"Dövlət əyani ümumi təhsil müəssisələrinin qış mövsümünə hazırlığı, onların maddi-texniki bazası və pedaqoji kadrlarla təminatına dair" statistik müayinənin nəticələri haqqında

24.10.2011


Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 2583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı"na uyğun olaraq, Dövlət Statistika Komitəsi növbəti dəfə cari il sentyabr ayının 19-22-də ölkədə fəaliyyət göstərən dövlət əyani ibtidai, orta və tam orta ümumtəhsil məktəblərində onların qış mövsümünə hazırlığı, maddi-texniki bazası və pedaqoji kadrlarla təminatına dair statistik müayinə keçirmişdir.
Müayinənin nəticələrinə görə, 4487 dövlət əyani ümumi təhsil müəssisələrindən 3888-i və ya 87 faizi, o cümlədən şəhər yerlərində 1097-si (94 faizi), kənd yerlərində isə 2791-i (84 faizi) kompüterlə təmin olunmuşdur. Kompüterlərə malik olan ibtidai məktəblərin xüsusi çəkisi 11 faiz, orta məktəblərin - 82 faiz, tam orta məktəblərin isə - 96 faiz təşkil etmişdir.
Ötən tədris ilinin əvvəlinə keçirilmiş müvafiq müayinənin nəticələri ilə müqayisədə məktəblərdə kompüterlərin sayı 2,4 min ədəd və ya 6 faiz artaraq 42,5 minə çatmışdır. Hazırda hər 30 şagirdə orta hesabla bir kompüter düşür. Ötən il bu göstərici 33, 2009-cu ildə 35, 2008-ci ildə 39, 2007-ci ildə 47, 2006-cı ildə isə 101 olmuşdur. Şəhər yerlərində orta hesabla 29 (müvafiq olaraq - 31, 33, 36, 40, 70), kənd yerlərində isə 32 (müvafiq olaraq - 35, 38, 42, 57, 208) şagirdə bir kompüter düşür.
Ümumi təhsil müəssisələrinin 1841-nin və ya 47 faizinin, o cümlədən şəhər yerlərində 79 faizinin, kənd yerlərində 35 faizinin internetə çıxışı var.
Məktəblərin telekommunikasiya vasitələri və telefonla təchiz olunması, eləcə də şagirdlərin onlardan səmərəli istifadə etməsi məsələləri Naxçıvan MR-da, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində, Abşeron və Samux rayonlarında daha yaxşı təşkil edilmişdir.
2011/2012-ci tədris ilinin əvvəlinə ölkənin əyani ümumi təhsil müəssisələrində 2903 nəfər, o cümlədən kənd yerlərində 2389 nəfər, şəhər yerlərində isə 514 nəfər əlavə pedaqoji kadra ehtiyac olmuş və ötən tədris ili ilə müqayisədə bu ehtiyac müvafiq olaraq 1043, 827 və 216 nəfər artmışdır. Kənd yerlərində müəllimlərə tələbat əsasən kimya (331 müəllim), coğrafiya (292), azərbaycan dili və ədəbiyyat (247), biologiya (229), fizika (205), informatika (183), tarix (182) və riyaziyyat fənləri üzrə (148) olmuşdur.
Kənd yerləri üzrə müəllimlərə daha çox ehtiyac Quba (223), Laçın (125), Yardımlı (116), Gədəbəy (112), Xaçmaz (93), və Şabran (92) rayonlarında olmuşdur.
Şəhər yerləri üzrə müəllimlərə əlavə tələb ilk növbədə fiziki tərbiyə (68), azərbaycan dili və ədəbiyyat (50), ingilis dili (50), tarix (44), riyaziyyat (43) və fizika (39) fənləri üzrə və Bakı şəhərinin Sabunçu (96), Xəzər (44), Səbail (35), Qaradağ (31) rayonlarında, Şirvan (10) və Naxçıvan (69) şəhərində olmuşdur.
Müayinə ilə əhatə olunmuş məktəb rəhbərlərinin məlumatlarına görə, cari tədris ilinin əvvəlinə bütün sinif otaqlarında istilik sistemi mövcuddur və onların 9 faizi mərkəzləşdirilmiş istilik sistemindən, qalanları isə fərdi istilik sistemindən qidalanır. Fərdi istilik sisteminə malik olan təhsil müəssisələri şəhər yerləri üzrə 77 faiz, kənd yerlərində isə 96 faiz təşkil etmişdir. Şəhər təhsil müəssisələrinin 53 faizi qazdan, 18 faizi bərk yanacaqdan, kənd müəssisələrinin isə 66 faizi bərk yanacaqdan və 28 faizi maye yanacaqdan istifadə edir. Eyni zamanda, şəhər müəssisələrinin 21 faizi, kənd müəssisələrinin isə 3 faizi siniflərin qızdırılması üçün elektrik qızdırıcılarından istifadə edirlər.