2011-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial inkışafının makroiqtisadi göstəriciləri

14.12.2011


İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2011-ci ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.2 faiz artaraq 45.5 milyard manata çatmışdır. Əlavə dəyərin 54.9 faizi sənaye sahələrində, 7.8 faizi tikinti kompleksində, 5.6 faizi kənd, ovçuluq və meşə təsərrüfatında, 5.2 faizi nəqliyyatda, 7.9 faizi ticarət və pullu xidmət sahələrində, 1.7 faizi rabitədə, 11.0 faizi digər sahələrdə istehsal olunmuşdur.
Əhalinin hər nəfərinə 5026.3 manatlıq (6362.4 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9.5 faiz artmış, neft sektorunda isə 9.1 faiz azalmışdır.
Sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 5.0 faiz azalmış, məhsulun 78.0 faizi və ya 24.3 milyard manatı mədənçıxarma bölməsində, 17.0 faizi, yaxud 5.3 milyard manatı emal bölməsində, 4.4 faizi və ya 1.4 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi və ya 170.7 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Mədənçıxarma bölməsinin məhsullarından yanvar-noyabr aylarında 42.2 milyon ton neft, 23.8 milyard kub metr qaz hasil olunmuşdur.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 6.3 faiz, içki istehsalı 10.2 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 8.4 faiz, geyim istehsalı 57.2 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalı 17.0 faiz, poliqrafiya məhsulları istehsalı 4.1 faiz, neft məhsulları istehsalı 1.1 faiz, kimya sənayesi məhsulları istehsalı 30.3 faiz, rezin və plastik kütlə məmulatları istehsalı 34.6 faiz, tikinti materialları istehsalı 2.6 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 92.2 faiz, kompüter və digər elektron avadanlıqları istehsalı 30.2 faiz, maşın və avadanlıqlar istehsalı 0.9 faiz, avtomobil və qoşquların istehsalı 8.5 faiz, sair nəqliyyat vasitələri istesalı 1.7 faiz, mebel istehsalı 16.0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 71.5 faiz artmışdır.
İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 17.9 milyard kVt.saat elektrik enerjisi istehsal olunmuşdur.
Sənaye məhsulu istehsalı neft sektorunda 8.2 faiz azalmış, qeyri-neft sektorunda isə 9.7 faiz artmışdır.
Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmaq üzrədir. Dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2457.9 min ton taxıl, 938.5 min ton kartof, 1196.5 min ton tərəvəz, 58.0 min ton pambıq, 761.2 min ton meyvə və giləmeyvə, 477.9 min ton bostan məhsulları, 135.0 min ton üzüm, 235.3 min ton şəkər çuğunduru, 3.6 min ton tütün, 513.6 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 417.2 min ton ət, 1491.5 min ton süd, 916.5 milyon ədəd yumurta və 15.9 min ton yun istehsal olunmuşdur. Kartof və yaşıl çay yarpağı istisna olmaqla qalan bitkiçilik məhsullarının və yumurta istisna olmaqla heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artmışdır.
Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 9.4 faiz, heyvandarlıq məhsulları istehsalı 3.6 faiz və kənd təsərrüfatının ümumi məhsulu 6.8 faiz artmışdır.
2012-ci ilin məhsulu üçün 965.3 min hektar sahədə şum qaldırılmış, 831.3 min hektar sahədə dən üçün taxıl, o cümlədən 598.9 min hektar sahədə buğda, 232.4 min hektar sahədə arpa səpilmişdir.
İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10.0 milyard manat həcmində vəsait yönəldilmiş, 6.1 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Əsaslı vəsaitin 78.1 faizini və ya 7.8 milyard manatını daxili investisiyalar təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 28.3 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 18.5 faiz artmışdır. Məhsul istehsalı obyektlərin inşasının aparılmasına investisiyanın 47.1 faizi, yaxud 4.7 milyard manat sərf olunmuşdur.
İlin əvvəlindən ümumi sahəsi 1579.8 min kv.metrə bərabər yaşayış evləri, 10988 şagird yerlik ümumtəhsil məktəbləri, 99 çarpayılıq xəstəxana, növbədə 80 nəfərə xidmət etməyə imkan verən ambulator-poliklinika müəssisəsi, 260 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dərnəgül" Metro stansiyası, Müalicə-diaqnostika mərkəzi, "Kempinski Badamdar" Otel kompleksi, Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya mərkəzi, Tovuz rayonunda Süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda Mebel fabriki və AZMDF zavodu, Astara rayonunda Qaz-kompressor stansiyası, Naftalan şəhərində "Çinar Hotel" kompleksi və "Qaşaltı" sanatoriyası, Ağcabədi rayonunda Süd emalı zavodu, süd məhsulları kombinatı və Şahmat məktəbi, İmişli rayonunda Yem fabriki, Bitki yağları fabriki və Olimpiya İdman Kompleksi, Xızı rayonunda Müalicə-diaqnostika mərkəzi, Qobustan rayonunda Eksperimental Poliqon və Tədris mərkəzi, Quba rayonunda Şahmat məktəbi, Xaçmaz rayonunda Kondensator zavodu və Şahmat məktəbi, Ağsu rayonunda Çörək zavodu, Şirə və Şərab emalı zavodu, Stadion, Ağdaş rayonunda Ağdaş-Ləki avtomobil yolu, Ucar rayonunda Şahmat məktəbi, Qəbələ rayonunda Beynəlxalq Aeroport, Olimpiya İdman Kompleksi, Limonad zavodu, "Qafqaz Sport Hotel" mehmanxanası, Şəki rayonunda Şərab zavodu və "Green Hill İnn" mehmanxanası, Qax rayonunda Avtovağzal kompleksi, "El Resort" mehmanxanası, Oğuz rayonunda Qarğıdalı emalı zavodu və Qlükoza istehsalı müəssisəsi və diğər obyektlər istismara verilmişdir.
İnşasına əvvəlki illərdə və cari ildə başlanmış obyektlərin tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin on bir ay ərzində 3940.6 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 186.3 milyon ton yük və 1.4 milyard nəfər sərnişin daşınmış və keçən illə müqayisədə yük daşınması 3.5 faiz, sərnişin daşınması isə 7.4 faiz artmışdır.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə yanvar-oktyabr aylarında 44.6 milyon ton yük daşınaraq bu fəaliyyətdən, habelə sərnişin daşınmasından əldə olunmuş 363.5 milyon manat gəlirin 34.2 faizi dəmir yolu, 19.5 faizi dəniz, 46.3 faizi avtomobil nəqliyyatının işi hesabına yaranmışdır.
Ölkənin iqtisadi və həm də sosial həyatında sürətlə inkişaf edən sahələrdən biri də rabitədir. Sahənin əməkçiləri ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1.1 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 12.4 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 72.8 faizi və ya 806.3 milyon manatı əhaliyə göstərilmiş və 15.8 faiz artmışdır.
Yanvar-noyabr ayları ərzində 19128.2 milyon manat məbləğində istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. İstehlakçılara keçən ilin müvafiq dövründə olduğundan 10.3 faiz çox və ya 14454.4 milyon manat həcmində əmtəə satılmış, 7.4 faiz çox, yaxud 4673.8 milyon manatlıq pullu xidmət göstərilmişdir. Satılmış malların 8813.5 milyon manatını və ya 61.0 faizini ərzaq məhsulları, 5640.9 milyon manatını qeyri-ərzaq malları təşkil etmişdir.
Əmtəə dövriyyəsinin 14.8 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 39.1 faizi bazarlar və yarmarkalar, 46.1 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilmişdir.
Ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri yanvar-oktyabr aylarında 147 dövlətlə 29.8 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparmışlar.
Xarici ticarət dövriyyəsinin 22.2 milyard dollarını və ya 74.4 faizini ölkədən ixrac olunmuş mallar, 7.6 milyard dollarını (25.6 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. Ticarət əlaqələrinin 84.4 faizi və ya 25.2 milyard dolları uzaq xarici ölkələrlə, 15.6 faizi (4.6 milyard dolları) MDB üzvü dövlətləri ilə aparılmışdır.
Ölkəmizdən göndərilmiş malların 88.4 faizi uzaq xarici dövlətlərə, 11.6 faizi isə MDB üzvü ölkələrinə ixrac olunmuş və onun əsas hissəsini mineral məhsullar, ərzaq məhsulları, kimya və neft-kimya sənayesi məhsulları təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların çox hissəsi (72.9 faizi) uzaq xarici ölkələrdən daxil olmuşdur. Maşın və mexanizmlər, elektrotexniki avadanlıqlar, ərzaq məhsulları, ağacyonqarlı plitələr, kağız, karton məmulatları, kimya sənayesi məhsulları, mineral məhsullar idxal olunmuş mallar içərisində üstünlük təşkil etmişdir.
Beləliklə, on ay ərzində aparılmış idxal-ixrac əməliyyatları nəticəsində 14.5 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 14.0 milyard dollar məbləğində, MDB üzvü dövlətləri ilə isə 494.0 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranmışdır.
Yanvar-oktyabr aylarında ölkəmizə 28.3 milyon dollarlıq humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayında oktyabr ayı ilə müqayisədə 1.1 faiz, on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 8.0 faiz bahalaşmışdır. Oktyabr ayına nisbətən noyabr ayında ərzaq məhsullarının qiymətləri 1.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.4 faiz, xidmət tarifləri 0.1 bahalaşmışdır. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 10.7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2.7 faiz və xidmət tarifləri 4.7 faiz bahalaşmışdır.
Yanvar-noyabr aylarında əhalinin gəlirləri keşən ilin müvafiq dövrü ilə müqayisədə 19.2 faiz artaraq 27.3 milyard manata, onun hər nəfərə düşən məbləği isə 17.6 faiz çoxalaraq 3014.9 manata çatmışdır. Gəlirlərin 65.8 faizi son istehlaka, 8.0 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 24.5 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur. Əhalinin sərəncamında 25.1 milyard manat məbləğində gəlirləri qalmış və keçən ilin müvafiq dövrünə nisbətən 20.3 faiz artmışdır.
Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2010-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 8.7 faiz çoxalaraq 355.7 manata çatmışdır. Sənaye sahələrində çalışanların əmək haqqı 519.0 manat, tikinti kompleksində 515.8 manat, nəqliyyatda 435.7 manat, rabitədə 566.1 manat təşkil etmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 10.5 milyard manat daxil olmuş, büdcədən 9.9 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 43.7 faizi və ya 4.3 milyard manatı iqtisadiyyatın inkişafına, 9.5 faizi (936.9 milyon manatı) təhsilə, 12.6 faizi (1250.9 milyon manatı) sosial müdafiə və sosial təminata yönəldilmişdir.
Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 1.6 faizinə bərabər və ya 651.2 milyon manatlıq profisit yaranmışdur.
Noyabr ayının 1-nə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nisbətən 27.3 faiz artaraq 3.7 milyard manat olmuş, onların 1.9 milyard manatı xarici valyuta ilə, 1.8 milyard manatı isə milli valyuta ilə qoyulmuşdur.
Ölkənin maliyyə-kredit təşkilatları noyabrın 1-nə kimi 9.8 milyard manat məbləğində kredit vermiş, kreditlərin 68.3 faizi uzunmüddətli olmuş, 6.4 faizinin ödəmə vaxtı keçmişdir.
Noyabr ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0.79 manat, 1 Avroya 1.07 manat, 100 Rusiya rubluna 2.55 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0.79, 1.11 və 2.71 manata bərabər olmuşdur.