Tikinti haqqında

14.07.2011


Ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edir. 2011-ci ilin birinci yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 4,5 milyard manat və ya əvvəlki ildəkindən 17,8 faiz çox vəsait yönəldilmiş və onun 72,8 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 48,7 faizi məhsul istehsalı, 51,3 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 55,9 faizini təşkil etmişdir.
Birinci yarımildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir sıra yeni tikili və obyektlər işə salınmış, yeni iş yerləri açılmışdır. Bakı şəhərində "Dərnəgül" metro stansiyası, Abşeron rayonunda Mebel fabriki və AZMDF zavodu, Samux rayonunda Meyvə qurudulması və emal müəssisəsi, Göyçay rayonunda Meyvə və tərəvəz saxlamaq üçün soyuducu anbar, Ağcabədi rayonunda Süd emalı zavodu və Süd məhsulları kombinatı, Ağcabədi Qaradolaq-Kəbirli avtomobil yolu, Şahmat məktəbi, İmişli rayonunda Yem fabriki və Bitki yağları fabriki, Olimpiya İdman Kompleksi, İmişli-Qaravəlili-Mirili avtomobil yolu, Araz çayının yeni qolunun üzərində körpü, Astara rayonunda Qaz-kompressor stansiyası, Astara-Bala Şahağac avtomobil yolu, Tovuz rayonunda Süd emal zavodu, Olimpiya İdman Kompleksi, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolu, Qazax-Gürcüstan Dövlət Sərhədi avtomobil yolu, Kürdəmir-Ucar magistral avtomobil yolu yenidən qurularaq istismara verilmiş, Gəncə şəhərində Fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzi, Naftalan şəhərində "Çinar Hotel SPA Naftalan" və "Qaşaltı" Sanatoriya kompleksləri, ölkənin müxtəlif bölgələrində ümumi sahəsi 838,8 min kvadrat metr olan yeni yaşayış evləri və 1956 şagird yerlik ümumtəhsil məktəbi, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub və digər obyektlər istifadəyə verilmişdir.