XƏBƏRLƏR >>


“Coğrafi İnformasiya Sistemi” mövzusunda təlim-seminar

TAİEX (Texniki Dəstək və İnformasiya mübadiləsi) proqramı çərçivəsində Bolqarıstandan dəvət olunmuş ekspert Aleksandr Kotsev tərəfindən 2011-ci il yanvarın 24-dən 28-dək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində “Coğrafi İnformasiya Sistemi” mövzusunda təlim-seminar keçirilmişdir. Coğrafi İnformasiya Sistemi (CİS) - istifadəçilərə kömək məqsədilə böyük həcmli coğrafi məlumatların toplanmasını, saxlanmasını, işlənməsini, analizini və təqdim edilməsini yerinə yetirən proqram təminatıdır. CİS-in əsasını avtomatlaşdırılmış xəritələr sistemi təşkil edir.

Bu layihə üç mərhələdən ibarət olacaqdır:

- birinci mərhələ- CİS ilə tanışlıq;
- ikinci mərhələ- İnformasiya texnologiyaları şöbəsinin mütəxəssislərinə bu proqramdan istifadənin öyrədilməsi;
- üçüncü mərhələ-xəritənin hazırlanması və Komitənin əməkdaşlarına və istifadəçilərə təqdimetmə mərasiminin keçirilməsi.
Atıq birinci mərhələ başa çatmışdır. Cənab Kotsev bəzi rayonların ərazi, əhali, təhsil, elm, mədəniyyət, ətraf mühit, səhiyyə, cinayətkarlıq və nəqliyyat göstəricilərinə əsasən CİS proqramında nümunə kimi hazırladığı Azərbaycanın xəritəsini sonuncu gün seminar iştirakçılarına təqdim etmişdir.
Gələcəkdə bu proqram əsasında hazırlanacaq rəqəmsal xəritənin Komitənin veb səhifəsində yerləşdirilməsi nəzərdə tutulur ki, bu da istifadəçilərin birbaşa həmin səhifədən Azərbaycanın bütün bölgələrinə dair statistik göstəriciləri əldə etməsinə imkan yaradacaqdır.