AZ    EN
logo

Cenevrə şəhərində “Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi” üzrə işçi qrupun sessiyası keçirilmişdir

21.09.2015

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin Ekologiya, meşə təsərrüfatı və balıqçılıq statistikası sektorunun müdiri Rəna Lazımova 7-8 sentyabr 2015-ci il tarixində BMT-nin Avropa İqtisadi Komissiyasının “Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi” üzrə işçi qrupunun İsveçrənin Cenevrə şəhərində keçirilmiş sessiyasında iştirak etmişdir.
Sessiyada Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (ŞAQMA) ölkələrinin, eləcə də Albaniya, Avstriya, Makedoniya, İtaliya, İsveçrə, Finlandiya, Bosniya və Herseqovinanın, Ətraf Mühit üzrə Avropa Agentliyinin, BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP), Mərkəzi Asiya Regional Ətraf Mühit Mərkəzinin nümayəndələri iştirak etmişlər.
Sessiyada Avropa regionunda ekoloji informasiyanın birgə sisteminin (SEIS) yaradılmasında əldə edilmiş nailiyyətlərin icmalı üçün hesabat mexanizmi, “Avropa üçün ətraf mühit” mövzusunda nazirlər səviyyəsində keçiriləcək növbəti konfrans üçün SEIS-in qiymətləndirilməsinə dair məruzə, SEIS-ə daxil edilən məlumat və göstəricilər müzakirə edilmişdir.
BMT-nin Avropa İqtisadi Komissiyasının Ekoloji siyasət üzrə Komitəsi (ESK) ətraf mühit sahəsində SEIS-in yaradılmasında və fəaliyyətində əldə olunmuş nailiyyətlərinin qiymətləndirilməsi göstəricilərini təsdiq etmişdir.
İşçi qrupa Ekoloji siyasət üzrə Komitə (ESK) tərəfindən nazirlərin konfransına təqdim edilmək üçün SEIS-in yaradılmasında ölkələrin nailiyyətlərinin qiymətləndirilməsinə dair məruzə hazırlanması həvalə edilmişdir. Katiblik SEIS-in yaradılmasında Avropa İqtisadi Komissiyası ölkələrinin işinin səmərəliliyinin qiymətləndirilməsini hazırlayaraq sessiya başlamazdan əvvəl baxılmaq üçün ölkələrə təqdim etmişdir. Qiymətləndirmə hesabat mexanizmində öncədən nəzərdə tutulmuş SEIS üzrə səmərəlilik reytinqi əsasında hazırlanmışdır. Hər ölkə üzrə səmərəlilik 67 göstərici üzrə ölçülmüşdür.
Reytinqin nəticələrinə əsasən, SEIS-ın yaradılmasında ümumi səmərəlilik Azərbaycan Respublikası üzrə 57 faiz təşkil etmiş, 67 göstəricidən onlayn rejimində 38 göstəricinin mövcudluğu Dövlət Statistika Komitəsinin internet səhifəsində göstərilmişdir.
Tədbirin sonunda ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üzrə işçi qrupunun və ekoloji göstəricilər üzrə məqsədli işçi qrupunun birgə fəaliyyətinin yaxşılaşdırılması və ətraf mühitin monitorinqi və qiymətləndirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi və səmərəliliyin artırılmasının mümkün yolları haqqında katiblik tərəfindən məlumat verilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim