AZ    EN
logo
Son yenilənmə: 05.01.2017

Minilliyin İnkisaf Məqsədləri

Metodoloji izahatlar
MƏQSƏD 1.
  • Milli yoxsulluq həddindən aşağı yaşayan əhali.
    Yoxsulluq – yaşamaq üçün zəruri olan ərzaq, qeyri-ərzaq və xidmətlərin minimum toplusunun istehlakını, eləcə də iş qabiliyyətinin saxlanmasını ödəyə bilməyən fərdin və ya sosial qrupun iqtisadi vəziyyətinin xarakteristikasıdır. Yoxsulluq nisbi məfhumdur və ayrıca götürülən bir cəmiyyətin həyat səviyyəsinin ümumi standartlarından asılıdır.
    Yoxsulluğun səviyyəsinin müəyyənləşdirilməsi üçün ilk əvvəl ölkədə yaşayış minimumunun dəyəri hesablanır. Yaşayış minimumunun dəyəri yoxsulluq həddi kimi qəbul edilir. Adambaşına düşən gəlirləri yaşayış minimumunun dəyərindən aşağı səviyyədə olan əhalinin xüsusi çəkisi yoxsulluq göstəricisidir və bu əhali yoxsul əhali hesab edilir.
  • Ən yoxsul kvintilin istehlak xərclərində xüsusi çəkisi.
    Milli istehlak strukturunda əhalinin ən yoxsul kvintili – əhali sayında 20 faizi olan ən yoxsul əhalinin hissəsinə düşən gəlirdir.
    Ev təsərrüfatlarının gəlirlərinin bölüşdürülməsi haqqında məlumatlar ev təsərrüfatların müayinəsi materiallardan əldə edilir. Ev təsərrüfatlarının gəlirləri onlarda olan şəxslərin sayına bölünərək ev təsərrüfatlarında adambaşına olan gəlir müəyyən edilir. Bundan sonra əhali gəlirlərə görə səciyyələndirilir və gəlirə görə sonuncu 20 faizə daxil olan əhalinin xüsusi çəkisi hesablanır
  • Əhalinin adambaşına orta aylıq gəlirlərinin 20%-lik qruplar üzrə bölüşdürülməsi. Kvintil (20%) qrupları üzrə göstəricilər alınarkən ev təsərrüfatlarının adambaşına sərəncamda qalan gəlirləri artan qaydada düzülərək ev təsərrüfatlarının sayına görə 5 bərabər 20%-lik qrup yaradılır. Bu zaman birinci kvintilə ən az gəlirləri olanlar, beşinci kvintilə isə ən çox gəlirləri olan ev təsərrüfatları düşür. Desil (10%) qrupları eyni qayda ilə məlumatlar düzülərək 10 bərabər hissəyə bölünür. Təhlil və müqayisə üçün eyni göstəricilər istehlak xərclərinə görə də alınır.
  • Məşğulluq xidmətləri orqanlarında işsiz statusu alan şəxslər.
    Məşğulluq xidməti orqanlarında qeydə alınmış işsizlərin sayı ölkədə qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş rəsmi işsizlərin sayını səciyyələndirir.
  • Əhalinin gəlirləri.
    Əhalinin gəlirləri ev təsərrüfatları sektorunun əmək haqqı, sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən daxilolmalar şəklində əldə etdiyi gəlirlərdən, həmçinin aldığı cari və əsaslı transferlərdən ibarətdir və əhalinin xərcləri ilə olmaqla hesablanır. Bu məlumatlar statistik və maliyyə hesabatlarının, seçmə müayinələrin və digər üsulların tətbiqi yolu ilə əldə edilən müxtəlif məlumatlar hesabına formalaşdırılır.
  • Real əmək haqqı – nominal əmək haqqının alıcılıq qabiliyyətini əks etdirir. Real əmək haqqının indeksi, nominal əmək haqqının indeksinin istehlak qiymətlərinin indeksinə bölünməsi yolu ilə müəyyən edilir.

MƏQSƏD 2.
  • 15-24 yaşlı əhalinin savadlılıq səviyyəsi - 15-24 yaşlı savadlı əhalinin sayının həmin yaşda əhalinin ümumi sayına nisbətidir.
  • İbtidai təhsildə xalis qeydiyyat əmsalı - 6-9 yaşlı ibtidai təhsil alan şagirdlərin cins bölgüsündə həmin yaşda uşaqların ümumi sayına nisbətidir.
  • İbtidai təhsili bitirmə əmsalı - 4-cü sinfi bitirən şagirdlərin sayının 10 yaşlı uşaqların ümumi sayına nisbətidir.
  • 1-ci sinifdən başlamaqla 5-ci sinfə qədər təhsilini başa vurmuş şagirdlərin xüsusi çəkisi - 5-ci sinifdə oxuyan şagirdlərin sayının 4 il əvvəl 1-ci sinfə qəbul olunan uşaqların sayına nisbətidir.
  • İbtidai təhsildə ümumi qeydiyyat əmsalı - 1-4-cü siniflərdə təhsil alan şagirdlərin sayının 6-9 yaşlı uşaqların ümumi sayına nisbətidir.
  • Tam orta təhsildə ümumi qeydiyyat əmsalı - 10-11-ci siniflərdə təhsil alan şagirdlərin sayının 15-16 yaşlı uşaqların ümumi sayına nisbətidir.
  • Ali təhsildə ümumi qeydiyyat əmsalı - Ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayının 17-20 yaşlı əhalinin sayına nisbətidir.

MƏQSƏD 3.
  • 15-24 yaşlı savadlı qadınların eyni yaşlı savadlı kişilərə nisbəti.
    15-24 yaşlarında savadlı qadın və kişilərin nisbəti (savadlılıq sahəsində qadın və kişilərin bərabərlik indeksi) – 15-24 yaşlarında savadlı qadın və savadlı kişi əmsallarının nisbətidir. Bu göstərici 15-24 yaşlarında savadlı qadınların əmsalının həmin yaş qrupunda olan savadlı kişilərin əmsalına bölünməsi ilə hesablanır.
  • Təhsildə gender bərabərliyi indeksi - Təhsil alan şagird (tələbə) qızların təhsil səviyyəsi üzrə təhsil alan oğlanlara nisbətidir. Təhsildə, əsasən də ibtidai təhsildə, qızların oğlanlara nisbətinin bir qədər aşağı olması, doğulan oğlanların bütün diri doğulanların sayında xüsusi çəkisinin yüksək və son illər də xeyli artması ilə əlaqədardır.
  • Qeyri-aqrar təsərrüfatı sahəsində muzdla işləyən qadınların payı - qeyri-kənd təsərrüfatı sahəsində çalışan qadınların sayının bu sahədə çalışanların ümumi sayına nisbətinin faizlə ifadəsidir.
  • İbtidai təhsildə qızların oğlanlara nisbəti - 1-4-cü siniflərdə təhsil alan qızların həmin siniflərdə təhsil alan oğlanların sayına nisbətidir
  • Tam orta təhsildə qızların oğlanlara nisbəti - 10-11-ci siniflərdə təhsil alan qızların həmin siniflərdə təhsil alan oğlanların sayına nisbətidir.
  • Ali təhsildə qadınların kişilərə nisbəti - Ali təhsil müəssisələrində təhsil alan qadınların ali təhsil müəssisələrində təhsil alan kişiləri sayına nisbətidir.
  • İqtisadi fəal əhali (işçi qüvvəsi) – məşğul və işsiz əhalinin ümumi sayını əhatə edir.
  • Muzdla işləyənlər - işəgötürənlə və 15 və yuxarı yaşda şəxs ilə əmək fəaliyyətinin şərtləri barədə əmək müqaviləsi bağlanmış və bunun əsasında gördüyü işə görə əmək haqqı alanlar muzdlu işçi sayılırlar.
  • Orta aylıq nominal əmək haqqı - hesablanmış əmək haqqı fondunun (vergilər çıxılmamaqla) orta kəmiyyətlərin hesablanması üçün qəbul edilmiş işçilərin sayına (hamiləlik və doğuşa, uşağı doğum evindən birbaşa övladlığa götürməyə, həmçinin uşağa baxmağa görə məzuniyyətə çıxanlar, əmək haqqı saxlanılmamaqla təhsil müəssisələrində təhsil almaq üçün əlavə məzuniyyətdə olan işçilər və işəgötürənin təqsiri olmadan qrup halında ödənişsiz məzuniyyət verilmiş işçilər istisna olmaqla) bölünməsi ilə müəyyən edilir.

MƏQSƏD 4.
  • Körpə ölümünün əmsalı – bir yaşadək (0 yaşda) körpələrin ölümünün səviyyəsini səciyyələndirir. Körpə ölümünün səviyyəsi bir yaşadək ölən körpələrin sayının hər 1000 nəfər diri doğulanların ümumi sayına nisbətidir. Analoji hesablama həmçinin 5 yaşadək (0-4 yaş qrupu) ölən uşaqlar üçün də şamil olunur və uşaq ölümünün səviyyəsini müəyyən edir.
  • 1 yaşadək peyvənd olunmuş uşaqlar – 1 yaşadək peyvənd olunmuş uşaqlarının sayının həmin yaşda uşaqların ümumi sayına nisbətidir.

MƏQSƏD 5.
  • Ana ölümünün əmsalı - qeydə alınmış ana ölümü hallarının həmin ildə 100 000 nəfər diri doğulan uşaqların sayına nisbətidir.
  • İxtisaslı tibb işçilərinin iştirakı ilə keçirilmiş doğuşlar - müvafiq ildə ixtisaslı tibb işçilərinin iştirakı ilə keçirilmiş doğuşların sayının bütün doğuşların sayına nisbətidir.
  • Qadınların kontrasepsiya vasitələrindən istifadə səviyyəsi – müvafiq kontrasepsiya vasitəsindən istifadə edən qadınların sayının 15-49 yaşlı (fertil yaşda) hər 100 nəfər qadının sayına nisbətidir.

MƏQSƏD 6.
  • İİÇV/QİÇS (İnsan İmmunçatışmazlıq Virusu/Qazanılmış İmmun-çatışmazlıq Sindromu), malyariya və vərəm xəstəliklərinin yayılması və İİÇV-lə yaşayan 15-49 yaşlı əhalinin xüsusi çəkisi - 15-49 yaşlı İİÇV-yə yoluxan xəstələrin sayının müvafiq cins və yaş üzrə əhalinin sayına nisbətidir.
  • Paytaxt klinikalarında müayinə olunmuş 15-24 yaşlı hamilə qadınlar arasında İİÇV-nin yayılma səviyyəsi - 15-24 yaşlı İİÇV-yə yoluxan hamilə qadınların sayının müvafiq yaşlı müayinə olunan hamilə qadınların sayına nisbətidir.
  • 15-24 yaşlı kişilər arasında QİÇS-ə dair ətraflı məlumata malik olanların xüsusi çəkisi - QİÇS-ə dair ətraflı məlumata malik olan 15-24 yaşlı kişilərin müvafiq yaşlı kişilərin sayına nisbətidir.
  • 15-24 yaşlı qadınlar arasında QİÇS-ə dair ətraflı məlumata malik olanların xüsusi зəkisi - QİÇS-ə dair ətraflı məlumata malik olan 15-24 yaşlı qadınların müvafiq yaşlı qadınların sayına nisbətidir.
  • 15-24 yaşlı əhali arasında prezervativin İİÇV-in qarşısını ala biləcəyini bilənlərin xüsusi çəkisi - 15-24 yaşlı kişi və qadınlar arasında prezervativin İİÇV virusunun qarşısını ala biləcəyini bilənlərin faizini göstərir.
  • 15-24 yaşlı əhali arasında sağlam görünən şəxsdə İİÇV virusunun olub-olmamasını bilənlərin xüsusi çəkisi - 15-24 yaşlı kişi və qadınlar arasında sağlam görünən şəxsdə İİÇV virusunun olub-olmamasını bilənlərin faizini göstərir.
  • 15-24 yaşlı əhali arasında QİÇS-ə dair ətraflı məlumata malik olanların xüsusi çəkisi - 15-24 yaşlı kişi və qadınlar arasında QİÇS virusuna dair ətraflı məlumata malik olanların faizini göstərir.
  • Yüksək riskli son cinsi əlaqə zamanı 15-24 yaşlı kişilər arasında prezervativlərdən istifadə edənlərin xüsusi çəkisi - 15-24 yaşlı kişilər arasında yüksək riskli son cinsi əlaqə zamanı prezervativlərdən istifadə edənlərin müvafiq yaşda olan kişilərin sayına nisbətidir.
  • 15-49 yaşlı qadınlar üzrə kontraseptivlər arasında prezervativlərdən istifadə edənlərin xüsusi çəkisi – 15-49 yaşlı qadınlar üzrə kontraseptivlər arasında prezervativlərdən istifadə edənlərin müvafiq yaşda olan qadınların sayına nisbətidir.
  • 15-49 yaşlı qadınlar arasında bütün metodlar üzrə kontraseptivlərdən istifadə edənlərin xüsusi çəkisi - 15-49 yaşlı qadınlar arasında bütün metodlar üzrə kontraseptivlərdən istifadə edənlərin müvafiq yaşda olan qadınların sayına nisbətidir.
  • 15-49 yaşlı qadınlar arasında kontraseptivlərin müasir metodlarından istifadə edənlərin xüsusi çəkisi - 15-49 yaşlı qadınlar arasında kontraseptivlərin müasir metodlarından (qadın sterilləşdirilməsi, inyeksiyalar, implantlar və s.) istifadə edənlərin müvafiq yaşda olan qadınların sayına nisbətidir.
  • Qeydə alınmış İİÇV - infeksiyalı hallar İİÇV üzrə müalicə müəssisələrində qeydiyyatda olan xəstələrin sayının hər 100 000 nəfər əhalinin sayına nisbətidir.
  • 0-17 yaşlı uşaqlar arasında qeydə alınmış İİÇV infeksiyalı hallar - İİÇV üzrə müalicə müəssisələrində qeydiyyatda olan 0-17 yaşlı xəstələrin sayının müvafiq yaşda hər 100 000 nəfər əhalinin sayına nisbətidir.
  • İİÇV xəstəliyinin anadan uşağa keçirilməsi hallarının İİÇV xəstəliyi ilə qeydiyyatda olan bütün xəstələrə nisbəti, faizlə- İİÇV xəstəliyinin anadan uşağa keçirilməsi hallarının İİÇV xəstəliyi ilə qeydiyyatda olan bütün xəstələrə nisbətidir.
  • QİÇS xəstəliyi səbəbindən ölüm əmsalı, əhalinin hər 100 000 nəfərinə - QİÇS xəstəliyi səbəbindən ölənlərin sayının hər 100 000 nəfər əhalinin sayına nisbətidir.
  • Malyariya xəstəliyinin yayılması - Malyariya xəstəliyi ilə qeydiyyatda olanların sayının əhalinin hər 100 000 nəfərinə nisbətidir.
  • Malyariya xəstəliyi ilə bağlı ölüm əmsalı - müvafiq ildə malyariya xəstəliyindən cəmi və 5 yaşadək ölənlərin sayının bütün əhalinin və 5 yaşlı hər 100 000 nəfərinə nisbətidir.
  • Vərəm xəstəliyinin yayılması - Vərəm xəstəliyi ilə qeydiyyatda olanların sayının əhalinin hər 100 000 nəfərinə nisbətidir.
  • Vərəm xəstəliyi ilə bağlı ölüm əmsalı - müvafiq ildə vərəm xəstəliyindən ölənlərin sayının əhalinin hər 100 000 nəfərinə nisbətidir.
  • "DOTS" (birbaşa nəzarət altında müalicə) proqramı çərçivəsində vərəm hallarının aşkar edilməsinin xüsusi çəkisi - "DOTS" proqramı çərçivəsində yeni aşkar edilmiş ağ ciyər xəstələrinin bu xəstəlik üzrə qeydiyyatda olanların ümumi sayına nisbətidir.
  • "DOTS" proqramı çərçivəsində vərəm xəstəliyindən müalicə olunanların xüsusi çəkisi - "DOTS" proqramı çərçivəsində ağ ciyər xəstəliyi üzrə son 6 ay ərzində müvəffəqiyyətli müalicə alanların sayının həmin xəstəlik üzrə qeydiyyatda olanların ümumi sayına nisbətidir.
  • Tənəffüs orqanlarının vərəm xəstəliyinə yoluxma səviyyəsi - Tənəffüs orqanlarının vərəm xəstəliyinə yoluxanların sayının əhalinin hər 100 000 nəfərinə nisbətidir.

MƏQSƏD 7.
  • Meşə örtüyü olan torpaq sahəsinin payı.
  • Meşə ilə örtülü torpaq sahələrinin payı – ümumi torpaq sahəsinin tərkibində meşə massivlərinin payıdır. Torpaq sahəsi – iri çay və göllər kimi daxili sularla örtülmüş rayonlar istisna olmaqla müvafiq ölkənin ümumi sahəsinin səthidir.
  • Qorunan ərazilərin ümumi əraziyə nisbəti.
  • Bioloji müxtəlifliyin saxlanması üçün mühafizə olunan torpaq sahəsi ölkənin ümumi sahəsində təbiəti mühafizəsi üçün ayrılmış zonaların sahələrinin faizlə nisbəti kimi müəyyən edilir.
  • Bərk yanacaqdan istifadə edən əhalinin xüsusi çəkisi – ev təsərrüfatlarında yemək hazırlamaq və digər ehtiyaclar üçün bərk yanacaqdan (daş və ağac kömürü, odun, heyvan peyini və s.) istifadə edənlərin sayının əhalinin ümumi sayına nisbətidir.
  • Adambaşına düşən karbon qazının emissiyası - havada olan karbon qazının miqdarının əhalinin sayına nisbətidir.
  • Əhalinin təkmilləşdirilmiş içməli su mənbələrindən və sanitariya sistemindən istifadəsi - təkmilləşdirilmiş içməli su mənbələrindən və sanitariya sistemindən istifadə edənlərin sayının əhalinin ümumi sayına nisbətidir.

MƏQSƏD 8.
  • Əhalinin hər 100 nəfərinə düşən telefon xətlərinin, mobil telefon abunəçilərinin, fərdi kompüter istifadəçilərinin və internet istifadəçilərinin sayı.
  • Telefon xətləri (aparatların sayı) - ümumi istifadədə olan telefon şəbəkəsinə çıxışı olan və telefon stansiyasına birləşdirilmiş telefon xəttinə qoşulmuş telefon (və ya faks) avadanlığıdır (əlavə və ya paralel telefon aparatları istisna olmaqla). Hər 100 nəfərə düşən telefon aparatlarının sayı telefon aparatlarının sayını əhalinin sayına bölmək və nəticəni 100-ə vurmaqla hesablanır.
  • Mobil telefon abunəçiləri - ümumi istifadədə olan telefon şəbəkəsinə qoşulmanı təmin edən şanvari texnologiyaya əsaslanmaqla avtomatik ictimai telefon xidmətinə abunə yazılmış portativ telefon istifadəçiləridir. Bura əvvəlcədən ödənişli hesabla və sonradan ödənişli abunə ilə xidmət istifadəçilərinin nömrələri daxil olunur. Hər 100 nəfərə mobil telefon abunəçilərinin sayı şanvari mobil telefon nömrələrinin sayının əhalinin ümumi sayına bölünməsi və alınmış nəticənin 100-ə vurulması yolu ilə hesablanır.
  • Kompüter istifadəçiləri - yerindən asılı olmayaraq son 12 ay ərzində kompüterdən istifadə etmişlərdir. Kompüterdən istifadə edən əhalinin xüsusi çəkisini kompüterdən istifadə etmiş fərdlərin 16 və daha çox yaşı olan əhalinin ümumi sayına bölünməsi və alınmış nəticənin 100-ə vurulması yolu ilə hesablanır.
  • İnternet istifadəçiləri - internet şəbəkəsinə qoşulmuş, internetdən istifadə etmiş şəxslər hesab olunur. İstifadəçilərin sayını əhalinin ümumi sayına bölmək və 100-ə vurmaqla hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı tapılır. İnternet istifadəçisi tələbə və ya şagird olduqda, o, internetdən "təhsil müəssisəsində" (təhsil aldığı yerdə) istifadə etmiş, müəllim olduqda "iş yerində" internetdən istifadə etmiş şəxs kimi nəzərə alınmışdır.
  • Gənclərin işsizlik səviyyəsi (15-24 yaş) - 15-24 yaşda olan işsiz gənclərin sayının iqtisadi fəal əhalinin bu yaşda (15-24 yaş) olan sayına nisbətinin faizlə ifadəsidir.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim