Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin iyun ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi
İyun ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz ucuzlaşmışdır.
Ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 0,1 faiz ucuzlaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,3 faiz bahalaşmışdır.
İyun ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,1 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri kimya sənayesi üzrə 2,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,8 faiz, qida məhsullarının istehsalı üzrə 1,5 faiz, içki istehsalı üzrə 1,3 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,9 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,1 faiz bahalaşmış, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 7,4 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 4,7 faiz, metallurgiya sənayesi üzrə 3,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,7 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 0,6 faiz ucuzlaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə dəyişiklik müşahidə olunmamışdır.