AZ    EN
logo
image

Əhalinin növbəti siyahıyaalınması ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlara yeni impuls verəcək

06.09.2019, 13:54

Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində,  iqtisadi sahədə inkişaf əhalinin artımına bilavasitə  təsir edən amildir

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Oktyabrın 1-dən 10-dək ölkəmizdə əhalinin növbəti siyahıyaalınması keçiriləcək. Siyahıyaalmanın əhəmiyyəti, bu məsələyə beynəlxalq və milli səviyyədə xüsusi diqqət ayrılmasının səbəbi nədir? Növbəti siyahıyaalma zamanı tətbiq ediləcək yeniliklər hansılardır və prosesə hazırlıq vəziyyəti hansı səviyyədədir?

Bununla bağlı sualların cavabını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini, iqtisad üzrə fəlsəfə doktoru Vahab Məmmədov məqaləsində açıqlayıb. AZƏRTAC məqaləni təqdim edir.

Ölkəmizin iqtisadi və sosial inkişafı sahəsində davamlı tərəqqinin əldə edilməsinin əsas fundamental amillərindən biri son 25 ildə qəbul olunan dövlət strategiyaları və proqramlarının başlıca hədəfinin insan kapitalının inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılmasının olmasıdır. Ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu bu siyasət qloballaşan dünyada yeni çağırışlara cavab olaraq Prezident İlham Əliyev tərəfindən zənginləşdirilməklə uğurla həyata keçirilir. Aparılan sosial, iqtisadi islahatlar nəticəsində əldə olunmuş makroiqtisadi sabitlik fonunda əhalinin sosial rifahının yaxşılaşması ölkəmizdə dayanıqlı inkişafın təmin olunmasına imkan yaratmaqla yanaşı, demoqrafiya və əhali sakinliyi sahəsində müsbət meyillərin stimullaşdırılmasına təkan verir. 

Beynəlxalq təcrübə göstərir ki, inkişaf tendensiyalarının saxlanılması, sosial, iqtisadi vəziyyətin kəmiyyət və keyfiyyət baxımından dolğun qiymətləndirilməsi, hərtərəfli təhlillərin aparılması və ölkənin dayanıqlı inkişafı naminə vaxtında, daha düzgün və əsaslandırılmış qərarların qəbulu üçün əsas informasiya mənbəyi əhalinin siyahıyaalınmasıdır. Buna baxmayaraq, bir sıra hallarda ictimaiyyətdə belə bir sual yaranır ki, əhalinin siyahıyaalınmasına istər beynəlxalq, istərsə də milli səviyyədə bu qədər böyük diqqət ayrılmasının səbəbi nədir və belə genişmiqyaslı tədbirin keçirilməsinin xüsusi əhəmiyyəti nə ilə bağlıdır?

İlk növbədə, qeyd etmək lazımdır ki, əhalinin sayı, strukturu, ərazi baxımından sakinləşməsi, etnik tərkibi, təhsil səviyyəsi, sosial-iqtisadi vəziyyəti və digər xüsusiyyətləri baxımından siyahıyaalma dövlət informasiya ehtiyatlarının formalaşması üçün unikal bir mənbə kimi xarakterizə edilir və müəyyən bir tarixə demoqrafik və sosial-iqtisadi məlumatların əldə edilməsi üçün xüsusi imkan yaradır. Siyahıyaalma zamanı əldə olunan məlumatlar sosial, iqtisadi sahələrin inkişafı, ümumilikdə əhalinin rifahının yüksəldilməsi üçün müvafiq siyasətin formalaşmasında və həyata keçirilməsində mühüm rol oynayır. Bununla yanaşı, əhalinin siyahıyaalınması nəticəsində əldə olunan məlumatlar dövlət büdcəsinin formalaşmasında (dəqiq statistik məlumatlar olmadan effektiv investisiya siyasətinin müəyyən edilməsi və dövlət maliyyə resurslarının bölgüsünə nail olmaq mümkün deyil), əmək ehtiyatlarından səmərəli istifadə və işsizliyin azaldılmasında, səhiyyə, təhsil, kommunikasiya infrastrukturları və mənzil fondunun inkişafı və bir çox digər sosial-iqtisadi problemlərin həll olunmasında olduqca zəruridir. Siyahıyaalma məlumatları investorlara əhalinin əsas demoqrafik xüsusiyyətləri, əmək ehtiyatları və istehlak bazarı haqqında beynəlxalq standartlara cavab verən məlumatlar əldə etmək imkanı verir, əhali və əmək ehtiyatlarına dair marketinq tədqiqatlarının aparılmasını şərtləndirən uzunmüddətli biznes layihələri üçün informasiya bazası rolunu oynayır. Ölkənin əmək bazarındakı real vəziyyətin mürəkkəb və çoxşaxəli olması ilə əlaqədar cari rəsmi statistika hesabatları və tematik statistik müayinələr əsasında toplanan məlumatlar məşğulluq vəziyyətinin qiymətləndirilməsi üçün tam mənzərəni xarakterizə etməyə imkan vermir və əmək bazarında məşğulluğun inkişafı üçün yeni strategiya və proqramların hazırlanmasında məlumat çatışmazlığı yaranır. Bu baxımdan siyahıyaalmanın nəticələri əmək ehtiyatlarından istifadənin kəmiyyət və keyfiyyət parametrləri, işçi qüvvəsinin xarakteristikaları, o cümlədən əhalinin məşğulluq statusu (muzdlu işçilər, özünüməşğul), işsizliyin səviyyəsi, təhsil sisteminin əmək bazarının tələblərinə uyğunluğu barədə daha ətraflı məlumatlara giriş imkanı verir. Siyahıyaalınmanın əhəmiyyətindən biri də Azərbaycanda ailənin vəziyyətinə dair dolğun məlumatların əldə edilməsi və bunun əsasında ölkədə həyata keçirilən ailə siyasətinin daha da gücləndirilməsinə imkan yaradılmasıdır.

Siyahıyaalmadan əldə olunan məlumatlardan ölkənin sosial-iqtisadi inkişaf sahəsində siyasətin formalaşdırılması, demoqrafik cərəyanların təhlili, qəbul edilmiş inkişaf strategiyaları və proqramlarının səmərəliliyini qiymətləndirmək üçün istifadə edilir. Bir sözlə, əhalinin siyahıyaalınmasının nəticələri ölkəmizin sosial-iqtisadi həyatının bütün sferalarını əhatə etməklə statistik informasiya sisteminin əsasını təşkil edir. Əhalinin siyahıyaalınması bir tərəfdən mühüm siyasi və sosial-iqtisadi tədbirdir, digər tərəfdən isə gələcək inkişaf strategiyalarının hazırlanması üçün əsas məlumat bazasıdır.

Beləliklə, yuxarıda qeyd olunanlar əhalinin siyahıyaalınması ilə bağlı ictimaiyyətdə siyahıyaalınmanın əhəmiyyətinə dair yaranmış suala cavab kimi qiymətləndirilə bilər və vurğulamaq lazımdır ki, siyahıyaalma ötən onilliklər ərzində bütün dünya ölkələrində öz aktuallığını və tarixi dəyərini saxlayır.

Məlumat üçün qeyd etmək lazımdır ki, cari ilin oktyabrın 1-10-da həyata keçiriləcək əhalinin siyahıyaalınması müstəqil Azərbaycan Respublikasının tarixində sayca üçüncüdür. “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2016-cı il 16 dekabr tarixli Qərarına əsasən siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavininin və şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müavinlərinin sədrliyi ilə ümumilikdə ölkə üzrə əhalinin siyahıyaalınmasına yardım komissiyaları (86 ədəd) yaradılıb, aidiyyəti dövlət orqanlarının əhalinin siyahıyaalınması ilə bağlı müvafiq vəzifələri müəyyən edilib. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsini və onun keçirilməsini təmin etmək məqsədilə geniş tədbirlər planı həyata keçirilib. Belə ki, ölkəmizin müstəqilliyi dövründə əhalinin siyahıyaalınmalarının (1999 və 2009-cu illər) keçirilməsi təcrübəsi, o cümlədən təşkilati işlər və metodoloji baza təhlil edilib, BMT-nin 2020-ci il raundu çərçivəsində əhalinin və mənzil fondunun siyahıyaalınması üzrə ümumdünya proqramının tövsiyələrinə və ölkənin sosial-iqtisadi inkişafına yönəlmiş milli prioritetlərə əsaslanaraq bütün metodoloji sənədlər yenidən işlənib və təkmilləşdirilib. Bir sıra xarici ölkələrin (Rusiya Federasiyası, Türkiyə, Belarus, Qazaxıstan, Gürcüstan və sair) əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı yanaşmaları öyrənilib, BMT-nin Əhali Fondunun (UNFPA), Uşaq Fondunun (UNİCEF), BMT-nin İnkişaf Proqramının (UNDP), Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdə akkreditə olunmuş nümayəndəlikləri ilə əhalinin siyahıyaalınması ilə bağlı əməkdaşlıq istiqamətləri müəyyən edilib.

2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı tətbiq ediləcək siyahıyaalma və sorğu vərəqələrində bir sıra yeniliklər öz əksini tapıb. Siyahıyaalınmada istifadə olunacaq sorğu vərəqəsinə ilk dəfə olaraq əlilliyə dair suallar əlavə edilib. Bu suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə, məşğulluğuna və əhalinin siyahıyaalınması çərçivəsində toplanan digər göstəricilərə dair məlumatlar şəhər və rayonlar, eləcə də yaş qrupları üzrə əldə ediləcək. Bu da öz növbəsində, əlillərin sosial müdafiəsi və onların cəmiyyətə inteqrasiyası ilə bağlı dövlət siyasətinin inkişafı üçün zəruri məlumatlara olan tələbatın ödənilməsi səviyyəsini artıracaq. Bununla yanaşı, əldə ediləcək məlumatlar Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş bir sıra müvafiq beynəlxalq konvensiyalar, o cümlədən BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası çərçivəsində götürülmüş öhdəliklərin milli səviyyədə icrasının daha dolğun statistik qiymətləndirilməsinə və beynəlxalq təşkilatlardan daxil olan əhalinin bu kontingentinə dair sorğuların əhatəli cavablandırılmasına imkan verəcək. İnzibati ərazi vahidləri üzrə əmək ehtiyatlarının istifadəsini və əmək bazarında mövcud vəziyyəti daha dolğun təhlil etmək məqsədilə beynəlxalq metodoloji yanaşmalara əsaslanaraq sorğu anketinə işçi qüvvəsinin tərkibi və əhalinin məşğulluğuna dair bir sıra suallar daxil edilib.

Siyahıyaalma və sorğu vərəqələrində istifadə olunan terminlər milli normativ və beynəlxalq sənədlərə əsaslanır. Vərəqələr elə tərtib olunub ki, alınacaq məlumatlar bundan əvvəlki siyahıyaalmanın göstəriciləri ilə müqayisə aparılmasına imkan yaratsın. 2019-cu il əhali siyahıyaalınması bütün əhali üçün vahid olan siyahıyaalma proqramı əsasında sayıcılar tərəfindən bütün yaşayış yerlərini (müvəqqəti yaşayış yeri də daxil olmaqla) əhatə etməklə sorğu yolu ilə aparılacaq. Bu yanaşma nəticəsində əhalinin faktiki məskunlaşması barədə də mühüm məlumatlar əldə ediləcək.

Qeyd etmək lazımdır ki, əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2018-ci il oktyabrın 1-10-da Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınması keçirilib. Sınaq siyahıyaalınması zamanı Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış 50-dən çox metodoloji və köməkçi sənədlərin, proqram təminatlarının uğurla sınağı aparılıb. Sınaq siyahıyaalınmasından əldə olunmuş təcrübələr əsas siyahıyaalınmanın keçirilməsində istifadə olunacaq.

Siyahıyaalmanın uğurla həyata keçirilməsinin əsas şərtlərindən biri də əhalinin siyahıyaalınmasının inzibatiləşdirilməsi və siyahıyaalmaya cəlb olunacaq müvafiq kadr potensialının formalaşdırılmasıdır. Əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsi nəticəsində ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb, siyahıyaalınmaya cəlb olunacaq işçilərə olan tələbat müəyyən edilərək siyahıyaalma məntəqələrinin işçilərlə komplektləşdirməsi işi başa çatdırılıb.

Siyahıyaalmaya cəlb edilmiş bütün işçilər üçün xüsusi təlim proqramları hazırlanıb. Bu təlim proqramları Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi qaydalarını, siyahıyaalma və sorğu vərəqələrinin doldurulmasına dair göstərişləri, yerli statistika orqanlarının rəislərinin və Siyahıyaalma qrupu rəhbərinin şəhər, rayon və şəhər rayonu üzrə nümayəndələrinin, siyahıyaalma məntəqəsi müdirləri və onların müavinlərinin, təlimatçı-nəzarətçilərin və sayıcıların əhalinin siyahıyaalınması ilə bağlı vəzifələrini və fəaliyyət istiqamətlərini, ümumilikdə əhalinin siyahıyaalınması ilə bağlı hazırlanmış müvafiq metodoloji və digər sənədlərin izahlı əyani təqdimatını əhatə edib. Siyahıyaalma məlumatlarının elektron məlumat sisteminə daxil edilməsi və yekunların işlənməsi üçün məsələ qoyuluşu və çıxış cədvəllərinin nümunələri, habelə kodlaşdırma soraqçaları və müvafiq proqram təminatı hazırlanıb. Hazırlanan müasir proqram təminatları əsasında məlumatların ümumi bazaya daxil edilməsi mərhələsində əhali uçotunun tamlığı və düzgünlüyü, məlumatların məntiqi cəhətdən yoxlanılması məqsədilə nəzarət olunması təmin ediləcək.

Məlumdur ki, siyahıyaalmanın müvəffəqiyyətlə keçirilməsi əhali arasında maarifləndirmə işlərinin necə təşkil olunmasından çox asılıdır və bu məqsədlə əhalinin məlumatlandırılması üçün zəruri forma və metodlardan istifadə olunur. Kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə edilməsi əhalinin siyahıyaalınmasının mütəşəkkil keçirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. “Dayanıqlı gələcək naminə siyahiyaalınmada öz töhfəni əsirgəmə!” şüarı altında həyata keçirilən tədbirlərin əsas məqsədi əhalinin siyahıyaalmada könüllü olaraq fəal iştirakının təmin edilməsinə, siyahıyaalınmanın əhəmiyyəti və məqsədinə dair (ictimai maarifləndirmə və izahatı) təbliğat və maarifləndirmə işlərinin aparılmasıdır. Bu məqsədlə hazırlanmış müvafiq sosial videoçarxlar mərkəzi və yerli televiziya kanallarında, aparıcı elektron media vasitələrində, eyni zamanda, paytaxtın mərkəzi küçə və prospektlərində quraşdırılmış monitorlarda, Bakı Metropoliteni və Dənizkənarı Milli Parkın elektron lövhələrində yayımlanır. Təşviqat xarakteri daşıyan banerlər və plakatlar ölkənin bütün rayon və şəhərlərində müəyyən olunmuş dislokasiyalar üzrə yerləşdirilib. Bununla yanaşı, əhalinin siyahıyaalınması ilə bağlı maarifləndirmə tədbirlərinə töhfə vermək, əhalinin siyahıyaalınmasının əhəmiyyəti haqqında ictimaiyyəti geniş məlumatlandırmaq və əhali arasında təşviqat işlərini stimullaşdırmaq məqsədilə Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu əhalinin növbəti siyahıyaalınması ilə bağlı tədbirlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması məqsədilə fərdi jurnalist yazıları müsabiqəsini elan edib.

Əziz oxucu, dövlətimizin inkişafına, müstəqilliyimizin gücləndirilməsinə və ölkənin hər bir vətəndaşının sosial rifahının daha da yaxşılaşdırılmasına təkan verəcək əhalinin siyahıyaalınmasında fəal iştirak etmək hər birimizin vətəndaşlıq borcudur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim