Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin iyun ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2011-ci ilin iyun ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9 faiz ucuzlaşmışdır. Ay ərzində ərzaq məhsullarının qiymətləri 1,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz ucuzlaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalmışdır.
Ötən ay ərzaq məhsullarından düyünün, unun, qarabaşaq və manna yarmasının, vermişel və makaronların, toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə olunmamış və strelizə olunmuş üzlü südün, xamanın, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, bananın, armudun, alçanın, albalının, gilasın, şaftalının, çiyələyin, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kökün, sarımsağın, soğanın, kartofun qiyməti ucuzlaşmışdır. Eyni zamanda ay ərzində ucuzlaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunmuşdur ki, bu əsasən mal və qoyun ətinin, toyuq budunun, günəbaxan və qarğıdalı yağlarının, almanın, şabalıdın, göyərtinin, çuğundurun qiymətlərində qeydə alınmışdır.
Yay mövsümünün ilk ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların qiymətlərində ucuzlaşma müşahidə olunmuşdur. Bundan əlavə inşaat materiallarından pəncərə şüşəsinin, su tənzimləyici cihazların, ağac yonqar lövhələrin, kərpicin, sementin, məişət avadanlıqlarından qaz plitəsinin, qızdırıcıların, tozsoranların qiymətləri ucuzlaşmışdır. Ucuzlaşma ilə yanaşı ay ərzində inşaat materiallarından boyaların, parket üçün lakın, kəsilmiş taxtaların, laminat parketin, mebellərdən mətbəx üçün mebel dəstinin, kətilin, yataq mebel dəstinin qiymətləri bahalaşmışdır.