Statistik vahidlər və onların demoqrafiyası
Bu bölmədə müvafiq dövr ərzində Statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuş, yeni yaradılmış və ləğv olunmuş statistik vahidlərin fəaliyyət, mülkiyyət və iqtisadi rayonlar üzrə bölgüsünə dair məlumatlar yerləşdirilmişdir.
Statistik vahidlər – rəsmi statistika üçün ilkin məlumatları təqdim edən, yaxud da statistiklər tərəfindən müşahidələrin aparılması, məlumatların toplanması və təhlili üçün müəyyənləşdirilmiş hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslərdir.
Hüquqi şəxs - qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
Fərdi sahibkar - hüquqi şəxs yaratmadan təsərrüfat fəaliyyəti ilə məşğul olan, fəaliyyət göstərdiyi yer üzrə vergi organlarında dövlət qeydiyyatından keçmiş və qeydiyyatdan keçməsi haqqında şəhadətnamə almış vətəndaşdır (fiziki şəxsdir).
Yerli vahid - coğrafi cəhətdən bir ərazidə yerləşən müəssisə və ya onun bir hissəsidir (məsələn, sex, kontor, anbar və s.).
Müəssisələrin demoqrafiyası - yeni yaradılmış və ləğv edilmiş müəssisələrin sayı haqqında məlumatlardan ibarətdir.