AZ    EN
logo
image

MDB iştirakçısı olan dövlətlərin milli statistika xidmətlərinin fəaliyyətinin informasiya təminatının təkmilləşdirilməsinə dair iclas keçirilir

05.06.2025, 16:49

2025-ci ilin 3-5 iyun tarixlərində Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsi tərəfindən “MDB statistikasının inkişafı” layihəsi çərçivəsində Tacikistan Respublikasının Düşənbə şəhərində “MDB iştirakçısı olan dövlətlərin milli statistika xidmətlərinin fəaliyyətinin informasiya təminatının təkmilləşdirilməsi”nə dair iclas keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov və İnformasiya texnologiyaları şöbəsinin müdiri Çimnaz Əliyeva iştirak ediblər.

İclas zamanı rəsmi statistikada müasir informasiya texnologiyalarının və süni intellektin tətbiqi, açıq məlumatların formalaşdırılması texnologiyası, onların yayılması və istifadəsi, beynəlxalq standartlar əsasında hazırlanan metaməlumatların informasiya resurslarının inteqrasiyasında və statistik istehsalın idarə olunmasında rolu, məlumatların toplanması, mübadiləsi və yayılmasında Statistik Məlumatların və Metaməlumatların Mübadiləsi Standartından (SDMX) istifadə, statistik göstəricilər kataloqunun hazırlanmasına dair məsələlər müzakirə olunub və ölkə təcrübələri bölüşülüb.

Tədbirdə “Statistik istehsalda informasiya texnologiyaları və istifadəçilər üçün elektron statistik xidmətlər: Azərbaycan təcrübəsi” təqdimatı ilə iştirakçılara son illər Azərbaycan Respublikasında məlumatların toplanması, emalı və yayılması sahəsində tətbiq edilmiş texnoloji yeniliklər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, hazırda Azərbaycanda bütün rəsmi statistika hesabatları elektron sənəd formasında, onlayn rejimdə təqdim edilir, məlumatlar avtomatik rejimdə yoxlanılır, emal olunur və statistik bülletenlər hazırlanır. Statistik informasiya ehtiyatları və sistemləri “Hökumət buludu”nda (G-cloud) saxlanılır və onların təhlükəsizliyi təmin olunur. Eyni zamanda, Dövlət Statistika Komitəsi tərəfindən göstərilən elektron xidmətlər və Koreya Statistika Komitəsi ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi haqqında da məlumat verilib və vurğulanıb ki, ASİS-in əsas üstünlüyü istifadəçi yönümlü olmasıdır. ASİS-də istifadəçilər məlumat bazasında yerləşdirilmiş rəsmi statistika məlumatları əsasında öz istəyinə uyğun real vaxt rejimində cədvəllər, dinamika sıraları tərtib edə, məlumatları qrafiklər vasitəsilə vizuallaşdıra, çap edə və yadda saxlaya bilərlər. Təqdimat maraqlı qarşılanıb və iştirakçıların sualları cavablandırılıb.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim