AZ    EN
logo
image

Cenevrə şəhərində təşkil edilmiş “Əhali və mənzil fondunun siyahıyaalınmasına dair” seminar və ekspert qrupunun iclasının yekunları haqqında

03.10.2014

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Əhali və gender statistikası şöbəsinin müdiri Rza Allahverdiyev BMT-nin Avropa İqtisadi Komissiyası və Avrostat tərəfindən Avropa Statistikləri Konfransının iş proqramına uyğun olaraq 2014-cü il 22-26 sentyabr tarixlərində Cenevrə şəhərində təşkil edilmiş “Əhali və mənzil fondunun siyahıyaalınmasına dair” seminarda və ekspert qrupunun iclasında iştirak etmişdir.
Seminarın əsas məqsədi Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində 2020-ci il mərhələsində əhali və mənzil fondu siyahıyaalınmasına hazırlıq işlərinin həyata keçirilməsi və siyahıyaalma zamanı yarana biləcək problemlərin minimuma endirilməsinə nail olmaqdan, məlumatların işlənməsi və yayılması üçün istifadə edilən metod və texnologiyalara dair təcrübə mübadiləsinin aparılmasından, eləcə də əhali və mənzil fondu siyahıyaalınması ilə əlaqədar Avropa Statistikləri Konfransının tövsiyələrinin hazırlanması prosesinə MDB ölkələrinin cəlb olunması və bu ölkələrin təcrübəsinin öyrənilməsindən ibarət olmuşdur. Seminarda MDB ölkələrinin (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Ermənistan), eləcə də Albanya, Gürcüstan, Türkiyə, Estoniya, Latviya, Litva, İtaliya, Kanada, İsveç və İsveçrə statistika orqanlarının, MDB Statistika Komitəsinin, BMT-nin Avropa İqtisadi Komissiyasının və Avropa Statistika Bürosunun (Avrostat) mütəxəssisləri iştirak edirdilər. Ümumilikdə seminarda 38 nəfərin iştirakı təmin edilmişdir.
Seminarı BMT-nin Avropa İqtisadi Komissiyasının və Avropa Statistika Bürosunun Statistika şöbəsinin əməkdaşları açıq elan etdilər və əhali və mənzil fondu siyahıyaalınmalarının keçirilməsi, siyahıyaalma məlumatlarının əldə edilməsi və onun yayılmasının vacibliyinə dair iştirakçılara öz tövsiyələrini verdilər.
Seminarda əhali və mənzil fondu siyahıyaalınmasının 2020-ci mərhələsi üzrə Avropa Statistikləri Konfransının tövsiyələrinin layihəsi ətrafında müzakirələr aparıldı və seminarın sonunda ekspert qrupunun iclasında müzakirə olunacaq məsələlərə toxunuldu.
Seminardan sonra “Əhali və mənzil fondunun siyahıyaalınmasına dair” ekspert qrupunun iclası öz işinə başladı. Ekspert qrupunun iclasının əsas məqsədi 2020-ci il mərhələsi üçün əhali və mənzil fondu siyahıyaalınması üzrə Avropa Statistikləri Konfransının tövsiyələrinin hazırlıq prosesinin başa çatdırılmasından ibarət idi.
İclasda 42 dövlətin (Azərbaycan, Albaniya, Almaniya, Avstriya, Gürcüstan, Estoniya, Belarus, Bosniya və Hersoqovina, Belçika, Finlandiya, Fransa, İtaliya, İrlandiya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Latviya, Litva, Lüksemburq, Meksika, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Moldova, Montaneqro, Koreya, Rusiya Federasiyası, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Tacikistan, Tunis, Türkiyə, Ukrayna, Birləşmiş Krallıq, ABŞ və Ermənistan) milli statistika idarələrinin nümayəndələri və 8 beynəlxalq təşkilatın mütəxəssisləri iştirak edirdi.
İclasın gündəliyinə əhali və mənzil fondu siyahıyaalmasının 2010-cu il mərhələsi üzrə məlumatların yenilənməsi və 2020-ci il mərhələsi üçün tövsiyələrin hazırlanması, siyahıyaalmanın metodologiyası, siyahıyaalmanın texnologiyası, siyahıyaalmanın əməli aspektləri, keyfiyyətin idarə olunması, işçi heyəti, coğrafi xüsusiyyətlər, miqrasiya və mədəni-etnik xüsusiyyətlər, iqtisadi xüsusiyyətlər və kənd təsərrüfatı, təhsil xüsusiyyətləri, ev təsərrüfatları və ailə xüsusiyyətləri, demoqrafik xüsusiyyətlər, əlillik və mənzil şəraiti ilə bağlı mövzular daxil edilmişdir.
Mövzularla bağlı İtaliya, Estoniya, ABŞ, Hollandiya, Polşa, Serbiya, Norveç, Kanada və Türkiyə statistika xidmətlərinin, Avropa İqtisadi Komissiyasının, BMT-nin Statistika bölməsinin və MDB Dövlətlərarası Statistika Komitəsinin nümayəndələri məruzə etdilər.
Müzakirələr zamanı Dövlət Statistika Komitəsinin nümayəndəsi də daxil olmaqla bir sıra ölkələrin nümayəndələri qeyd etdilər ki, siyahıyaalmanın sorğu vərəqəsi tərtib olunarkən yerli xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. Bundan əlavə nümayəndəmiz tərəfindən bildirilmişdir ki, əlillərlə bağlı statistik məlumatlar rəsmi statistika hesabatı formalarında öz əksini tapmışdır və həmin məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur.
Tədbirin sonunda gələcəkdə görüləcək işlər barədə iştirakçılara məlumat verildi. Bildirildi ki, 2014-cü ilin dekabr ayınadək “2020-ci il mərhələsi üçün əhali və mənzil fondu siyahıyaalınmasına dair tövsiyələr”in layihəsinin hazırlanmasının tam başa çatdırılması, yenidən baxılması üçün 2015-ci ilin yanvar ayında BMT-nin Avropa İqtisadi Komissiyasının Baş Katibliyinə təqdim olunması, 2015-ci ilin 17-18 tarixlərində Baş Katiblikdə müzakirə olunması və sonda 2015-ci ilin aprel ayında bütün üzv ölkələrlə yenidən müzakirə olunaraq təsdiq edilməsi nəzərdə tutulmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim