Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
BİZİMLƏ ƏLAQƏ
Ən çox verilən suallar
1. Rayon (şəhər) statistika idarələrinin cərimə etmək səlahiyyətləri varmı?
"Rəsmi statistika haqqında" Qanun
- Maddə 27. Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə məsuliyyət. Rəsmi statistika
materiallarının istehsalı üçün zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim
edilməməsinə, hesabatların təhrif edilməsinə, habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə
cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Məsuliyyətə cəlb etmə
hüquqi və fiziki şəxsləri statistik məlumatları təqdim etməkdən azad etmir.
2. Cərimənin məbləği nə qədərdir?
İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə,
statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında
təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - 300 manatdan 500 manatadək məbləğdə
cərimə edilir.
3. Salam. Dövlət Statistika Komitəsinə işə necə düzəlmək olar? Hansı sənədlərlə və hara müraciət etmək lazımdır?
Xahiş edirik Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya
müraciət edəsiniz. Ünvan: Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 874-cü məhəllə, telefon 465-87-93, 465-87-94
4. Keyfiyyətin idarə olunması
nədir?
Statistikada keyfiyyətin idarə olunması dedikdə,
hesablanan göstəricilərin dəqiqlik və düzgünlük dərəcəsinin, istifadə olunan statistik modellərin
uyğunluq səviyyəsinin həqiqi qiymətinə uyğunluğu, istifadəçilər tərəfindən tələb olunan məlumatların
uyğunluğu, nəşrlərin asan əldə oluna bilməsi və vaxtlı-vaxtında istifadəçiyə çatdırılması, statistik
proseslərin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, sənədləşdirmə işlərinin vahid
standartlar əsasında aparılması və s. başa düşülür.
5. Metaməlumatlar nədir və nə üçün
istifadə olunur?
Statistik tədqiqatı təşkil edən bütün obyektlər,
məlumat yığımının tərkibi və əhatəsi, aqreqasiya edilmiş statistik göstəricilərin hesablanma
qaydaları və düsturları, statistik göstəricilərin tərifləri – metaməlumatlar
adlanır. Məlumatların işlənməsi zamanı, statistik informasiya sisteminin çıxış məlumatlarının
qruplaşdırılması üçün istifadə olunan təsnifatlar da metaməlumat anlayışına aiddir. Beləliklə, bura
standart beynəlxalq və Avropa təsnifatları ilə yanaşı konkret tədqiqatlar üzrə təsnifatlar da daxil
edilir. Müxtəlif təsnifatlar arasında əlaqə yaradan bütün əlaqə cədvəlləri də (keçid açarları)
metaməlumatlar sayılır. Müşahidə olunan statistik vahidlər, onların xarakteristikaları, statistik
tədqiqatların keçirilməsi və məlumatların yayımı üzrə təqvimləri də - metaməlumatdır.
6. Audit nədir?
Keyfiyyətin daxili auditi - audit meyarlarının (ISO
19011:2002) nə dərəcədə yerinə yetirildiyini müəyyən etmək məqsədi ilə audit sübutunun əldə
edilməsi, onun obyektiv qiymətləndirilməsi üzrə sistematik, müstəqil və sənədləşdirilmiş prosesdir.
7. Uyğunsuzluq nədir?
Uyğunsuzluq qəbul edilmiş tələblərə və metodologiyalara
əməl olunmaması deməkdir və az və ya daha çox əhəmiyyətli kimi qiymətləndirilir.
8. Ümumi Daxili Məhsul nədir?
Ümumi daxili məhsul (ÜDM) müvafiq dövr
ərzində ölkə rezidentlərinin iqtisadi fəaliyyətinin son nəticələrini əks etdirir və ölkə
rezidentləri tərəfindən istehsal olunmuş və son istehlak, yığım və ya ixrac məqsədilə istifadə
edilən məhsul və xidmətlərin dəyəri ilə ölçülür. ÜDM iqtisadiyyatın bütün (istehsal və xidmət)
sahələrində istehsal edilmiş əlavə dəyərin cəminə bərabərdir.
9. ÜDM-in həcminin əvvəlki ildəki
həcminə bölünməklə alınan rəqəmin ÜDM-in Dövlət Statistika Komitəsi tərəfindən dərc edilən artım
sürətindən fərqli olmasının səbəbi nədir?
ÜDM-in artım sürəti hesablanarkən faktiki qiymətlərlə
ÜDM əvvəlki ildəki faktiki qiymətlərlə ÜDM-in həcminə bölünməsi yolu ilə deyil, müqayisəli
qiymətlərlə (yəni, müqayisə edilən ilin qiymətləri ilə) ifadə edilmiş ÜDM-in həcminin əvvəlki ilin
faktiki qiymətlərlə həcminə bölünməsi ilə hesablanır.
10. İstehsal və istifadə üsulu ilə
hesablanmış ÜDM arasındakı fərq nədir?
Əslində bütün üsullarla hesablanmış ÜDM-nin həcmi eyni
olmalıdır. Lakin, hər hesablama üsulunda istifadə edilən məlumat mənbələri fərqlidir və bu məlumat
mənbələrinin etibarlılıq dərəcəsi də fərqlənir. Buna görə də müxtəlif üsullarla hesablanmış ÜDM
göstəricilərinin həcmləri arasında bəzi hallarda "statistik kənarlaşma" adlanan fərq əmələ gəlir.
11. Sənaye məhsulunun fiziki həcm
indeksi nədir?
Sənaye məhsulunun fiziki həcm indeksi – sənaye
fəaliyyəti nəticəsində istehsal edilmiş məhsul kütləsinin müqayisə edilən dövrə nisbətdə dəyişməsini
xarakterizə edən nisbi göstəricidir. 2001-ci ildən tətbiq olunan metodologiyaya əsasən sənaye
məhsulunun fiziki həcm indeksi hesablanarkən məhsulun natura ifadəsində istehsalına əsaslanmaqla
yanaşı, aqreqasiya zamanı çəki kimi dəyər ifadəsində "məhsul buraxılışı" göstəricisi deyil,
beynəlxalq təcrübəyə uyğun olaraq "əlavə dəyər" göstəricisi tətbiq olunur.
12. Ümumi və əmtəəlik məhsullarının
natura ifadəsində buraxılışı nədir?
Ümumi buraxılışda əmtəəlik məhsul buraxılışı və
müəssisənin öz daxili ehtiyaclarına sərf edilən, müəssisə daxilində emala verilmiş və digər bu kimi
məhsulun miqdarı da nəzərə alınır. Əmtəəlik buraxılışda- müəssisənin istər öz xammal və
materiallarından, istərsə də sifarişçinin xammal və materiallarından hazırlanan, kənara, öz əsaslı
tikintisinə və özünün qeyri-sənaye təsərrüfatlarına göndərilməsi üçün müəyyənləşdirilən, əmək haqqı
əvəzinə öz işçilərinə verilən, istehsalçının özü tərəfindən sənaye-istehsal ehtiyaclarına sərf
edilən sənaye məhsulları göstərilir.
13. Mühüm növ sənaye məhsullarının
natura ifadəsində istehsalını haradan əldə etmək olar?
Mühüm növ sənaye məhsullarının natura ifadəsində
istehsalı və sənayenin digər əsas göstəricilərini Dövlətstatkomun saytının (www.stat.gov.az)
sənaye bölməsindən əldə etmək olar.
14. Əsas kapitala yönəldilmiş
investisiyaların həcmi və artım sürəti nədir?
Əsas kapitala yönəldilmiş investisiyaların
həcmi – bütün növ əsas vəsaitlərin alınmasına, yaradılmasına və təkrar istehsalına
yönəldilmiş xərclərin məcmusudur. Ölkə üzrə əsas kapitala yönəldilmiş investisiyaların artım sürəti
hesablanarkən faktiki qiymətlərlə əsas kapitala yönəldilmiş investisiyaların həcminin əvvəlki ildəki
faktiki qiymətlərlə həcminə bölünməsi yolu ilə deyil, müqayisəli qiymətlərlə ifadə edilmiş əsas
kapitala yönəldilmiş investisiyanın həcminin əvvəlki ilin faktiki qiymətlərlə həcminə bölünməsi yolu
ilə hesablanır.
15. Neft bölməsinə yönəldilən
investisiyaların həcmi və artım sürəti nədir?
Xam neftin, təbii qazın hasilatı və neft məhsullarının
istehsalı ilə məşğul olan müəssisələrin əsas kapitalına yönəldilmiş vəsaitlərdir.
16. Tikinti bölməsində çalışan
işçilərin orta aylıq əmək haqqı necə hesablanır?
Orta hesabla bir işçiyə və ya işlənmiş vaxt vahidinə
hesablanmış əmək haqqıdır. Əmək haqqı fondunun işçilərin orta siyahı sayına və faktiki işlənmiş
ayların sayına bölünməsi ilə hesablanır.
17. İstifadəyə verilmiş yaşayış
evlərinin ümumi sahəsinə nə daxildir?
Vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar
onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və
ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin
sahəsinin məcmusundan ibarətdir.
18. Xam neft, avtomobil benzini,
dizel yanacağı, maye qaz, təbii qaz, elektrik enerjisi və sair enerji məhsullarının istehsalı,
istehlakı, idxal-ixracı haqqında məlumatları haradan əldə etmək olar?
Azərbaycana xarakterik olan 23 adda əsas növ enerji
məhsullarının hərəkətini xarakterizə edən bütün göstəricilər daha ətraflı Dövlət Statistika
Komitəsində nəşr olunan "Azərbaycanın energetikası" statistik
məcmuəsinin Əmtəə balansları bölməsində (3-cü bölmə) təqdim edilmişdir.
19. İKT-nin inkişaf indeksini
xarakterizə edən əsas göstəricilər hansılardır?
İKT-nin inkişaf indeksinin hesablanmasında əhalinin
hər 100 nəfərinə düşən əsas telefon aparatları, əhalinin hər 100 nəfərinə düşən mobil telefon
abunəçiləri, bir internet istifadəçisinə düşən beynəlxalq internet kanalın həcmi, kompüteri olan ev
təsərrüfatlarının xüsusi çəkisi, evdə internetə girişi olan ev təsərrüfatlarının xüsusi çəkisi, hər
100 nəfərə düşən internet istifadəçilərinin sayı, hər 100 nəfərə düşən geniş zolaqlı internet
istifadəçilərin sayı, hər 100 nəfərə düşən geniş zolaqlı mobil istifadəçilərin sayı, əhalinin
savadlılıq səviyyəsi, ali və orta təhsilin ümumi qeydiyyat əmsalı göstəriciləri əsas götürülür.
20. İnternet abunəçiləri ilə
istifadəçilərin fərqi nədir?
İnternet abunəçiləri internet şəbəkəsinə qoşulmaq üçün
qoşulma haqqını ödəmiş fərdlər hesab olunur. Qoşulma sürətindən, internetə çıxış və ödəmə
formasından asılı olmayaraq bütün abunəçilər nəzərə alınır. İnternet istifadəçiləri internet
şəbəkəsinə qoşulmuş, internetdən istifadə etmiş şəxslər hesab olunur.
21. Cinayətlərin vahid uçotu nədən
ibarətdir?
Cinayətlərin vahid uçotu aşkar edilən cinayətlərin və
onları törədən şəxslərin ilkin uçotu və qeydiyyata alınmasından ibarətdir.
22. Əhalinin hər 1000 nəfərinə
mədəniyyət müəssisələrinə gələnlərin sayı necə hesablanır?
İl ərzində mədəniyyət müəssisələrinə gələnlərin sayı
əhalinin orta illik sayına bölünür və 1000-ə vurulur.
23. Azərbaycan Respublikasında
təhsil hansı pillə və səviyyələrlə müəyyən оlunur?
2009-cu ilin iyun ayında təsdiq edilmiş Azərbaycan
Respublikasının "Təhsil haqqında qanun"a uyğun olaraq, təhsil pillələri və
səviyyələri aşağıdakı qaydada müəyyən оlunur:
• Məktəbəqədər təhsil;
• Ümumi təhsil:
- ibtidai təhsil;
- ümumi оrta təhsil;
- tam оrta təhsil.
• Peşə təhsili;
- ilk peşə təhsili;
- texniki peşə təhsili;
- yüksək texniki peşə təhsili.
• Orta iхtisas təhsili;
• Ali təhsil:
- bakalavriat (əsas (baza ali) tibb təhsili) ;
- magistratura (rezidentura);
- dоktоrantura (adyunktura).
24. Əhaliyə ambulator poliklinika
yardımı göstərən tibb müəssisələrinə nə aid edilir?
• Məktəbəqədər təhsil;
• Ümumi təhsil:
- ibtidai təhsil;
- ümumi оrta təhsil;
- tam оrta təhsil.
• Peşə təhsili;
- ilk peşə təhsili;
- texniki peşə təhsili;
- yüksək texniki peşə təhsili.
• Orta iхtisas təhsili;
• Ali təhsil:
- bakalavriat (əsas (baza ali) tibb təhsili) ;
- magistratura (rezidentura);
- dоktоrantura (adyunktura).
Ambulatoriya qəbulu ilə məşğul olan bütün tibb
müəssisələri (poliklinikalar, ambulatoriyalar, dispanserlər, xəstəxanaların poliklinika şöbələri,
həkim səhiyyə məntəqələri və s.) aid edilir.
25. Ölkə daxili turizm nədir?
Daxili və gəlmə turizmi əks etdirir, yəni rezident və
qeyri-rezidentlərin daxili və xarici səfərləri zamanı ölkə hüdudlarındakı turizm fəaliyyətidir.
26. Mehmanxanaların yüklənmə
səviyyəsi necə hesablanır?
Hesabat dövründə keçirilmiş gecələmələrin sayı
birdəfəlik tutumla hesabat dövründəki gecələrin sayının hasilinə bölünür və 100-ə vurulur.
27. Dövlət Statistika Komitəsi
tərəfindən Azərbaycanda informasiya cəmiyyətinin təşkili neçə aparılır?
2005-ci ildən etibarən Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi davamlı olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə
birlikdə İnformasiya cəmiyyəti statistikası təşkil olunur və bu sahədə əldə olunan informasiyalar
ildə bir dəfə olaraq məcmuə şəklində dərc olunur. Külliyyatda illər üzrə ev təsərrüfatlarında və
müəssisələrdə İKT sistemləri, kompüterlərin mövcudluğu və onlardan istifadə olunması, internetə
çıxış imkanları, istifadəsi, əhalinin elektron bilikləri, habelə İKT sektoru üzrə əsas makro
göstəricilər və İKT məhsullarının idxalı və ixracı haqqında geniş məlumatlar əks olunmuşdur.
28. Fərdi sahibkar təsərrüfatları
hansı təsərrüfatlardır?
Fərdi sahibkar təsərrüfatı əsasən
şəxsi əməyə əsaslanmaqla mülkiyyətində və ya icarəsində olan torpaq və mülkdə kənd təsərrüfatı
məhsullarının istehsalı, emalı və satışı ilə məşğul olan və hüquqi şəxs kimi rəsmi qeydiyyatdan
keçmiş təsərrüfatçılıq formasıdır.
29. Ailə kəndli təsərrüfatları
hansı təsərrüfatlardır?
Ailə kəndli təsərrüfatı ailə
üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya
icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat
fəaliyyətini (məhsul emalını, saxlanmasını, daşınmasını və satışını) həyata keçirən təsərrüfat
formasıdır. Aqrar islahat nəticəsində pay torpağı almış və təsərrüfat (ailə) başçısı bilavasitə öz
təsərrüfatında çalışan təsərrüfatlar ailə kəndli təsərrüfatı kimi uçota alınırlar.
30. Ev təsərrüfatları hansı
təsərrüfatlardır?
Ev təsərrüfatı - birgə yaşayan və birlikdə təsərrüfat
aparan fərd və şəxslər qrupu, yaxud da yaşamlarını təmin etmək məqsədilə birləşmiş fərd yaxud
şəxslər qrupu kimi müəyyən olunur. Ev təsərrüfatlarının əksəriyyəti özlüyündə ailə təsərrüfatlarını
əks etdirirlər. Lakin, ailələrdən fərqli olaraq, ev təsərrüfatları qan qohumluğu və qohumluq
aidiyyəti olmayan birgə, ya da bir neçə nəfərin birgə fəaliyyəti kimi təqdim oluna bilər.
31. Kənd təsərrüfatına yararlı
torpaq sahəsinə hansı torpaqlar aid edilir?
Kənd təsərrüfatına yararlı torpaq sahəsinə kənd
təsərrüfatı məhsulları istehsalı məqsədilə mütəmadi istifadə olunan torpaqlar daxil edilir. Bura
dincə qoyulmuş sahələr, əkin yerləri, çoxillik əkmələr (meyvə bağları), otlaq və biçənəklər aid
edilir.
32. Heyvandarlıq məhsullarının
istehsalı barədə məlumatlar hansı üsulla toplanılır?
Heyvandarlıq məhsullarının istehsalı barədə məlumatlar
kənd təsərrüfatı müəssisələri üzrə statistik hesabatlar, fərdi sahibkar, ailə kəndli və ev
təsərrüfatları üzrə isə aparılan seçmə müayinələrin məlumatları əsasında hesablanır.
33. Dənli və dənli paxlalılara
(taxıla) hansı bitkilər aid edilir?
Dənli və dənli paxlalılara yazlıq və payızlıq buğda,
çovdar, arpa, vələmir, darı, qarabaşaq, sorqo, çəltik, pərinc, dən üçün qarğıdalı, acı paxla, noxud,
göy noxud, lobya, mərci, lərgə, maş aid edilir.
34. İQİ nədir?
İstehlak qiymətləri indeksi (İQİ) –
əhalinin şəxsi istehlakı üçün əldə etdiyi mal və xidmətlər dəstinin vaxta görə qiymətlərinin ümumi
səviyyəsinin dəyişməsini xarakterizə edən nisbi göstəricidir.
35. İQİ-nin hesablanmasında hansı
məlumatlardan istifadə olunur?
İQİ-nin hesablanması iki mənbədən alınan məlumat bazası əsasında aparılır:
• qiymət qeydiyyatına dair məlumatlar;
• ev təsərrüfatlarının istehlak xərclərinin tərkibi sahəsində aparılan müayinə materialları.
36. Qiymətlərə dair məlumatlar necə
əldə edilir?
• qiymət qeydiyyatına dair məlumatlar;
• ev təsərrüfatlarının istehlak xərclərinin tərkibi sahəsində aparılan müayinə materialları.
Qiymətlərə dair məlumatların toplanması işi bunun üçün
xüsusi seçilmiş ticarət məntəqələrinə və xidmət göstərilən yerlərə baş çəkilməsi yolu ilə, qiymət
qeydçilər tərəfindən qiymət kağızlarından oxuma və ya satıcılardan sorğu edilmə və xüsusi müşahidə
blanklarında qeydiyyata alma qaydasında həyata keçirilir.
37. Qiymətlərin qeydiyyatı necə
aparılır?
Qiymətlərin qeydiyyatı üçün əsas şərt
– konkret ticarət məntəqəsində, əvvəlki dövrdəki ayın tarixi ilə eyni bir vaxtda hər hansı növ malın
(xidmətlərin) qiymətlərinin qeydə alınmasıdır. Kənarlaşmalar ən çoxu 1-2 gün ola bilər. Mal qrupunun
sosial əhəmiyyətliliyindən asılı olaraq hazırlanmış xüsusi qrafik əsasında, ay ərzində qeydçilər
ticarət məntəqələrinə baş çəkir və qeydiyyat aparırlar.
38. Əhalinin sayı necə
hesablanır?
Əhalinin sayının cari hesablanması əhalinin son
siyahıyaalmasının yekunları əsasında aparılır. Hər il bu ərazidə doğulanların və daimi yaşamaq üçün
bu əraziyə gələnlərin sayı əhalinin sayına əlavə edilir, ölənlərin və bu ərazidən köçənlərin sayı
isə əhalinin sayından çıxılır. Növbəti siyahıyaalmanın yekunlarına əsasən əvvəlki siyahıyaalmadan
sonrakı dövrdə əhalinin sayı və tərkibi üzrə müvafiq dəqiqləşmələr aparılır. Əhali yaşayış yerlərinə
görə şəhər və kənd əhalisinə bölünür. Şəhər yerlərinə şəhərlər və qəsəbələr aid edilir, qalan bütün
yaşayış məntəqələri isə kənd yerləri sayılır.
39. Nəsilvermə əmsalı nəyi
göstərir?
Ümumi nəsilvermə əmsalı reproduktiv dövr ərzində bir
qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir. Bu əmsal doğumun yaş əmsallarının hər yaş
intervalının uzunluğuna vurulub toplanmaq yolu ilə hesablanır (bir illik əmsallar üçün vuruq birə,
beş illik əmsallar üçün beşə və s. bərabərdir). Nəticədə cəm 1000-ə bölünür, yəni bu göstərici orta
hesabla bir qadın üçün hesablanır.
40. Doğulanda gözlənilən ömür
uzunluğu nəyi göstərir?
Doğulanda gözlənilən ömür uzunluğu doğulanların hər
birinin orta hesabla yaşaya biləcəyi illərin sayını göstərir. Burada doğulanların bütün ömrü boyu
ölümün səviyyəsinin hər yaş qrupu üzrə göstəricinin hesablandığı ildəki səviyyədə dəyişməz qalacağı
şərti qəbul edilir. Doğulanda gözlənilən ömür uzunluğu həyat cədvəllərinin hesablanması nəticəsində
alınır.
41. 1 yaşa qədər ölən uşaqların
sayı nəyi səciyyələndirir?
Körpə ölümü – bir yaşa qədər uşaqların
ölümünü səciyyələndirir. Bir yaşa qədər körpələrin ölüm səviyyəsi il ərzində kəskin dəyişdiyindən
onun orta illik sayını hesablamaq çətindir. Ona görə də, ölüm əmsalı əvəzinə bir yaşa qədər
körpələrin ölüm hallarının onların orta illik sayına nisbəti ilə deyil, diri doğulanların ümumi
sayına nisbəti ilə həyatın ilk ilində ölüm ehtimalını hesablayırlar (keçmiş ənənəyə görə bu ehtimalı
əmsal adlandırırlar).
42. Ana ölümü haqqında məlumatlar
hansı mənbədən götürülür?
Ana ölümü – Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, hamiləlik, doğuş və zahılıq dövründə ölən
anaların sayıdır.
43. Pərakəndə əmtəə dövriyyəsinin
həcmi nəyi ifadə edir?
Pərakəndə ticarət dövriyyəsi - nağd
ödəniş və ya kredit kartları, bankların haqq-hesab çekləri, haqqı əmanətçilərin hesablarından
köçürülməklə əhaliyə satılmış əmtəələrin dəyərini ifadə edir və haqqın ödənilmə vaxtından asılı
olmayaraq satılan əmtəənin tam satış dəyəri həcmində və əhaliyə satıldığı vaxt üzrə uçota alınır.
44. Pərakəndə əmtəə dövriyyəsinin
fiziki həcm indeksi necə hesablanır?
Göstəricilərin real həcminin dəyişməsini xarakterizə
edir. Hesabat dövründəki göstəricinin baza dövrünün qiymətləri ilə həcminin baza dövrü üzrə faktiki
göstəriciyə faizlə nisbəti kimi hesablanır.
45. Topdansatış əmtəə dövriyyəsi
dedikdə nə başa düşülür?
Topdansatış əmtəə dövriyyəsi -
kənardan alınan yeni və ya istifadə olunmuş malların pərakəndə ticarət, sənaye, kommersiya
müəssisələrinə, peşəkar istifadəçilərə, digər topdansatış ticarət müəssisələrinə, həmçinin malların
alqı - satqısı zamanı bu kimi şəxslərin və şirkətlərin adından çıxış edən agentlərə emal edilmədən
təkrar satışının həcmidir.
46. Orta aylıq nominal əmək haqqı
barədə məlumatları necə əldə etmək olar?
www.stat.gov.az
internet saytının "Mətbu məlumat", "Makroiqtisadi göstəricilər"
və "Məlumatların
yayılmasının xüsusi standartları (MYXS)" bölməsində aylıq və ilin əvvəlindən olan
dövriliklə ölkə üzrə orta aylıq nominal əmək haqqına dair məlumatlar, "Statistikanın bölmələri"
hissəsində "Əmək
bazarı"nda ölkə və iqtisadi rayonlar üzrə orta aylıq nominal əmək haqqına dair illər
üzrə məlumatlar təqdim olunmuşdur.
47. Ölkədə muzdla çalışan işçilərin
sayı barədə məlumatları necə əldə etmək olar?
www.stat.gov.az
internet saytının "Mətbu məlumat" bölməsində aylıq dövriliklə ölkə üzrə muzdla çalışan işçilərin
ümumi sayı, eyni zamanda iqtisadi fəaliyyət növləri, dövlət və qeyri-dövlət sektorları üzrə sayı
barədə məlumatlar, "Minilliyin inkişaf məqsədləri" bölməsində isə
"qeyri-kənd təsərrüfatı sektorunda muzdla işləyən qadınların payı"na dair illik məlumatlar,
"Statistikanın bölmələri" hissəsində "Əmək bazarı"nda ölkə və
iqtisadi rayonlar üzrə muzdla çalışan işçilərin ümumi sayı, eyni zamanda ölkə üzrə müvafiq
bölgülərdə məlumatlar təqdim olunmuşdur.
48. Ölkədə iqtisadi fəal, o
cümlədən məşğul və işsiz əhalinin sayı barədə məlumatları necə əldə etmək olar?
www.stat.gov.az
internet saytının "Məlumatların yayılmasının xüsusi standartları
(MYXS)" bölməsində rüblük dövriliklə ölkə üzrə iqtisadi fəal, o cümlədən məşğul və
işsiz əhalinin sayı barədə məlumatlar, "Statistikanın bölmələri" hissəsində "Əmək
bazarı"nda illər üzrə iqtisadi fəal, o cümlədən məşğul və işsiz əhalinin sayı və
onların bölgülərinə dair məlumatlar, "Minilliyin inkişaf
məqsədləri" bölməsində isə ölkə və iqtisadi rayonlarda illər üzrə gənclərin işsizlik
səviyyəsi təqdim olunmuşdur.
49. Fiziki və hüquqi şəxslər
statistik kod və parolu necə əldə edə bilər?
Statistik hesabatları real vaxt rejimində təqdim etmək
üçün hüquqi şəxslər statistik koddan, fiziki şəxslər isə VÖEN-dən istifadə etməlidir. Statistik kod
hüquqi şəxslərə rayon statistika idarələri tərəfindən verilir. Sistemə ilk dəfə daxil olmaq üçün www.stat.gov.az
internet saytının E-xidmətlər/Rəsmi statistik hesabatların təqdim edilməsi bölməsində Təqdim ediləcək hesabatlar haqqında məlumat linkinə daxil olmaqla qeydiyyatdan keçin. Qeydiyyat zamanı özünüzə parol seçib, daxil edin. Bu parol hər dəfə sistemə daxil olmaq üçün istifadə edilir. Məlumatınızı kənar şəxslərin müdaxiləsindən qorumaq üçün parolunuzu məxfi saxlayın.