2011-ci ilin noyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

05.12.2011

2011-ci ilin noyabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşmışdır. Noyabr ayında ərzaq məhsullarından manna yarmasının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, kolbasa məmulatlarının, təzə balığın, südün, kərə yağının, yumurtanın, zeytun və qarğıdalı yağlarının, armudun, narın, qoz və fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, soğanın, kartofun qiyməti bahalaşmışdır. Ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur ki, bu əsasən düyünün, unun, çörəyin, limonun, bananın, portağal və naringinin, almanın, şabalıdın, çuğundurun, kökün, sarımsağın və s. məhsulların qiymətlərində müşahidə olunmuşdur. Noyabr ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarından sulu boyaların, parket üçün lakın, divar kağızlarının, ağac yonqar lövhələrin, kərpicin, sementin, mebellərdən mətbəx üçün mebel dəstinin, mətbəx üçün kətilin, qonaq və yemək otaqları üçün dəstin, stol-stulun, yumşaq mebel dəstinin, yataq mebel dəstinin qiymətləri bahalaşmış, kəsilmiş taxtaların, ağac lifli lövhələrin, parketin, şüşənin, mebellərdən mətbəx üçün stolun, məişət avadanlıqlarından paltaryuyan maşınların qiymətləri isə ucuzlaşmışdır. Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ayda MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunmuşdur.