Əhali, doğum və ölüm: Məlumatların Yayılmasının Xüsusi Standartları üçün qısa metodologiya
Ölkə: Azərbaycan
Mövzu: əhali
- I. Əsaslar, konsepsiyalar və təsnifatlar
Əsaslar-
1. Əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanları:
– 22.02.1996-cı il tarixli, 422 №-li "1999-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında";
– 07.06.2006-cı il tarixli, 415 №-li "2009-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında";
– 07.09.2016-cı il tarixli, 1040 №-li "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında";
2. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 №-li Qərarı.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası, eləcə də əhalinin siyahıyaalınmasının keçirilməsinin müddət və prinsipləri BMT-nin tövsiyələrinə uyğundur. - II. Məlumatların əhatəliyi
Coğrafi əhatəlik- Məlumatlar, Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilər istisna olmaqla, ölkənin bütün ərazisini əhatə edir.
- III. Baza məlumatlarının xarakteristikası
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı- Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilər istisna olmaqla, ölkənin bütün ərazisini əhatə edir. Dövlət Statistika Komitəsi əhalinin təbii hərəkəti haqqında məlumatları (doğum, ölüm, nikahın bağlanması və pozulması haqqında) Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib və Dövlətstatkoma təqdim olunan müvafiq aktların ikinci nüsxələrində olan məlumatların statistik cəhətdən hər il işlənib hazırlanması nəticəsində əldə edilir.
- Nikahın bağlanması və pozulması tarixi Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydiyyatdan keçmə tarixi hesab edilir.
Əhalinin siyahıyaalınması- 1-10 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının ərazisində müstəqilliyimizin bərpasından sonra Əhalinin 3-cü Milli Siyahıyaalınması keçirilmişdir. Siyahıyaalma xüsusi hazırlanmış və təlimatlandırılmış intervüerlər tərəfindən sorğu yolu ilə, işğal altında olmuş ərazilər istisna olmaqla ölkənin bütün ərazisində keçirilmişdir.
Ev təsərrüfatlarının statistik müayinəsi- Müayinə mütəmadi olaraq rübdə bir dəfə 4250 ev təsərrüfatında təsərrüfat üzvlərinin sorğu olunması yolu ilə keçirilir. Seçmənin miqdarı ölkə üzrə ev təsərrüfatlarının 0,25%-ni təşkil edir. Müayinə anketlərində doğumla bağlı suallar yoxdur.
- IV. Məlumatların tərtib edilməsinin təcrübəsi.
- Əhalinin sayı haqqında məlumatlar əhalinin siyahıyaalınması, əhalinin təbii və miqrasiya (DİN-in müvafiq orqanları tərəfindən təqdim olunur) hərəkətləri haqqında məlumatlarına və eyni zamanda inzibati-ərazi dəyişikliklərinə əsaslanır. Bu məlumatlar əsasında əhalinin sayının cari qiymətləndirilməsi həyata keçirilir.
- Ölkə üzrə əhalinin sayı aylıq, iqtisadi və inzibati rayonlar üzrə isə rüblük hesablanır.