AZ    EN
logo
image

“Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinə yekun vurulub

22.01.2020, 16:00

Yanvarın 22-də Bakıda Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində icrası başa çatan “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunan konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Sonra Şəhidlər xiyabanına gedən tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Konfransı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov açıq elan etdikdən sonra Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış ediblər.

Sonra tədbirdə Layihənin Qrup rəhbəri Rimantas Yuozas Vaicenaviçiusun “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi layihəsi: qarşıya qoyulmuş məqsədlər və əldə olunmuş nailiyyətlər”, İCON İnstitutunun Statistika şöbəsinin rəhbəri Roland Delemontun “Layihənin konsorsiumu: nəticələrə hesablanmış əməkdaşlıq”, Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyevin “Layihənin komponentləri: hədəflər və nəticələr” mövzularında    təqdimatları da numayiş olunub.

Niderland Mərkəzi Statistika Bürosunun Baş direktoru Tjark-Tsin-A-Tsoinin “Rəsmi statistikada istifadəçi tələblərinə cavab verən müasir stategiyalar”,  Litva Statistika Departamentinin Baş direktoru xanım Jurate Petrauskienenin “Avropa Statistika Sisteminin inkişafında statistik proseslərin statdartlaşdırılmasının rolu”, Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarskinin “Rəsmi statistikanın inkişafında davamlı beynəlxalq əməkdaşlığın rolu” və BMT-nin Avropa İqtisadi Komissiyasının Statistika şöbəsinin regional məsləhətçisi Steven Valenin “Avropa statistikasının beynəlxalq statistika sisteminə töhfəsi” mövzularında məruzələri dinlənilib.

Qeyd olunub ki, “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsi Dövlət Statistika Komitəsinin Avropa İttifaqı ilə birgə həyata keçirdiyi iki Tvinniq layihəsindən sonra 3-cu layihədir. Ölkəmizin statistika sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malik olmuş bu layihə çərçivəsində tərəfdaş ölkə mütəxəssislərinin Dövlət Statistika Komitəsinə ekspert missiyaları təşkil edilib, Dövlət Statistika Komitəsinin əməkdaşları  Niderland, Litva, Bolqarıstan, Portuqaliya və Rumıniyaya ezam olunaraq statistik təsnifatların tətbiqi, istehsalçı qiymət indeksləri, statistik keyfiyyətin idarə edilməsi sistemi və s.  sahələrdə beynəlxalq təcrübəni öyrəniblər.

Konfransda eyni zamanda “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması mərasimi də təşkil olunub. Anlaşma Memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Niderland Mərkəzi Statistika Bürosunun Baş direktoru Tjark-Tsin-A-Tsoi imzalayıblar.

Konfransda iştirakçıları və KİV nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb.

Qeyd edək ki, ölkəmizdə səfərdə olan Niderland, Litva və Bolqarstan milli statistika qurumlarının rəhbərlərinin Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim heyəti və tələbələri qarşısında Avropa və milli statistika sistemində baş vermiş son yeniliklərlə bağlı çıxışları da nəzərdə tutulub.   

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim