XƏBƏRLƏR >>

2009-2011-ci illərdə Azərbaycanda Milli hesablar statistikası üzrə göstəricilərin təkmilləşdirilməsinə dair fəaliyyət planı və onun yerinə yetirilməsi haqqında

Dövlət Statistika Komitəsində 2009-2011-ci illər ərzində Milli hesablar statistikası üzrə göstəricilərin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi və o cümlədən BMT-nin MHS-2008-də baş vermiş bir sıra dəyişiklik və yeniliklərin əməli işdə tətbiqi sahəsində bir sıra işlər görülmüşdür.
Bu dövr ərzində həyata keçirilmiş işlər aktiv və passivlər balansı göstəricilərinin, maddi dövriyyə vəsaitlərinin ehtiyatları haqqında məlumatların, elmi tədqiqat və işləmələrin nəticələrinin milli hesablar statistikasında nəzərə alınması metodikasının, ümumi daxili məhsul göstəricisi, maliyyə vasitəçilərinin şərti hesablanmış xidmət haqları və müşahidə olunmayan iqtisadiyyat üzrə aparılan hesablamaların təkmilləşdirilməsi, İqtisadi fəaliyyət növləri təsnifatının yeni versiyasının milli hesablar statistikası göstəricilərinə tətbiqi, qısamüddətli (aylıq, rüblük) statistik məlumatların müqayisəsi praktikasının beynəlxalq standartlar səviyyəsinə çatdırılması və milli hesablar statistikası üzrə göstəricilərin əhatəliliyini və məlumatların keyfiyyətini təmin edən digər məsələləri əhatə etmişdir.
Dövlət Statistika Komitəsinin bu sahədə fəaliyyəti, işlərin səmərəli və dəqiq planlaşdırılaraq yerinə yetirilməsi beynəlxalq statistika təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın bu sahədə təcrübəsini digər ölkələrə yaymaq məqsədilə BMT-nin Avropa İqtisadi Komissiyası Dövlət Statistika Komitəsinin “2009-2011-ci illərdə Milli hesablar statistikası üzrə göstəricilərin təkmilləşdirilməsinə dair fəaliyyət planın”da nəzərdə tutulmuş tədbirlərin icrasını və əldə edilmiş nəticələri özündə əks etdirən sənədin hazırlanması xahişi ilə Komitəyə müraciət etmişdir. Bu sənəd AİK-in rəsmi internet səhifəsində 2012-ci il aprel ayının 30-dan may ayının 4-dək Cenevrədə keçiriləcək Milli hesablar üzrə ekspertlər qrupu iclasının işçi sənədləri (http://www.unece.org/stats/documents/2012.01.sna.html) arasında yerləşdirilmişdir. Sənədin azərbaycan versiyası ilə tanış olmaq olar (http://www.azstat.org/x_news/N_Ac.pdf).