AZ    EN
logo
image

Dövlət Statistika Komitəsində 2023-cü ilin yekunlarına və 2024-cü ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib

16.02.2024, 17:53

Dövlət statistika orqanlarının 2023-cü ildəki fəaliyyəti və 2024-cü ildə qarşıda duran vəzifələrlə bağlı fevralın 16-da Dövlət Statistika Komitəsi aparatı şöbələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, şəhər və rayon statistika idarələrinin rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

Kollegiyanın sədri Tahir Budaqov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2023-cü ildə bütün sahələrdə sistemli və ardıcıl xarakterli islahatların həyata keçirildiyini, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirildiyini, birgünlük antiterror əməliyyatı nəticəsində ölkə suverenliyinin tam bərpa edildiyini, ölkəmizin dünyada nüfuzunun daha da gücləndiyini diqqətə çatdırıb.

Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Komitə tərəfindən həyata keçirilən islahatlar və qurumun 2023-cü ildəki faəliyyəti barədə ərtaflı məlumat verib. Qeyd edib ki, rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, milli statistika sisteminin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayan Dövlət Statistika Komitəsi 2023-cü ildə öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş Statistik işlər proqramı əsasında qurmuşdur. Bununla yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından, Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planından, Azərbaycan  Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasından, 2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramından, Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planından, “Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsi ilə əlaqədar İstiqamətləndirici Komitənin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamından, “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarından, digər normativ hüquqi aktlardan, BMT Baş Assambleyasının qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələrin icrası, eləcə də dəqiq və dolğun statistik məlumatlara, davamlı informasiya dəstəyinə olan tələbatın ödənilməsi məqsədilə Komitə tərəfindən zəruri tədbirlər görülmüşdur.

Milli statistika sisteminin müasir çağırışlara uyğun inkişaf etdirilməsini, inzibati məlumatlardan istifadəni genişləndirməklə ölkənin dayanıqlı inkişafı ilə bağlı statistik informasiya təminatının təkmilləşdirilməsini və bu hədəflərə çatmaq üçün statistika sahəsində maddi-texniki bazanın və kadr potensialının möhkəmləndirilməsini təmin etmək məqsədilə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” üzrə 2023-cü il üçün nəzərdə tutulmuş 16 işin hamısı yerinə yetirilmiş, Komitənin digər dövlət proqramları üzrə icraçı kimi çıxış etdiyi tədbirlərin icrası təmin edilmişdir.

2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Komitə tərəfindən “Heydər Əliyev 100. Bir Ömrün Əbədiyyəti” adlı statistik məcmuə nəşr etdirilmiş, ilk dəfə olaraq ölkədə yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında Statistik olimpiada keçirilmişdir.

Rəsmi statistika müşahidələri və seçmə statistik müayinələr vasitəsilə əldə edilən məlumatların istehsalı davam etdirilmiş, ev təsərrüfatları arasında sorğu yolu ilə il ərzində müxtəlif mövzular üzrə 21 statistik müayinə keçirilmiş, əldə edilmiş məlumatlar icmallaşdırılaraq nəşr edilmiş, istifadəçilərə çatdırılmış və Komitənin internet səhifəsində yerləşdirilmişdir.

Milli hesablar sisteminin tələblərinə uyğun növbəti ehtiyat və istifadə cədvəlləri qurulmuş, rəsmi statistikanın müasirləşdirilməsi istiqamətində Komitə tərəfindən aparılan islahatlar çərçivəsində qiymət statistikası sahəsində məlumatların toplanmasında innovativ yanaşmanın tətbiqi nəticəsində qiymət qeydiyyatçılarının üzərinə düşən yükün azaldığı nəzərə alınaraq, Bakı Şəhər Statistika İdarəsinin ştat strukturu təkmilləşdirilmişdir.

2023-cü ildə Komitənin əsas fəaliyyət istiqamətlərindən biri metodoloji bazanın möhkəmləndirilməsi olmuş, BMT, Avrostat, BVF, İƏİT, BƏT və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla, habelə yerli qanunvericilikdə baş vermiş dəyişikliklər nəzərə alınmaqla 72 metodoloji material hazırlanmış və ya onlara əlavə və dəyişikliklər edilmişdir. Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla il ərzində 3 yeni hesabat forması təsdiq edilmiş, 5 hesabat forması ləğv edilmiş, 48 formaya isə aktuallığını itirmiş göstəricilərin çıxarılması, tələbata uyğun yenilərinin əlavə edilməsi ilə yenidən baxılmışdır.

Milli statistik təsnifatlar sisteminin inkişafı sahəsində işlər davam etdirilmiş, “Bələdiyyələrin statistik ərazi təsnifatı” yeni redaksiyada hazırlanmışdır.

İsveçrənin “SGS” şirkətinin yerli nümayəndəliyi tərəfindən  Komitə aparatının struktur bölmələrində və keyfiyyəti idarəetmə sisteminin tətbiq edildiyi bir sıra yerli statistika orqanlarında keçirilmiş növbəti sertifikatlaşma auditinin nəticələrinə əsasən Komitənin aparatı və 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. Sahibkarların statistika orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və həlli məqsədilə Komitənin veb-səhifəsində hər rüb “Sahibkarlar üçün 7 sual” rəy sorğusu keçirilmiş, verilmiş təkliflərin gələcəkdə nəzərə alınması üçün cavablar ümumiləşdirilərək təhlil edilmişdir.

Statistika məlumatlarının toplanmasında, emalında və yayımlanmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, statistik informasiya sisteminin inkişaf etdirilməsi sahəsində işlər davam etdirilmiş, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün həyata keçirilmiş tədbirlər nəticəsində rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 97,0 faizi ötmüş, statistik hesabatları elektron formada internet vasitəsilə təqdim etmək üçün il ərzində 5,6 milyon müraciət daxil olmuş, bununla da vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilmiş, eyni zamanda statistik məlumatların işlənməsi və təhlili imkanları yüksəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Elektron Xidmətlərin Qiymətləndirilməsi” əsasında tərtib edilmiş reytinqdə Komitə 28 qurum (o cümlədən 24-ü mərkəzi icra hakimiyyəti orqanı) arasında 79,37% nəticə ilə 3-cü mövqedə qərarlaşmışdır.

 “Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsi ilə əlaqədar İstiqamətləndirici Komitənin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 526s nömrəli Sərəncamının icrası ilə bağlı işlər davam etdirilmiş, 2023-cü ilin may-avqust aylarında sorğu aparılmış, əldə edilmiş məlumatlar əsasında yekun cədvəllər hazırlanmaqdadır.

 “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 04 oktyabr tarixli 357 nömrəli Qərarı ilə yaradılmış İstiqamətləndirici Komitənin 15 dekabr tarixli iclasında siyahıyaalmaya hazırlıq işlərinin gedişi müzakirə edilmiş, qərarın icrası olaraq Dövlət Statistika Komitəsinin hazırladığı kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə təqvim planı, siyahıyaalma vərəqəsi forması və onun doldurulması qaydası təsdiq edilmişdir. Siyahıyaalma sənədləri hazırlanarkən FAO-nun tövsiyələri, milli xüsusiyyətlər, aidiyyəti dövlət qurumlarının, xarici ekspertin rəy və təklifləri nəzərə alınmışdır.

Dayanıqlı İnkişaf Məqsədləri (DİM) göstəriciləri üzrə statistik məlumat bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilmiş, müvafiq dövlət qurumları ilə birgə əlavə olaraq 9 yeni göstərici üzrə məlumatların hazırlanmasına nail olunmuş və bununla da məlumat istehsalı təmin olunan DİM göstəricilərinin sayı 121-ə çatdırılmışdır ki, onlardan da 89-u milli prioritet kimi müəyyən edilmiş göstəricilərdir. “Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal-2023” məcmuəsi hazırlanaraq nəşr edilmiş, istifadəçilərə təqdim olunmuş, onun elektron versiyası Komitənin internet səhifəsində, həmçinin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalında yerləşdirilmişdir.

2023-cü ilin 2 mart tarixində Bakıda keçirilmiş “Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü”ndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsə əsasən minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi təşviq edilməsi məqsədilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 2023-cü il 18 aprel tarixli qərarının icrası olaraq Komitə tərəfindən aidiyyəti qurumlarla birlikdə milli 18-ci Dayanıqlı İnkişaf Məqsədi (“Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər”) üzrə 15 göstəriciyə dair metodologiya hazırlanmış, elmi-metodoloji şurada təsdiq edilmiş və məlumat istehsalına başlanılmışdır.

“2023-cü il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planı”na uyğun olaraq 170 statistik məlumat istifadəçisinin iştirakı ilə 13 görüş keçirilmişdir.

Komitənin veb-səhifəsi (www.stat.gov.az) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq təkmilləşdirilmiş və yenilənmiş, məlumat bazaları əsas sosial-iqtisadi göstəricilər üzrə çoxsaylı cədvəlləri, təhlil və metodoloji materialları əhatə etmişdir. 2023-cü ildə internet səhifəsinə 94,5 faizi ölkə ərazisindən, 5,5 faizi isə xarici ölkələrdən olmaqla hər gün orta hesabla 10,9 min istifadəçi daxil olmuşdur.

Müxtəlif mövzular üzrə 32 adda illik statistik məcmuə və digər nəşrlər çap etdirilmiş, 49 təhlili məruzə və 122 mətbu-məlumat hazırlanmışdır. Statistik məcmuə və bülletenlərin elektron versiyaları Komitənin veb-səhifəsində yerləşdirilmişdir. Yerli statistika orqanları tərəfindən də rayon və şəhərlər üzrə illik statistik məcmuələr nəşr edilmiş, 264 təhlili məruzə hazırlanmışdır.

Komitənin fəaliyyətinin əsas istiqamətlərindən birini də beynəlxalq təşkilatlarla əməkdaşlıq təşkil etmişdir. BMT və onun təşkilatları, Avropa İttifaqı, BVF, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏİT, İƏT, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və bir sıra digər beynəlxalq təşkilatlarla, həmçinin dünya ölkələrinin milli statistika xidmətləri ilə əməkdaşlıq, eyni zamanda milli metodologiyaların beynəlxalq standartlara uyğunlaşdırılması, təcrübə mübadiləsinin aparılması, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi istiqamətində beynəlxalq təşkilatlarla və onların Azərbaycandakı nümayəndəlikləri ilə işlər davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində işlər davam etdirilmiş, koreyalı mütəxəssislərin Komitəyə səfərləri təşkil edilmiş, Gəncə Şəhər Statistika İdarəsində onların iştirakı ilə müasir informasiya texnologiyaları avadanlıqları ilə təchiz edilmiş 16 nəfərlik təlim otağı yaradılmışdır

Komitənin 91 əməkdaşı müxtəlif beynəlxalq təşkilat və xarici ölkələrin milli statistika qurumları tərəfindən təşkil edilmiş 74 onlayn tədbirdə, 60 əməkdaşı isə əyani formada keçirilən 53 tədbirdə iştirak etmiş, həmçinin Komitənin mütəxəssisləri beynəlxalq ekspert və işçi qruplarının tərkibində fəaliyyətlərini davam etdirmişlər.

Sonda kollegiya iclasına yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün qurumun müvafiq strukturlarına konkret tapşırıqlar verib.

 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim