursun 4 və 5-ci günləri seçmə müşahidələrin koordinasiya məsələləri mövzusunu əhatə etmişdir. Seçmə müşahidələrin koordinasiyası rəsmi statistikada geniş yayılmış problemlərdən biri hesab olunur. Seçmə müşahidələrin koordinasiyasının əsas məqsədlərindən biri respondentə düşən statistik yükün azaldılması, daha dəqiq qiymətləndirmələrin aparılması, eyni zamanda seçmələr arasında koordinasiyanın yaradılmasıdır.
Tədbirin sonuncu günü tədris olunmuş mövzuların və ümumilikdə kursun təşkilatçılığı, onun mütəxəssislərə seçmə müşahidə sahəsində biliklərinin artırılması ilə bağlı qiymətləndirmə keçirilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim