Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin yanvar-sentyabr aylarinda ölkənin iqtisadi və sosial inkişafinin makroiqtisadi göstəriciləri
Ümumi Daxili Məhsul. 2011-ci ilin yanvar-sentyabr ayları ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.5 faiz çox və ya faktiki qiymətlərlə 34.6 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur. Hər nəfərə ÜDM istehsalı 3827.2 manat (4840.3 ABŞ dolları) təşkil etmişdir. Bu dövrdə sənaye sahələrində 18.3 milyard manatlıq, yaxud ÜDM-in 52.8 faizi qədər, kənd təsərrüfatında 2.3 milyard manatlıq (6.6 faiz), tikinti kompleksində 2.6 milyard manatlıq (7.5 faiz), nəqliyyatda 2.0 milyard manatlıq (5.7 faiz), ticarət və pullu xidmətdə 2.9 milyard manatlıq (8.5 faiz), rabitədə 599.4 milyon manatlıq (1.7 faiz), digər sahələrdə 3.8 milyard manatlıq və ya ÜDM-in 11.0 faizi qədər əlavə dəyər yaradılmış, 6.2 faizini, yaxud 2.2 milyard manatını subsidiyalar istisna olmaqla məhsula və idxala xalis vergilər təşkil etmişdir.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 8.2 faiz artmış, neft sektorunda isə 7.0 faiz azalmışdır.
Sənaye. İlin əvvəlindən keçən müddət ərzində 23.2 milyard manatlıq, yaxud 2010-cu ilin müvafiq dövründə olduğundan 3.2 faiz az sənaye məhsulu istehsal olunmuşdur.
Sənayenin mədənçıxarma bölməsində neft hasilatı 35.5 milyon ton, qaz hasilatı 19.4 milyard kub metr təşkil etmişdir.
Emal bölməsində keçən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsulları istehsalı 5.9 faiz, içki istehsalı 20.0 faiz, geyim istehsalı 55.5 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalı 9.7 faiz, kağız və karton istehsalı 14.8 faiz, poliqrafiya məhsulları istehsalı 4.0 faiz, neft məhsulları istehsalı 3.7 faiz, kimya məhsulları istehsalı 49.3 faiz, rezin və plastik kütlə məmulatları istehsalı 14.7 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 78.4 faiz, kompüter və digər elektron avadanlıqları istehsalı 20.1 faiz, elektrik avadanlıqları istehsalı 4.1 faiz, maşın və avadanlıqlar istehsalı 28.3 faiz, avtomobil və qoşquların istehsalı 19.6 faiz, sair nəqliyyat vasitələri istehsalı 2.1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 56.5 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində elektrik enerjisi istehsalı 5.3 faiz artaraq 13.9 milyard kVt.saat olmuşdur.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul və xidmətlərin istehsalı 10.2 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9.2 faiz artmış, neft sektorunda isə 5.9 faiz azalmışdır.
Kənd təsərrüfatı. Kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Oktyabrın 1-nə kimi dənli bitkilər səpilmiş sahələrin 99.3 faizinin məhsulu toplanmış və həmin sahələrdən qarğıdalı da daxil olmaqla 2431.0 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektarın məhsuldarlığı 4.7 sentner artaraq 25.3 sentner olmuşdur.
Oktyabrın 1-nə kimi tarlalardan 923.3 min ton kartof, 1129.3 min ton tərəvəz, 468.4 min ton meyvə və giləmeyvə, 474.5 min ton bostan məhsulları, 81.3 min ton üzüm, 17.2 min ton pambıq, 453.2 ton yaşıl çay yarpağı, 2838.7 ton tütün, 71.3 min ton şəkər çuğunduru, 18.6 min ton dən üçün günəbaxan toplanmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli bitkilərin istehsalı 22.5 faiz, tərəvəz istehsalı 2.2 faiz, meyvə və giləmeyvə istehsalı 12.6 faiz, bostan məhsulları istehsalı 10.8 faiz, pambıq istehsalı 41.6 faiz, üzüm istehsalı 1.9 faiz, tütün istehsalı 11.9 faiz, şəkər çuğunduru istehsalı 23.5 faiz, dən üçün günəbaxan istehsalı 22.4 faiz artmışdlr.
İri buynuzlu mal-qaranın baş sayı 2663.5 min başa, qoyun və keçilərin baş sayı isə 8574.8 min başa çatmış, bu dövrdə 333.6 min ton diri çəkidə ət, 1230.4 min ton süd, 795.5 milyon ədəd yumurta, 15.7 min ton yun istehsal olmuşdur. 2010-cu ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 4.5 faiz, süd istehsalı 6.3 faiz, yun istehsalı 6.0 faiz artmış, yumurta istehsalı 15.9 faiz azalmışdır.
Beləliklə, dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı ötən ilki səviyyədən 10.6 faiz, heyvandarlıq məhsulları istehsalı 3.7 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 7.6 faiz yüksək olmuşdur.
Kənd əməkçiləri gələn ilin məhsulu üçün 501.4 min hektar sahənin torpağını şumlamış, 29.4 min hektar sahədə dən üçün payızlıq bitkilər səpmişlər.
Tikinti. Doqquz ay ərzində bütün maliyyə mənbələrindən tikinti kompleksinə 7.6 milyard manat məbləğində vəsait yönəldilmiş, onun 5.8 milyard manatını və ya 76.6 faizini daxili investisiyalar, 1.8 milyard manatını xarici mənbələrdən ayrılmış investisiyalar təşkil etmişdir. Ötən illə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 21.9 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 11.1 faiz artmışdır.
İlin əvvəlindən keçən vaxt ərzində ümumi sahəsi 1351.2 min kv.metr yaşayış evləri, 3424 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 65 nəfəri qəbul etməyə imkan verən ambulatoriya-poliklinika müəssisəsi, 99 çarpayılıq xəstəxana, 100 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dərnəgül" Metro stansiyası, Müalicə-diaqnostika mərkəzi, "Kempinski Badamdar" Otel kompleksi, Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya mərkəzi, Tovuz rayonunda Süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda Mebel fabriki və AZDMF zavodu, Astara rayonunda Qaz-Kompressor stansiyası, Naftalan şəhərində "Çinar Hotel" kompleksi və "Qaşaltı" sanatoriyası, Ağcabədi rayonunda Süd emalı zavodu, Süd məhsulları kombinatı və Şahmat məktəbi, İmişli rayonunda Yem fabriki, Bitki yağları fabriki və Olimpiya İdman Kompleksi, Xızı rayonunda Müalicə-diaqnostika mərkəzi, Qobustan rayonunda Eksperimental Poliqon və Tədris mərkəzi, Quba rayonunda Şahmat məktəbi, Xaçmaz rayonunda Kondensator zavodu və Şahmat məktəbi, digər istehsal və xidmət obyektləri istifadəyə verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərin tikintisinin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 6052.1 milyon manat vəsaitin 2645.8 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-sentyabr aylarında 152.6 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 4.5 faiz çox yük, 1.1 milyard nəfər və ya 7.2 faiz çox sərnişin daşınmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 9.6 faiz, dəniz nəqliyyatı ilə 11.1 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 8.4 faiz artmışdır.
İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 883.1 milyon manatlıq və ya ötən ildəkindən müqayisəli qiymətlərlə 11.0 faiz çox xidmət göstərmişlər. Xidmətlərin 73.0 faizi bilavasitə əhaliyə göstərilmiş, mobil telefon xidmətindən əldə olunmuş gəlir 3.4 faiz artaraq 551.8 milyon manata çatmış və bütün gəlirlərin 62.5 faizini təşkil etmişdir.
Əhalinin gəlirləri. 2011-ci ilin yanvar-sentyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 17.6 faiz artaraq 2409.9 manata çatmışdır. Qazanılmış gəlirlərin 65.9 faizini orta hesabla hər bir şəxs son istehlaka, 7.9 faizini vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 24.4 faizini əmanətlərin və kapitalın artırılmasına sərf etmişdir. Vergiləri və üzvlük haqlarını ödədikdən sonra hər bir nəfərin sərəncamında orta hesabla 2218.5 manat qalmış və müqayisə edilən dövrdə 19.0 faiz artmışdır.
Əmək haqqı. Yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2010-cu ilin yanvar-avqust aylarına nisbətən 9.5 faiz artaraq 354.5 manat olmuşdur.
Əmtəə dövriyyəsi və pullu xidmət. İlin əvvəlindən keçən vaxt ərzində əhaliyə 15.3 milyard manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 10.3 faiz artaraq 11.6 milyard manata, pullu xidmətlərin həcmi isə 7.4 faiz artaraq 3.7 milyard manata bərabər olmuşdur.
Xarici ticarət. 2011-ci ilin yanvar-avqust aylarında dünyanın 146 ölkəsi ilə 23.7 milyard dollar məbləğində ticarət əməliyyatları aparılmış, onun 83.3 faizi və ya 19.7 milyard dolları uzaq xarici ölkələrlə, 4.0 milyard dolları MDB üzvü dövlətləri ilə həyata keçirilmişdir.
İlin əvvəlindən ötən səkkiz ay ərzində xarici ölkələrə 17.8 milyard dollarlıq mal ixrac olunmuş, onun 87.2 faizi və ya 15.5 milyard dollarlığı uzaq xarici dövlətlərə, 2.3 milyard dollarlığı və ya 12.8 faizi MDB üzvü ölkələrinə göndərilmişdir.
Ölkəyə idxal olunmuş məhsulların dəyəri 5.9 milyard dollar, o cümlədən uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 4.2 milyard dollar, MDB üzvü dövlətlərindən idxal isə 1.7 milyard dollar olmuşdur.
Səkkiz ay ərzində 11.9 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 11.3 milyard dollarlıq, MDB üzvü dövlətləri ilə 625.6 milyon dollarlıq müsbət saldo yaranmışdır.
Yanvar-avqust aylarında 18.0 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak qiymətləri və xidmət tarifləri. Sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.4 faiz, xidmət tarifləri 0.1 faiz bahalaşmışdır. İlin əvvəlindən ötən vaxt ərzində 2010-cu ilin yanvar-sentyabr aylarına nisbətən qiymət və tariflər 8.4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11.4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2.8 faiz, xidmət tarifləri 4.5 faiz bahalaşmışdır.
Dövlət büdcəsi. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-avqust aylarında dövlət büdcəsinə 7.7 milyard manat məbləğində vəsait daxil olmuşdur.
Səkkiz ay ərzində dövlət büdcəsindən 7.5 milyard manat vəsait xərclənmiş, 200.7 milyon manat məbləğində, yaxud ÜDM-in 0.7 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 3.2 milyard manatı və ya 41.9 faizi iqtisadiyyatın inkişafına, 790.9 milyon manatı (10.5 faizi) təhsilə və 971.3 milyon manatı (12.9 faizi) əhalinin sosial müdafiə və sosial təminatına yönəldilmişdir. Ümumiyyətlə, büdcə xərclərinin 33.6 faizi və ya 2.5 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf olunmuşdur.
Əhalinin əmanətləri. Əhalinin banklardakı əmanətlərinin məbləği sentyabr ayının 1-nə 3.7 milyard manata çataraq 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 34.5 faiz artmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 1.9 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1.8 milyard manat olmuşdur.
Kredit qoyuluşu. Ölkə iqtisadiyyatına ötən ilin yanvar-avqust aylarında olduğundan 19.2 faiz çox və ya 9.5 milyard manat məbləğində kredit yönəldilmişdir. Kreditlərin 6.4 milyard manatı uzun müddətə, 3.1 milyon manatı isə qısa müddətə verilmiş, 6.2 faizinin, yaxud 592.5 milyon manatının ödəmə vaxtı keçmişdir.
Manatın məzənnəsi. Sentyabr ayında manatın 1 ABŞ dollarına məzənnəsi 0.79 manat, 1 Avroya 1.09 manat, 100 Rusiya rubluna 2.58 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0.79, 1.11 və 2.75 manat təşkil etmişdir.