AZ    EN
logo

Dövlət Statistika Komitəsinin sədri Bolqarıstan Milli Statistika İnstitutunun prezidentini qəbul edib

22.10.2015

Oktyabr ayının 22-də Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski ilə görüşmüşdür.
Görüşün əsas məqsədi “Milli Statistika Sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin başlanması ilə bağlı məsələlərin müzakirəsi olmuşdur.
Bildirilmişdir ki, Tvinninq layihəsi Dövlət Statistika Komitəsi və Aİ mütəxəssislərinin qarşılıqlı səfərləri əsasında həyata keçiriləcəkdir. Layihənin icrasını təşkil etmək üçün layihə idarəetmə komitəsi yaradılacaqdır ki, layihəyə başlandığı dövrdən sonra komitə üzvləri rübdə bir dəfə Dövlətstatkomda toplaşıb rüb ərzində layihə üzrə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsini müzakirə edərək meydana çıxan problemləri həll edəcəklər. Tvinninq təlimatına əsasən, idarəetmə komitəsinin üzvləri Dövlət Statistika Komitəsi tərəfindən layihə rəhbəri və TRM tərəfdaşı, üzv dövlət tərəfindən əsas və ikinci dərəcəli layihə rəhbərləri və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşından ibarət olacaqdır.
Eyni zamanda görüşdə Tvinninq layihəsinə daxil olan statistik keyfiyyətin idarə edilməsi sistemi, coğrafi informasiya sistemi (CİS), gəlirlər və həyat şəraitinə dair statistika, əlil və sağlamlıq imkanları məhdud şəxslərə dair statistika və turizm statistikası komponentləri ətrafında müzakirələr aparılmışdır.
Sonda cənab Sergey Tsvetarski bu görüşdən razı qaldığını və Azərbaycan Dövlət Statistika Komitəsi ilə Bolqarıstan Milli Statistika İnstitutunun ikinci dərəcəli tərəfdaş kimi işləmək imkanına malik olması ilə əlaqədar öz məmnunluğunu bildirmişdir.
Cənab Tahir Budaqov da Dövlət Statistika Komitəsi ilə Bolqarıstan Milli Statistika İnstitutu arasındakı qarşılıqlı əməkdaşlığı müsbət dəyərləndirmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim