AZ    EN
logo

Dövlət Statistika Komitəsində “Rəsmi statistikanın inkişafı və təkmilləşdirilməsi yolları” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

30.10.2015

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 2621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”na uyğun olaraq, 30 oktyabr 2015-ci il tarixində Dövlət Statistika Komitəsində “Rəsmi statistikanın inkişafı və təkmilləşdirilməsi yolları” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Aparatın Məlumatların yayılması şöbəsinin təşkilatçılığı ilə keçirilmiş konfransda Dövlət Statistika Komitəsi aparatının, Baş Hesablama Mərkəzinin və Statistik məlumatlarının elmi-tədqiqat və layihə-texnoloji mərkəzinin mütəxəssisləri iştirak etmişlər.
Konfransın məqsədi sosial-iqtisadi qərarların qəbulunda statistikanın rolu, statistik məlumatların hazırlanmasında innovativ yanaşmalar, məlumatların keyfiyyətinin artırılması istiqamətində elmi-praktik əhəmiyyət kəsb edən məsələlərin aşkara çıxarılmasından ibarət olmuşdur.
Konfrans iştirakçıları Aparatın Əmək statistikası şöbəsi müdirinin müavini Nemət Xuduzadə “Əmək statistikasına dair yeni beynəlxalq standartların milli səviyyədə tətbiqi və təsiri”, Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin baş məsləhətçisi İlqar Vəliyev “Atmosferin çirkləndirilməsinin əhalinin sağlamlığına və uzunömürlülüyünə təsirinin reqressiya-korrelyasiya təhlili”, Ticarət və turizm statistikası şöbəsinin sektor müdiri Rauf Əliyev “Ölkədə turizm statistikası sistemi, turizmə dair statistik məlumatların əldə edilməsi metodları”, Sənaye və tikinti statistikası şöbəsinin aparıcı məsləhətçisi Şəfəq Kazımova “Sənaye sahəsinin inkişafının analitik təhlili üçün səmərəlilik statistik göstəricilər sistemi”, Statistika işlərinin əlaqələndirilməsi şöbəsinin sektor müdiri Etibar Yaqublu “Rəsmi statistikanın təşkili və təkmilləşdirilməsi yolları”, Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi müdirinin müavini Mələknisə Məhərrəmova “Maliyyə korporasiyaları sektoru, onun alt sektorları və institusional vahidləri”, Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin aparıcı məsləhətçisi Anar Əliyev “Dövlət Statistika Komitəsində yeni beynəlxalq keyfiyyət standartlarının tətbiqi”, Xidmət statistikası şöbəsinin baş məsləhətçisi Arzu Orucova “Səhiyyə statistikası haqqında”, həmçinin Statistik məlumatların elmi-tədqiqat və layihə -texnoloji mərkəzin Ekonometriya şöbəsi rəisinin müavini Səadət Rəhimova “Əhalinin ömür uzunluğunun proqnozlaşdırılması metodları”, Elmi-metodoloji şöbənin rəisi Zərifə Nağıyeva “Çoxölçülü statistik təhlil əsasında yoxsulluğun müəyyənləşdirilməsi” mövzularında maraqlı məruzələrlə çıxış etmişlər.
Məruzələrdən sonra konfrans diskussiya şəklində davam etdirilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim