2011-ci ilin birinci yarısında ölkənin iqtisadi və sosial inkışafının makroiqtisadi göstəriciləri

15.07.2011


2011-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 0.9 faiz, yaxud müqayisəli qiymətlərlə 169.9 milyon manat artaraq 22.5 milyard manata çatmışdır. ÜDM-in 66.2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 54.7 faizi sənayedə, 6.9 faizi inşaat kompleksində, 4.6 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27.9 faiz, o cümlədən nəqliyyatda 6.2 faiz, ticarət və pullu xidmətdə 8.7 faiz, rabitədə 1.7 faiz, sosial və digər xidmətlərdə 11.4 faiz təşkil etmişdir. ÜDM-in 5.9 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 2496.9 manat (3149.5 ABŞ dolları) olmuşdur.
Əlavə dəyər istehsalı qeyri-neft sektorunda ötən illə müqayisədə 7.2 faiz artmış, neft sektorunda isə 5.1 faiz azalmışdır.
Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyti də nəzərə alınmaqla 15.6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Məhsulun 76.4 faizi mədənçıxarma bölməsində, 17.7 faizi emal bölməsində, 5.3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 2010-cu ilin birinci yarısı ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 4.0 faiz azalmış, emal bölməsində 6.3 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 9.1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 9.2 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10.3 faiz artmış, neft sektorunda isə 4.4 faiz azalmışdır.
Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 23.9 milyon ton, qaz hasilatı 12.9 milyard kub metr təşkil etmişdir.
Emal sektorunda qida məhsulları istehsalı 5.6 faiz, içki istehsalı 20.3 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 21.7 faiz, geyim istehsalı 35.6 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 7.3 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalı 38.5 faiz, kağız və karton istehsalı 81.0 faiz, poliqrafiya fəaliyyəti 16.3 faiz, neft məhsulları istehsalı 3.3 faiz, kimya sənayesi məhsulları istehsalı 39.0 faiz, rezin və plastik məmulatlar istehsalı 3.9 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 70.6 faiz, elektrik avadanlıqları istehsalı 40.9 faiz, maşın və avadanlıqların istehsalı 10.5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33.3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 24.9 faiz artmışdır.
İlin ilk yarısında 10.0 milyard kv.saat, yaxud 5.3 faiz çox elektrik enerjisi istehsal olunmuşdur.
Aqrar bölmədə yaz tarla işləri başa çatmışdır. İyun ayının 22-nə kimi 397.3 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 29.7 min hektar sahədə dənli və dənli paxlalılar, 33.6 min hektar sahədə dən üçün qarğıdalı, 80.8 min hektar sahədə tərəvəz, 65.1 min hektar sahədə kartof, 42.8 min hektar sahədə pambıq, 33.2 min hektar sahədə bostan bitkiləri, 7.3 min hektar sahədə şəkər çuğunduru, 10.8 min hektarda dən üçün günəbaxan, 1435 hektar sahədə tütün və s. əkilmişdir. Ötən illə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 21.6 min hektar, o cümlədən pambığın əkin sahəsi 12.4 hektar, dən üçün qarğıdalının əkin sahəsi 4.1 min hektar, bostan bitkilərinin əkin sahəsi 730 hektar, tütünün əkin sahəsi 84 hektar artmışdır.
Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa başlamışlar. İyul ayının 1-nə kimi qarğıdalı istisna olmaqla 486.9 min hektarın taxılı biçilmiş və həmin sahələrdən 1191.9 min ton məhsul toplanmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 57.0 min hektar az sahənin taxılının biçilməsinə baxmayaraq 73.2 min ton çox məhsul toplanmış, məhsuldarlıq 3.9 sentner yüksələrək 24.5 sentnerə bərabər olmuşdur.
Yığım başlanandan tarlalardan 266.5 min ton kartof, 306.9 min ton tərəvəz, 62.8 min ton meyvə və giləmeyvə, 28.9 min ton bostan məhsulları, 37.3 ton tütün, 286.0 ton yaşıl çay yarpağı toplanmışdır. 2010-cu ilin anoloji dövrü ilə müqayisədə kartof istehsalı 31.5 min ton və ya 8.8 faiz, tərəvəz istehsalı 27.5 min ton (9.1 faiz), bostan məhsulları istehsalı 12.9 min ton (80.3 faiz), tütün istehsalı 8.6 ton (30.0 faiz), meyvə və giləmeyvə istehsalı 1.3 min ton (2.2 faiz), yaşıl çay yarpağı istehsalı 29.1 ton (11.3 faiz) artmışdır.
Keçən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın baş sayı 1.3 faiz artaraq 2663.7 min başa, qoyun və keçilərin sayı 1.0 faiz çoxalaraq 8630.4 min başa çatmışdır. Bu dövrdə 5.6 faiz çox və ya diri çəkidə 207.9 min ton ət, 7.8 faiz çox, yaxud 797.8 min ton süd, 15.2 faiz az və ya 517.7 milyon ədəd yumurta, 7.5 faiz çox, yaxud 14.2 min ton yun istehsal edilmişdir.
Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 8.3 faiz, heyvandarlıq məhsulları istehsalı 4.8 faiz, bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalı 6.2 faiz artmışdır.
İlin əvvəlindən inşaat kompleksində 4.5 milyard manat məbləğində vəsaitdən istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 57.2 faizi və ya 2.6 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2010-cu ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş vəsait qoyuluşun həcmi 17.8 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 2.2 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 72.8 faizini və ya 3.3 milyard manatını daxili investisiyalar təşkil etmiş və 9.0 faiz artmışdır.
Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Altı ay ərzində ümumi sahəsi 838.8 min kv.metr yaşayış evləri, 1956 şagird yerlik ümumtəhsil məktəbləri, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dərnəgül" Metro stansiyası, Gəncədə fiziki qüsurlu uşaqlar üçün Regional İnformasiya Mərkəzi, Göyçay rayonunda Meyvə-tərəvəz soyuducu anbarı, Tovuz rayonunda Süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda Mebel fabriki və AZMDF zavodu, Astara rayonunda Qaz-Kompressor stansiyası, Naftalan şəhərində "Çinar Hotel" kompleksi və "Qaşaltı" Sanatoriyası, Ağcabədi rayonunda Süd emalı zavodu, Süd məhsulları kombinatı və Şahmat məktəbi, İmişli rayonunda Yem fabriki, Bitki yağları fabriki və Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmiş, Qazax-Gürcüstan Dövlət sərhəddi avtomobil yolunun, Kürdəmir-Ucar avtomobil yolunun, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun, Astara-Bala Şahağac avtomobil yolunun, Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun və İmişli-Qaravəlli-Mirili avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istismara verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5959.9 milyon manat vəsaitin 1311.7 milyon manatından istifadə edilmişdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 99.6 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 5.7 faiz çox yük, 699.4 milyon nəfər və ya 6.5 faiz çox sərnişin daşınmışdır. Yüklərin 10.6 faizi dəmir yolu nəqliyyatı, 52.2 faizi avtomobil nəqliyyatı, 6.2 faizi dəniz nəqliyyatı, 31.0 faizi boru kəmərləri ilə, sərnişinlərin 86.6 faizi avtomobil, 13.1 faizi metropolitenlə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 562.2 milyon manat dəyərində və ya ötən ildə olduğundan 14.4 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 73.4 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 76.2 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2011-ci ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 17.0 faiz artaraq 13.5 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 15.5 faiz artaraq 1495.8 manata (orta hesabla ayda 249.3 manata) çatmışdır. Gəlirlərin 67.5 faizi son istehlaka, 8.2 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqqlarının ödənilməsinə, 22.6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-may aylarında 10.7 faiz artaraq 351.3 manata çatmışdır. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-may ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 520.3 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 512.4 manat təşkil etmişdır.
Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9.8 faiz artaraq 7.6 milyard manara, pullu xidmətlərin həcmi isə 7.9 faiz çoxalaraq 2.3 milyard manata çatmışdır. Realizə olunmuş əmtəələrin 62.6 faizini ərzaq məhsulları, 37.4 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 2.6 və 28.0 faiz artmışdır.
2011-ci ilin birinci yarısında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 400.4 min manatlıq qeyri-ərzaq malları və 2.1 min manatlıq ərzaq məhsulları satılmışdır.
2011-ci ilin yanvar-may aylarında 131 ölkə ilə aparılmış xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.9 faiz artaraq 14.1 milyard dollar təşkil etmiş, 82.4 faizi və ya 11.6 milyard dolları uzaq xarici dövlətlərlə, 2.5 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır.
Beş ay ərzində ölkəmizdən xarici ölkələrə 10.6 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 9.2 milyard dolları uzaq xarici dövlətlərə, 1.4 milyard dolları MDB-yə daxil olan ölkələrə ixrac olunmuşdur.
Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 3.5 milyard dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 2.5 milyard dollar, MDB üzvü dövlətlərindən isə 1.0 milyard dollar olmuşdur.
Xarici ticarət əlaqələrinin 67.8 faizi Avropa, 21.2 faizi Asiya, 10.0 faizi Amerika, 0.9 faizi Afrika, 0.1 faizi Okeaniya qitələrinin ölkələri ilə aparılmışdır.
Beş ay ərzində 7.1 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 6.7 milyard dollar, MDB üzvü dövlətləri ilə isə 392.8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
Yanvar-may aylarında 13.4 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İyun ayında may ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.1 faiz ucuzlaşmış, xidmət tarifləri may ayının səviyyəsində qalmışdır. Eyni zamanda qiymət və tariflər altı ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 8.8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12.3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2.9 faiz, xidmət tarifləri 4.3 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-may aylarında dövlət büdcəsinə 4.8 milyard manat həcmində, yaxud 2010-cu ilin müvafiq dövründəkindən 17.8 faiz çox vəsait daxil olmuş, bu vaxt ərzində büdcədən 3.7 milyard manat və ya 2010-cu ilin müvafiq dövrünə nisbətən 3.5 faiz çox vəsait xərclənmiş, 1142.2 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 6.5 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 35.2 faizi və ya 1.3 milyard manatı iqtisadiyyatın inkişafına, 16.1 faizi, yaxud 594.5 milyon manatı sosial müdafiə və sosial təminata, 16.4 faizi və ya 606.3 milyon manatı təhsilə və səhiyyəyə yönəldilmişdir. Büdcə xərclərinin 41.2 faizi və ya 1.5 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilmişdir.
Kredit təşkilatlarının ayırdıqları kredit resurslarının məbləği iyun ayının 1-i vəziyyətinə 8.8 milyard manata çatmış və ötən ilin müvafiq dövrünə nisbətən 10.8 faiz artmışdır. Verilmiş kreditlərin 5.9 milyard manatı uzunmüddətli olmuş, 551.8 milyon manatının ödəmə müddəti ötmüşdür.
Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 33.8 faiz artaraq iyun ayının 1-nə 3.3 milyard manata çatmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 1.6 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1.7 milyard manat olmuşdur.
İyun ayında milli valyutanın 1 ABŞ dollarına orta məzənnəsi 0.79 manat, 1 Avroya 1.13 manat, 100 Rusiya rubluna 2.82 manat, yanvar-iyun aylarında isə müvafiq olaraq 0.79, 1.11 və 2.77 manat təşkil etmişdir.