Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci il Dövlət Statistika Komitəsi üçün uğurlu olmuşdur
Komitənin fəaliyyətinin bütün istiqamətləri üzrə uğurlar və yaxşı nəticələr əldə edilmişdir.
"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir.
Statistik metodologiyanın təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması işi davam etdirilmiş və bu iş statistik fəaliyyətin bütün istiqamətlərini, makroiqtisadi statistikanı, həyat səviyyəsi, əmək, qiymət və müəssisələr statistikasını əhatə etmiş, il ərzində Komitə tərəfindən ümumilikdə 32 metodoloji iş yerinə yetirilmişdir.
Ölkənin sosial-iqtisadi vəziyyətini əks etdirən göstəricilər sisteminin formalaşdırılması və beynəlxalq analoqlara uyğunlaşdırılması, bununla bağlı rəsmi statistika hesabatlarının yeniləşdirilməsi istiqamətində işlər davam etdirilərək il ərzində 4 yeni rəsmi statistika hesabatı forması təsdiq edilmiş, 22 hesabat forması ləğv edilmiş və 101 hesabat formasının göstəricilərində dəyişikliklər edilmişdir. Respondentlərə düşən statistika yükünün azaldılması istiqamətində aparılan işləri sürətləndirmək məqsədilə Dövlət Statistika Komitəsi müxtəlif dövlət orqanlarında olan inzibati məlumat mənbələrindən istifadə edilməsi istiqamətində məqsədyönlü iş apararaq 2011-ci ildə Dövlət Sosial Müdafiə Fondu və Mərkəzi Bankla məlumatlar mübadiləsinə dair razılaşmalar imzalanmışdır.
Milli təsnifatlar sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması Azərbaycan statistikasının prioritet vəzifələrindən biri olaraq qalmışdır. Bununla əlaqədar, "Ətraf mühitin mühafizəsi üzrə fəaliyyət növləri və çəkilən xərclər", "Enerji məhsulları" və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə "İnformasiya və kommunikasiya texnologiyaları xidmətləri"nin təsnifatları hazırlanmış və təsdiq olunmuşdur. Təsnifatlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət standartı kimi qeydiyyatdan keçirilmişdir.
Əldə olunan nailiyyətlərdən biri də Statistik vahidlərin Dövlət registrinin müasir tələblər səviyyəsində qurulmasının başa çatdırılması olmuşdur. 2011-ci ilin sonuna SVDR-də müəssisə, təşkilat və sahibkarlıq subyektlərin sayı 440 minə yaxın, əhali təsərrüfatlarının sayı isə 850 mindən çox olmuşdur. Registr əsasında hesabat dövründə 12 müayinə keçirilmişdir.
İl ərzində Dövlət Statistika Komitəsinin Aparatı və yerli statistika orqanları tərəfindən 1500-dən çox təhlili məruzə, 96 ekspres-məlumat və 63 adda mətbu-məlumat, habelə 57 adda (6,3 min nüsxə) statistik bülleten hazırlanaraq istifadəçilərə, ictimaiyyətə çatdırılmışdır.
Komitənin və onun yerli orqanlarının fəaliyyətində istifadəçilərin keyfiyyətli və aktual statistik məlumatlarla təmin edilməsi əsas yer tutur. Beynəlxalq standartlara cavab verən 30-dan çox adda müxtəlif sahələrə dair illik məcmuələr (kitablar) nəşr etdirilmişdir ki, bunlar da ölkədə baş verən iqtisadi və sosial proseslərin inkişafı haqqında məlumatların əldə olunmasında mühüm əhəmiyyət kəsb edir.
İl ərzində kitabxananın xidmətindən 3 minə yaxın oxucu istifadə etmişdir. Dövlət Statistika Komitəsinin internet səhifəsindən hər gün orta hesabla 650 istifadəçi bəhrələnmişdir və hər gün baxılan səhifələrin orta sayı 3200-ə çatmışdır ki, bu da 2010-cu ildəkindən təqribən 2 dəfə çoxdur.
Hesabat dövründə Dövlət Statistika Komitəsinin fəaliyyətində yeni istiqamətlərdən biri keyfiyyətin idarə edilməsi sisteminin (KİS) tətbiqi olmuşdur. Komitənin kollegiyası tərəfindən təsdiq olunmuş "Keyfiyyətin idarə edilməsi sistemi" haqqında sənədlər toplusunun tələblərinə uyğun olaraq, 2011-ci ildə Sənaye, nəqliyyat və rabitə və Qiymət statistikası şöbələrində keyfiyyətin idarə edilməsi sisteminin tətbiqinə başlanmış və müvəffəqiyyətlə başa çatdırılmışdır. KİS-in tətbiqi məqsədilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Dövlət Statistika Komitəsinin bir əməkdaşına AZS İSO 9001 üzrə səriştəlilik sertifikatı verilmişdir.
2011-ci ildə beynəlxalq təşkilatlar və digər ölkələrin statistika orqanları ilə əməkdaşlıq daha da inkişaf etdirilmişdir. Dövlət Statistika Komitəsi BMT və onun regional iqtisadi komissiyaları, BVF, BƏT, Avrostat, Avropa Komissiyası, YUNİCEF, YUNESCO, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏT, MDB Dövlətlərarası Statistika Komitəsi və bir sıra digər beynəlxalq təşkilatların və dünya ölkələrinin statistika xidmətləri ilə statistik məlumatların mübadiləsini həyata keçirmiş, Komitənin 70 mütəxəssisi onlar tərəfindən təşkil edilmiş konfrans, seminar və digər tədbirlərdə iştirak etmişdir.
BMT-nin Statistika Şöbəsinin 2011-ci il dekabr ayının 7/8 nömrəli xəbərlər bülletenində Azərbaycanda enerji statistikasının inkişafı ilə bağlı məqalə nəşr olunmuşdur.
Avropa Qonşuluq Siyasəti çərçivəsində Tvinninq proqramı daxilində "Milli hesablar, müşahidə olunmayan iqtisadiyyat, biznes statistikası və istehsalçı qiymətləri indeksi sahələrinin Avropa standartlarına çatdırılması sahəsində Dövlət Statistika Komitəsinə dəstək göstərilməsi"nə dair proqram üzrə işlər davam etdirilmiş, 2011-ci ilin noyabr ayının 10-11-də onun yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Layihənin yekunları Avrostatın nümayəndəsi və digər iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir. TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının imkanlarından da geniş istifadə edilmişdir. Bu proqram çərçivəsində "Statistikada Coğrafi İnformasiya sisteminin yaradılması", "Avropa İttifaqının tələblərinə uyğun olaraq Statistik Metaməlumatlar üçün informasiya sistemi", "Keyfiyyətin idarə edilməsi sistemi" və "Gəlirlər və yaşayış səviyyəsi" mövzusunda seminarlar təşkil edilmişdir.
2011-ci ildə Dövlət Statistika Komitəsi beynəlxalq səviyyəli tədbirlərin ölkədə keçirilməsinə ev sahibliyi etmək istiqamətində öz fəaliyyətini gücləndirmişdir. İl ərzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) statistika və iqtisadi tədqiqatlar üzrə əlaqələndirici şəxslərinin 8-ci toplantısı, BMT-nin Statistika Şöbəsinin təşkilatçılığı ilə enerji üzrə beynəlxalq regional seminar və BMT-nin maliyyə dəstəyi və Lomonosov adına Moskva Dövlət Universitetinin mütəxəssisləri tərəfindən "Demoqrafik proqnozlaşdırma"ya dair seminar təşkil edilmişdir. Bunlardan əlavə, statistika sahəsində mütəxəssislərin beynəlxalq statistika təşkilatlarına üzv seçilməsi işi də davam etdirilmiş, Komitənin bir mütəxəssisi BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının İqtisadi statistika üzrə idarəetmə qrupunun üzvü, digəri isə həmin Komissiyanın Sosial statistika üzrə ekspert qrupunun üzvü seçilmişdir. Beləliklə, hazırda Dövlət Statistika Komitəsinin mütəxəssisləri 6 beynəlxalq təşkilatda statistika sahəsində işçi və ya ekspert qrupunun üzvü kimi fəaliyyət göstərir.
İşlənən informasiyaların həcminin artdığı və informasiya texnologiyalarının və texniki vasitələrin imkanlarının genişləndiyi şəraitdə Azərbaycan statistikası üçün vacib məsələlərdən biri statistik məlumatların elektron yığılmasının tətbiqi, Dövlət Statistika Komitəsinin İnternet-səhifəsinin və şəbəkə infrastrukturunun inkişafı da daxil edilməklə, statistik məlumatların yığılması, işlənməsi və yayılması sisteminin yeniləşdirilməsi hesab edilir. Artıq ölkənin statistika orqanları hesabatların elektron formada yığılmasına başlamış, 1500-dən çox müəssisə və təşkilatlar statistika hesabatlarını yalnız elektron formada təqdim edir.
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsinin http://www.azstat.org/ səhifəsində xüsusi "Elektron xidmətlər" bölməsi yaradılmışdır.
2011-ci ildə yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması məqsədilə, Gəncə şəhərində, Ağstafa, Hacıqabul, Qusar və Zaqatala rayonlarında statistika idarələri üçün yeni inzibati binaların tikintisi başa çatdırılmışdır.
Ölkədə həyata keçirilən islahatlara uyğun olaraq, Dövlət Statistika Komitəsi 2012-ci ildə də rəsmi statistikanın davamlı təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması işini davam etdirəcəkdir.