İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə

13.09.2011


2011-ci il iyul ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1 367,5 min nəfər olmuş və onların 856,9 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 510,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 25,1 faizi təhsildə, 19,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 11,9 faizi sənayedə, 10,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,0 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 4,0 faizi dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat sahəsində, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində, 1,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində və 11,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. Muzdlu əsaslarla çalışan işçilərin 20,9 faizi məhsul istehsalı sahələrində cəmlənmişdir.
Cari ilin yanvar-iyul aylarında muzdlu işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8 faiz artaraq 353,7 manat təşkil etmişdir. Əmək haqlarının artımı inflyasiya səviyyəsini üstələmişdir. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olmuşdur.