AZ    EN
logo

“Azadlıq” qəzetinin 21-22 noyabr 2015-ci il tarixli nömrəsində Ş.Çobanoğlunun “Qırmızı yalan” adlı məqaləsi ilə bağlı Dövlət Statistika Komitəsinin şərhi

24.11.2015

Yaşadığımız demokratik cəmiyyət kütləvi informasiya vasitələrinin nümayəndələrinə öz fikirlərini sərbəst ifadə etmək, ictimaiyyəti məlumatlandırmaq, öz mülahizələri ilə bölüşmək üçün geniş imkanlar vermişdir. Bu, ölkədə demokratiyanın əsas atributlarından olan siyasi tolerantlıq, dözümlülük mühitinin formalaşması baxımından vacibdir. Məhz bunu əsas tutaraq bəzi hallarda mətbuatda, televiziya ekranlarında statistik rəqəmlərin düzgünlüyü ilə bağlı söylənilən əsassız tənqidlərə Dövlət Statistika Komitəsi dözümlü yanaşır, reaksiya vermir, deyilənləri müəlliflərin peşəkar səviyyəsinə və vicdanına buraxaraq, öz vəzifələrini yerinə yetirməkdə davam edir.
Lakin, “Azadlıq” qəzetinin 21-22 noyabr tarixli nömrəsində dərc olunmuş “Qırmızı yalan” adlı məqalə ilə əlaqədar Dövlət Statistika Komitəsi öz mövqeyini bildirməyi, məqalədə göstərilmiş məsələlərə aydınlıq gətirməyi məqsədəuyğun hesab edir.
Müəllif Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-oktyabr aylarında ölkədə ümumi daxili məhsul istehsalına dair yaydığı rəqəmləri ötən ilin eyni dövründə yayılan rəqəmləri ilə müqayisə etməyə cəhd göstərmiş, lakin statistik göstəricilərə bu sahədə öz səthi bilikləri prizmasından baxaraq səhv nəticələrə gəlmiş və Komitəyə qarşı əsassız ittihamlar irəli sürmüşdür.
Hər hansı ölkənin iqtisadiyyatı haqqında danışarkən ilk növbədə onun ümumi daxili məhsuluna dair məlumatlar ön plana gəlir. Ölkənin iqtisadi inkişafının ümumiləşdirici indikatoru kimi bu göstəricidən iqtisadçılar, siyasətçilər, mətbuat nümayəndələri və ümumilikdə cəmiyyət tərəfindən geniş istifadə edilir. Lakin, ümumi daxili məhsul göstəricisinin iqtisadi mahiyyəti və təhlili xüsusiyyətləri geniş ictimaiyyətə tam məlum olmadığından dərc olunan məlumatlar bəzi hallarda suallara səbəb olur.
Xatırladaq ki, ümumi daxili məhsul (ÜDM) BMT, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı və Avropa Komissiyası tərəfindən makroiqtisadi göstəricilərin hesablanması və yayılmasının vahid standartı kimi qəbul olunmuş Milli Hesablar Sisteminin (MHS-2008) əsas göstəricilərindən biridir. Bütün ölkələrin milli statistika orqanları kimi Dövlət Statistika Komitəsi də məhz MHS-dən istifadə edir (ÜDM göstəricisinin hesablanması metodologiyasına dair ümumi məlumatları Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində, aşağıdakı ünvanlarda əldə etmək olar:
http://www.azstat.org/MetaDataG/bchapsdmx.jsp?prkod=81001&prskod=16 http://www.stat.gov.az/menu/2/quality/az/lecture/system_nat_accounts_UDM_.pdf ).
İlk növbədə onu qeyd etmək lazımdır ki, ümumi daxili məhsul ölkədə istehsalın nəticələrini səciyyələndirən göstəricidir (MHS-2008, bənd 1.49). Onun artım sürəti isə mal və xidmətlər istehsalının artımını və ya azalmasını əks etdirir. Müxtəlif dövrlər arasında istehsalda baş verən real dəyişiklikləri əks etdirmək üçün ümumi daxili məhsul daimi qiymətlərlə hesablanır (MHS-2008, bənd 2.49).
ÜDM-in daimi qiymətlərlə hesablanması onun müqayisə edilən və ya baza kimi seçilmiş dövrün qiymətlərində ifadə edilməsi deməkdir. Bu hesablamalar müqayisə edilən dövrlər arasında baş verən qiymət dəyişikliyinin təsirini kənarlaşdıraraq istehsalının real artım dinamikasının müəyyən olunması üçün həyata keçirilir, başqa sözlə desək məhsulun fiziki kütləsinin dəyişməsini göstərir.
Misal üçün, 2014-cü ildə 10 ton həcmində məhsul istehsal edilmiş və 1 tonu 100 manata, 2015-ci ildə isə 12 ton məhsul istehsal edilərək 1 tonu 50 manata satılmışdır. Bu iki dövr ərzində istehsal edilmiş məhsulun dəyərini müqayisə etdikdə (2014-cü il: 10 x 100 = 1000 manat; 2015-ci il: 12 x 50 = 600 manat), onun 2015-ci ildə əvvəlki dövrə nisbətən 400 manat və ya 40 faiz azalmasını görərik. Lakin, xatırladaq ki, 2015-ci ildə 2014-cü ildəkindən 2 ton çox məhsul istehsal edilmişdir, yəni reallıqda istehsal 20 faiz artmışdır.
Bu misal beynəlxalq praktikada istehsalın və onun ümumiləşdirici göstəricisi olan ÜDM-in artımını səciyyələndirən göstəricilərin hesablanmasının ümumi prinsipini izah edir. Göründüyü kimi, bu prinsipə riayət edildikdə istehsalın artımı göstəricilərinə, valyuta məzənnələrinin dəyişməsi də daxil olmaqla, heç bir qiymət dəyişikliyi təsir etmir və yalnız “fiziki” artım nəzərə alınır.
Milli hesablar sistemində qiymət və həcm göstəricilərinin ölçülməsi qaydaları ilə daha ətraflı “2008-ci ilin Milli Hesablar Sistemi”nin 15-ci fəslində tanış olmaq olar (http://unstats.un.org/unsd/nationalaccount/sna2008.asp).
Beləliklə, Ş.Çobanoğlu məqaləsində bütün dünya tərəfindən qəbul olunmuş metodologiyanı kənara qoyaraq özünün kəşf etdiyi üsulla ÜDM-in hesablanmasına cəhd göstərmiş, istehsal həcminə yox, məhsulun dəyərinə istinad edərək sensasiya xarakterli əsassız nəticələrini oxuculara təqdim etmişdir. Müəllifin nəzərinə çatdırırıq ki, 2014-cü və 2015-ci illərin yanvar-oktyabr aylarında istehsal edilmiş ÜDM-nin dəyərində 3,3 milyard manatlıq azalmanın demək olar ki, yeganə səbəbi ötən illə müqayisədə dünya bazarında xam neftin qiymətinin 2 dəfəyə yaxın azalması olmuşdur. ÜDM-in bu dövrdə real artımı isə 3,3 faiz, o cümlədən neft sektorunda 0,5 faiz, qeyri-neft sektorunda isə 5,2 faiz təşkil etmişdir.
Rəsmi statistika məlumatlarından istifadə edənlərə məlumdur ki, Dövlət Statistika Komitəsi tərəfindən dərc olunan göstəricilərə dair yaranan suallara Komitə tərəfindən vaxtında və dolğun açıqlamalar verilir. İstifadəçilərlə əlaqə həm telefon, həm elektron poçt, həm də Komitənin internet səhifəsi vasitəsilə real vaxt rejimində həyata keçirilir. Komitədə təsdiq edilmiş xüsusi proqram əsasında istifadəçilər üçün statistikanın müxtəlif sahələri üzrə vaxtaşırı seminarlar və digər tədbirlər təşkil olunur ki, bu görüşlər zamanı istifadəçiləri maraqlandıran məsələləri, şübhə yaradan göstəriciləri müzakirə etmək mümkündür. Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin jurnalistlərlə sıx əlaqəsi vardır. Azərbaycan statistikasının tarixi, bu günü və inkişaf perspektivləri, sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq üçün Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə 21 sentyabr 2015-ci il tarixdə “Daha təkmil statistika - daha yaxşı həyat” mövzusunda elan edilmiş fərdi jurnalist yazıları müsabiqəsi də bu əlaqələrin inkişafına yönəldilmiş tədbirlərdən biridir. Bir çox tədqiqatçı və jurnalistlər statistik göstəricilərə dair əlavə məlumat və açıqlamaların alınması üçün Dövlət Statistika Komitəsinə müraciət edir ki, bu da onların öz işlərinə peşəkar, ictimaiyyətə çatdıracaqları fikir və sözlərinə məsuliyyətlə yanaşmalarının şəksiz göstəricisidir.
Zənnimizcə, faktları yoxlamadan, araşdırmadan yayaraq ictimaiyyəti yanlış fikrə yönəltmək ən azı qeyri-peşəkarlıqdır və öz nüfuzunu yüksək tutan heç bir jurnalist və ya mətbu orqanı buna yol verməməlidir.
Bu cür yazılarda Komitənin ünvanına irəli sürülən bütün ittihamları Dövlət Statistika Komitəsi qətiyyətlə rədd edir və onları Komitənin işinə qara yaxmaq, onu nüfuzdan salmaq, ölkə ictimaiyyətini çaşdırmaq cəhdləri kimi qiymətləndirir.
Sağlam tənqidə, elmi əsaslandırılmış irad və təkliflərə həmişə ehtiyacı olan Dövlət Statistika Komitəsi ölkə ictimaiyyətini əmin edir ki, statistika orqanları ölkənin sosial-iqtisadi həyatında baş verən hadisə və proseslərin qərəzsiz, sivil dünya qaydalarına uyğun, statistik tədqiqatlar əsasında cəmiyyətimizin məlumatlandırılması işini davam etdirəcəkdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim