Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin oktyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2011-ci ilin oktyabr ayında ərzaq məhsullarının qiymətlərinin 0,1 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 0,4 faiz bahalaşması, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,5 faiz ucuzlaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayın səviyyəsində qalması ilə nəticələnmişdir.
Oktyabr ayında ərzaq məhsullarından manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, kolbasanın, təzə balığın, pasterizə olunmamış üzlü südün, kərə yağının, süfrə marqarininin, bitki yağlarının, şaftalının, qarpız və yemişin, xiyarın, pomidorun, bibərin, badımcanın, şəkərin qiyməti bahalaşmışdır. Ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur ki, bu əsasən unun, çovdar və qarışıq undan çörəyin, qarabaşaq yarmasının, yumurtanın, limonun, bananın, portağal və naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, şabalıdın, kələmin, göyərtinin, göy lobyanın, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun və s. məhsulların qiymətlərində müşahidə olunmuşdur.
Oktyabr ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarından yağlı və sulu boyaların, parket üçün lakın, divar kağızlarının, ağac yonqar lövhələrin, parketin, kərpicin, mebellərdən mətbəx üçün mebel dəstinin, mətbəx üçün kətilin, yataq mebel dəstinin qiymətləri bahalaşmış, su tənzimləyici cihazların, kəsilmiş taxtaların, ağac lifli lövhələrin, sementin, mebellərdən qonaq və yemək otaqları üçün dəstin, mətbəx üçün stolun, məişət avadanlıqlarından elektroduxovkanın, tozsoranların qiymətləri isə ucuzlaşmışdır.
Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ayda internet xidməti tariflərində, beynəlxalq və MDB ölkələrinə hava sərnişindaşıma tariflərində və MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində ucuzlaşma müşahidə olunmuşdur.