AZ    EN
logo
image

Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində əhalinin siyahıyaalınmasının mühüm rolu

11.04.2019, 10:10

Ölkəmizin müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar, iqtisadiyyatımızın dinamik inkişafı və iqtisadi artım tempinə görə regionun lider dövlətinə çevrilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün yeni müstəvidə müdrikcəsinə davam etdirilən Ulu Öndərin dövlətçilik xətti, Prezidentimiz cənab İlham Əliyevin yorulmaz rəhbərliyi ilə Azərbaycanda aparılan islahatlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları və reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Danılmaz həqiqətdir ki, respublikamızda ardıcıl həyata keçirilən və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial-iqtisadi siyasəti uğurla icra olunan dövlət proqramları demoqrafiya və əhali sakinliyinin inkişafında öz müsbət təsirini göstərməkdədir.

Qeyd olunmalıdır ki, Şərqi Avropa və MDB dövlətləri arasında ilk dəfə olaraq demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məqsədi ilə ölkəmizdə Demoqrafik İnkişaf Konsepsiyası hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 290 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Sözügedən Konsepsiya milli maraqlar nəzərə alınaraq Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş bir sıra müvafiq beynəlxalq sənədlərin prinsiplərinə əsaslanmışdır. Bu Konsepsiya ölkəmizdə əhali sakinliyinin inkişafı sahəsində davamlı siyasətin hazırlanmasına və həyata keçirilməsinə təkan vermişdir.

Əhalinin siyahıyaalınmasının yekunları və cari uçot məlumatları əsasında əldə olunan demoqrafik göstəricilər ölkənin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının işlənib hazırlanmasında və həyata keçirilməsində əhəmiyyətli rol oynayır.

Demoqrafik göstəricilərə dair proqnoz məlumatlarından sosial-iqtisadi inkişafla əlaqədar gələcək planların qurulması zamanı istifadə olunur.  Proqnoz məlumatların hesablanması üçün əsas məlumat mənbələri əhalinin siyahıyaalınması, demoqrafik hadisələrin cari qeydiyyatı və əhalinin mexaniki hərəkətidir. Eyni zamanda, etibarlı proqnoz məlumatlarının əldə olunması üçün sosial-iqtisadi vəziyyətin kompleks qiymətləndirilməsi və fərziyyələrin əsaslandırılması da mühüm əhəmiyyət kəsb edir.

BMT-nin Avropa Statistikləri Konfransının əhalinin və mənzil fondunun siyahıyaalınması üzrə tövsiyələrində ölkələrdə bu tədbirin səmərəli şəkildə həyata keçirilməsi üçün müvafiq qanunvericilik aktları ilə dəstəklənməsinin vacibliyi qeyd olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2016-cı il tarixli 140 nömrəli Fərmanına əsasən 2019-cu ilin 1-10 oktyabr tarixlərində ölkəmizdə əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmana uyğun olaraq siyahıyaalma ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunların işlənməsi, nəticələrin dərc edilərək yayılması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə həvalə edilmişdir.

BMT-nin metodologiyasına görə ölkə ərazisində yaşayan bütün şəxslər haqqında sosial-iqtisadi, coğrafi-demoqrafik və etnik-mədəni əlamətlərinə görə məlumatların toplanması, ümumiləşdirilməsi və yayılması əhalinin siyahıyaalınmasının əsas məqsədidir. BMT-nin “Əhali və mənzil fondunun siyahıyaalınması - 2020” tövsiyələrində əhalinin siyahıyaalınmasının üzv ölkələr tərəfindən ən azı 10 ildən bir keçirilməsi qeyd olunmuşdu.

2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasından ötən müddət ərzində baş vermiş ictimai-siyasi və iqtisadi proseslər demoqrafik vəziyyətə də təsir göstərərək əhalinin sayına, yerləşməsinə, sosial-iqtisadi, cins-yaş və digər əlamətlər üzrə tərkibinin dəyişməsinə səbəb olmuşdur. Siyahıyaalma nəticəsində demoqrafik vəziyyətin öyrənilməsi ilə əhali haqqında dolğun məlumatlar əldə edilir və həmin məlumatlardan hesablamaların aparılması və proqnozların hazırlanmasında, eləcə də elmi-praktiki işlərdə və təsərrüfat fəaliyyətində istifadə olunur. Siyahıyaalınmanın bütövlükdə həm ölkə, həm də onun regionları üzrə aparılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, əhalinin tərkibinin müxtəlif əlamətlər üzrə öyrənilməsi ölkəmizin sosial-iqtisadi inkişafı üçün gələcək plan və proqramların hazır­lanmasında önəmli rol oynayır.

Əhalinin sayı və onun strukturu daim zamana görə dəyişir (insan doğulur və ya ölür,  yaşayış yerini dəyişir, nikaha daxil olur və ya boşanır, məktəbi və ya ali təhsil müəssisəsini  bitirir, yeni peşəyə yiyələnir və s.). Bu dəyişikliklər bütünlükdə iqtisadiyyatın və cəmiyyətin inkişafına öz təsirini göstərir. Demoqrafik hadisələrin qanunauyğunluqlarının dərk edilməsi yalnız etibarlı məlumatlar əsasında mümkündür.

 Hazırda demoqrafiya statistikası sahəsində ilkin məlumatların əldə edilməsi mənbələri aşağıdakılardır:

  • əhalinin siyahıyaalınması;
  • demoqrafik hadisələrin statistik cəhətdən cari qeydə alınması (doğum, ölüm, nikah və boşanmalar);
  • əhalinin  miqrasiyasının qeydiyyatı;
  • seçmə statistika müşahidələri.

Əhalinin siyahıyaalınması ənənəvi olaraq aşağıdakı əsas prinsiplərə söykənir:

  •  fərdi uçot - siyahıyaalma zamanı uçota alınan hər bir şəxs barədə məlumatlar elə toplanılır ki, onların xarakteristikalarını ayrıca qeydə almaq mümkün olsun. Bu, müxtəlif əlamətlərin çarpaz təsnifatını aparmağa və bir neçə əlamət üzrə məlumatlar əldə etməyə imkan verir;
  • məlumatların eyni dövrə aid olması - siyahıyaalmanın gedişində şəxslər barədə əldə edilən məlumatlar dəqiq müəyyən edilən konkret vaxta (siyahıyaalma anına) aid olmalıdır;
  • universallıq - əhalinin siyahıyaalınması ölkənin dəqiq müəyyən edilən ərazisində fərdlərin, ev təsərrüfatlarının və yaşayış vahidlərinin ümumi sayı barədə məlumatların əldə edilməsini təmin etməlidir. Əhalinin uçotu siyahıyaalma anına ölkənin dəqiq müəyyən edilən ərazisində yaşayan və ya olan hər bir şəxsi əhatə etməlidir;
  • kiçik ərazilər üzrə məlumatlar - siyahıyaalma ölkənin ən kiçik coğrafi ərazi vahidləri və kiçik əhali qrupları səviyyəsində əhalinin sayı və xarakteristikaları barədə məlumat əldə etməyə imkan verməli və eyni zamanda fərdi məlumatların konfidensiallığının qorunması kimi mühüm tələbə riayət edilməlidir;
  • dövrilik - siyahıyaalma mütəmadi dövriliklə keçirilməlidir ki, müqayisə oluna bilən məlumatlar müəyyən edilmiş ardıcıllıqla əldə edilsin. Siyahıyaalmanın ən azı on ildən bir keçirilməsi tövsiyə olunur.

Lakin son iyirmi ildə BMT-nin Avropa İqtisadi Komissiyasının (BMTAİK) əhatə etdiyi regionda siyahıyaalma konsepsiyasına daha geniş yanaşmanı nəzərdə tutan əlavə yeni metodlar işlənib hazırlanıb. Bəzi ölkələrdə bütün şəxslərlə sorğu aparılmasına əsaslanan ənənəvi üsul öz yerini inzibati reyestrlərdə yer alan məlumatlardan istifadə metoduna verib. Bundan başqa, prioritet bütün şəxslərin və onların xarakteristikalarının nəzərə alınmasından bütün əhali və ən kiçik ərazi vahidləri barədə daha tez-tez əldə edilən əhəmiyyətli məlumatların istifadəsinə doğru dəyişib. Nəticədə BMT-nin AİK regionunda əhalinin siyahıyaalınmasının ümumi anlayışı məlumatların toplanması üçün istifadə edilən metodologiyadan daha çox, materialların əldə edilməsi üzrə fəaliyyətlərə əsaslanır.

Şəxslərdən fərdi məlumatların əldə edilməsi yolu ilə aparılan siyahıyaalmalar,  müxtəlif ölkələrdə, heç də bütün hallarda vahid nümunə əsasında həyata keçirilmir. Lakin nəzərə almaq lazımdır ki, bu tədbirin ümumi xarakter daşıyan bəzi əsas elementləri vardır.

Bunu nəzərə alaraq siyahıyaalmanın aparılmasını xronoloji baxımdan aşağıdakı mərhələlərə bölmək olar:

  • maraqlı tərəflərin səfərbər edilməsi;
  • hazırlıq işlərinin görülməsi (o cümlədən normativ və metodoloji bazanın yaradılması, sınaq işlərinin aparılması və s.);
  • uçotun aparılması;
  • məlumatların emalı;
  • yayımdan əvvəl məlumatların keyfiyyətliliyinin təmin edilməsi;
  • nəticələrin yayılması;
  • məlumatların əhatəliliyinin və keyfiyyətliliyinin qiymətləndirilməsi;
  • nəticələrin təhlili.

Yuxarıda sadalanan bütün mərhələlərdə məlumatların aktuallığı, dəqiqliyi, operativliyi, əlçatanlığı, izahlılığı və ziddiyyətsizliyi kimi bütün keyfiyyət aspektlərinin nəzərə alınmasını və qarşıya qoyulmuş məqsədə nail olunması üçün ən optimal variantın seçilməsini təmin edən strategiya tətbiq edilməlidir.

Çar Rusiyası dövründə Azərbaycan əhalisinin demoqrafik vəziyyəti haqqında məlumatların əldə edilməsi ilk dəfə 1897-ci il Birinci Ümumrusiya siyahıyaalmasının keçirilməsi ilə mümkün olmuşdur.

SSRİ dövründə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmaları 1926, 1939, 1959, 1970, 1979, 1989-cu illərdə, müstəqillik dövründə isə 1999-cu və 2009-cu illərdə keçirilmişdir. 

Ölkənin hər bir sakini haqqında tam və dolğun məlumat yalnız ümumi siyahıyaalma keçirməklə əldə edilir. Bir çox ölkələrdə qəbul edilmiş məlumatların məxfiliyinin qorunması və vətəndaşların siyahıyaalmada fəal iştirakının təmin edilməsi dövlətin məsuliyyətini aydın şəkildə tənzimləyən Konstitusiyada və ya müvafiq qanunlarda öz əksini tapmışdır.

Əhalinin siyahıyaalınması zərurəti bir də onunla əlaqədardır ki, ölkə üzrə iqtisadi təhlil, proqnozlaşdırma və planlaşdırma üçün şəhərlərin, rayonların, kənd və qəsəbələrin, bütövlükdə ölkənin əhalisi haqqında ayrı-ayrı deyil, müxtəlif əlamətləri birləşdirən məlumatların əldə edilməsinə yardım edir.

Əhalinin sonuncu siyahıyaalınmasının  nəticələri əvvəlki dövrlərdə olduğu kimi dövlətin sosial-iqtisadi siyasətinin tənzimlənməsi üçün, prioritet milli layihələrin inkişafının əsaslandırılması da daxil olmaqla, demoqrafik vəziyyətin qiymətləndirilməsi və bütün səviyyələrdə dövlət büdcəsinin müəyyən edilməsində son dərəcə vacib mərhələdir. Əvvəlki illərdə keçirilmiş və gələcəkdə keçirilməsi nəzərdə tutulan əhali siyahıyaalınmalarının məlumatlarının müqayisəsi sosial və iqtisadi sahələrdə daha çox tədbirlərin görülməsi üçün əsas olacaqdır.

Beləliklə, siyahıyaalma əhali haqqında məlumatların əsas və əvəzolunmaz mənbəyidir. Qarşıdakı siyahıyaalma müstəqil Azərbaycan Respublikasının tarixində üçüncü əhali siyahıyaalınması kimi qeyd olunacaqdır.

2019-cu ildə əhalinin siyahıyaalınması milli səviyyədə demoqrafik və sosial-iqtisadi inkişafa dair proqnozların hazırlanması ilə yanaşı beynəlxalq tövsiyələr və milli prioritetlər əsasında Azərbaycan Respublikasında əhalinin son siyahıyaalınmasından ötən on il ərzində əhali haqqında dəqiq və müfəssəl məlumatların əldə edilməsi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn hədəflərin qiymətləndirilməsinə imkan yaradacaqdır.

Əhalinin siyahıyaalınmasının keçirilməsi ölkə üzrə əhalinin sayı, yerləşməsi, milli (etnik) mənsubiyyəti, cins və yaş tərkibi, ailə vəziyyəti, təhsil səviyyəsi, ana dili və sərbəst danışdığı digər dillər üzrə bölgüsü, gəlir mənbələri, iqtisadi fəallığı, məşğulluğu, əlilliyi, əhalinin ölkədaxili və ölkələrarası hərəkətinin (miqrasiyanın) səbəbləri, iqtisadiyyatın sahələri və məşğulluq statusuna görə bölgüsü, ev təsərrüfatlarının sayı və tərkibi,  mənzil şəraiti və s. haqqında məlumatların əldə edilməsinə imkan yaradacaqdır.

Əvvəlki siyahıyaalmalardan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə olaraq daxil edilmiş əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə şərait yaradacaq.

Əhalinin siyahıyaalınması müəyyən bir zaman kəsiyində ölkədə əhalinin faktiki vəziyyətini görməyə, baş verən dəyişiklikləri təhlil etməyə və proqnoz verməyə imkan yaradır. Əhalinin siyahıyaalınmasının əhəmiyyəti əhalinin, hətta kiçik bir məskunlaşma yerində olsa belə, həyat fəaliyyətini hərtərəfli xarakterizə edən kompleks göstəriciləri əldə etməyə imkan verir. Məsələn, yalnız siyahıyaalma məlumatlarına əsasən əhalinin təhsil səviyyəsinə, yaşayış üçün əsas gəlir mənbəyinə dair məlumatları əldə etmək olar. Ayrılıqda şəhər və qəsəbələr, bütövlükdə ölkə üzrə ailələrin sayını, onların tərkibini, yaşayış üçün gəlir mənbələrini və ev təsərrüfatlarının mənzil şəraitini öyrənmək mümkündür.

Əhalinin siyahıyaalınmasının dəyəri, siyahıyaalmanın yekunları əsasında əldə olunacaq dolğun və müfəssəl məlumatlarla müəyyən edilir.

Əhalinin siyahıyaalınmasının nəticələri, əhali sayının cari hesablanmasında əldə edilə bilməyən demoqrafik hadisələri əks etdirir. Buna qeydə alınmayan nikahlar da daxildir. Qeyri-rəsmi nikahda olanlar haqqında məlumatların əldə edilməsi yalnız siyahıyaalınmada mümkündür.

Azərbaycanda çoxlu sayda millətlərin nümayəndələri yaşayır. Siyahıyaalma əhalinin milli tərkibinə dair, habelə əhalinin həyatının müxtəlif aspektlərini, onların məskunlaşmasını, məşğulluğunu və ölkəmizdə yaşayan xalqlar arasında qarşılıqlı prosesləri təhlil etmək üçün geniş materialdır. Hazırda əhalinin siyahıyaalınması əhalinin milli (etnik) tərkibi və dil bilikləri haqqında məlumatların yeganə mənbəyidir. Bu haqda cari statistikada məlumat yoxdur.

Siyahıyaalmanın əhəmiyyəti yalnız müxtəlif demoqrafik və etnoqrafik məlumat əldə etmək imkanı ilə məhdudlaşmır. Əhalinin siyahıyaalınması üzrə məlumatlar ölkənin inkişaf perspektivlərini qiymətləndirmək, proqnozların formalaşdırılması və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında gələcək strategiyaların hazırlanması üçün vacibdir. Əhalinin siyahıyaalınması zamanı əldə edilmiş məlumatlar dövlət orqanları tərəfindən büdcənin planlaşdırılması, uzunmüddətli layihələrin hazırlanması, sosial-iqtisadi siyasətin formalaşdırılması, məhsuldar qüvvələrin keyfiyyətinin və miqdarının dəqiqləşdirilməsi, istehlak bazarının öyrənilməsi üçün vacibdir.

Əhalinin siyahıyaalınması dövlət tədbiri olmaqla böyük əhəmiyyət kəsb edir. Əhalinin tərkibi, əmək ehtiyatları, elmi potensialı təhlil olmadan perspektiv inkişaf istiqamətləri proqramlarını həyata keçirmək mümkün deyil. Əhalinin siyahıyaalınması zamanı daxili və xarici miqrantlar haqqında da məlumat toplanılır. Miqrasiya haqqında məlumat - miqrasiya ilə bağlı insanların qərarlarına təsir göstərən amilləri və şəraiti anlamaq üçün hərəkət edən (köçən) insanların çoxölçülü portretini yaratmağa imkan verir.

Əhalinin siyahıyaalınması regionlar, bölgələr üçün də vacibdir.

Əhalinin siyahıyaalınmasının məlumatlarına biznes sahəsində də ehtiyac duyulur, belə ki, yalnız bir ölkə üçün, region, şəhər və digər bələdiyyələr üçün əmək resurslarının tam və dəqiq görünüşünü verən tam statistik məlumatlar əsasında biznes inkişaf edə bilər. Digər tərəfdən isə mövcud statistika potensial istehlakçıları tanımaq üçün kömək edəcəkdir.

Əhalinin siyahıyaalınması cəmiyyət üçün vacibdir. Dünya təcrübəsi göstərir ki, hər bir dövlətin əhalisi siyahıyaalmanın nəticələrini maraqla öyrənir. İnsanlar öz ölkəsinin dünya ölkələri arasında hansı yerdə olduğu ilə maraqlanırlar. Cəmiyyət müəyyən bir müddət ərzində özünün daha zəngin və firavan yaşadığını, daha təhsilli və mədəniyyətli olub-olmadığını və ya inkişafına vaxt sərf edib-edilmədiyini anlamaq üçün öz portretini görmək istəyir. Əhali əvvəlki siyahıyaalınmalarla özünü və özündən əvvəl gələn nəsilləri müqayisə edir.

Nəhayət, əhalinin siyahıyaalınması hər kəsə lazımdır. Əhalinin siyahıyaalınmasına qatılan hər bir şəxs özü haqqında məlumat verir. Siyahıyaalınma məlumatları əmək bazarının öyrənilməsinə və  ehtiyac duyulan yerlərdə yeni iş yerlərinin yaradılmasına, uşaqların sayı barədə məlumatlar yeni məktəblərin tikintisi planlarını yeniləməyə kömək edəcəkdir. Habelə yaşlar üzrə məlumatlar əhalinin təqaüdə nə vaxt və hansı sayda çıxacağının öyrənilməsinə, pensiyanın ödənilməsində zəruri məbləğin ehtiyat edilməsi üçün proqnozların aparılmasına imkan yaradacaqdır. Beləliklə, həyatın bütün sahələrində siyahıyaalınmanın məlumatlarına ehtiyac vardır.

Siyahıyaalmanın yekunları əsasında əldə edilən məlumatlar ölkənin sosial və iqtisadi vəziyyətinin xüsusiyyətlərinin perspektiv hesablamaları üçün əsas kimi xidmət edir. Bundan əlavə, sosial standartlar formalaşır, məsələn, hər 1000 nəfər uşaq üçün neçə uşaq bağçasına və məktəbə və hər 1000 nəfər əhali üçün neçə poliklinika və tibb məntəqəsinə ehtiyac var və s..

Ümumiyyətlə əhalinin siyahıyaalınmasının məlumatları ölkədə məşğulluq siyasətinin aparılmasında, miqrasiya proseslərinin vəziyyətinin öyrənilməsində, həmçinin bir sıra funksiyaların yerinə yetirilməsində, eləcə də elmin inkişafına dəstəyin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Başqa sözlə, siyahıyaalma yalnız statistik xülasə deyil, eyni zamanda iqtisadi və sosial proqnozlaşdırma alətidir. Nəhayət, əhalinin siyahıyaalınması ölkənin salnaməsidir. Onun nəticələri yalnız indiki nəslə deyil, həm də gələcək nəsillərə ünvanlanır.

Bu məlumatlar əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıran yaşayış, tikinti, səhiyyə, təhsil, kənd təsərrüfatı sahəsində prioritet milli layihələrin həyata keçirilməsinə təsir göstərəcəkdir.

Siyahıyaalmalararası dövrdə əhalinin sayı və tərkibində baş verən dəyişikliklərin dinamikasını izləmək üçün demoqrafik hadisələrin cari qeydiyyatının məlumatlarından istifadə edilir.

Respublikamızda demoqrafik hadisələrin cari qeydiyyatı həmin hadisələrin hüquqi qeydiyyatına əsaslanır. Doğum, ölüm, nikah və boşanma hadisələri Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən hüquqi rəsmiləşdirilir. Yaşayış yerinin dəyişməsi halları isə şəxslər yaşayış yerində qeydiyyata alınarkən və qeydiyyatdan çıxarkən rəsmiləşdirilir. Bu məlumatlardan əhalinin sayının cari hesablanması zamanı istifadə edilir.

Əhalinin sayının cari hesablanması əhalinin son siyahıyaalmasının yekunları əsasında aparılır və hər il bu ərazidə doğulanların və daimi yaşamaq üçün gələnlərin sayı əhalinin sayına əlavə edilir, ölənlərin və bu ərazidən köçənlərin sayı isə əhalinin sayından çıxılır. Növbəti siyahıyaalmanın yekunlarına əsasən əvvəlki siyahıyaalınmadan sonrakı dövrdə əhalinin sayı və tərkibi üzrə müvafiq  dəqiqləşdirmələr aparılır.

Əhali yaşayış yerlərinə görə şəhər və kənd əhalisinə bölünür. Şəhər yerlərinə şəhərlər və qəsəbələr aid edilir, qalan bütün yaşayış məntəqələri isə kənd yerləri hesab edilir.

Cari hesablama nəticəsində alınan nəticələr qaçılmaz xətalar səbəbindən reallığı tam əks etdirmir və real vəziyyətdən bir qədər fərqlənir. Təbiidir ki, əhalinin sonuncu siyahıyaalınmasından keçən müddət artdıqca xətaların sayı da çox olur.

Qeyd olunan xətaları nəzərə alaraq hər bir dövlət tərəfindən siyahıyaalmalararası dövrün bütün illər üzrə əhalinin sayının dəyişməsi templərinin proporsional olaraq yenidən bölüşdürülməsi məqsədi ilə yenidənqiymətləndirilmə həyata keçirilir.

2019-cu ildə keçiriləcək əhalinin siyahıyaalınmasının yekunlarına əsasən Azərbaycan Respublikasında da siyahıyaalmalararası dövrlər üzrə (2009-2019-cu illər) əhalinin təbii və mexaniki hərəkətinə dair müvafiq göstəricilərin yenidən qiymətləndirilməsi həyata keçiriləcəkdir.

Hər bir dövlət üçün siyahıyaalmanın yekun məlumatlarının etibarlığı, əhalinin cari statistikasının məlumatlarının tamlığı, əhali sayının təhlil olunan illər üzrə dəyişməsinə səbəb olan bütün komponentlərin əhatəliliyi və təsir dərəcəsindən asılı olaraq siyahıyaalınmalararası dövrlərdə yenidənqiymətləndirmənin aparılması fərqlidir.

2019-cu ilin 01-10 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək əhalinin növbəti siyahıyaalınmasının yekunları nəticəsində əldə ediləcək statistik məlumatlar Azərbaycanın gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsində əsas informasiya mənbəyi rolunu oynayacaqdır.

Rza Allahverdiyev
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
Əhali statistikası şöbəsinin müdir
i                                                                                                        

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim