İnsan inkişafı indeksinə görə Azərbaycan 76-cı pillədə qərarlaşmışdır

29.12.2011


Məlum olduğu kimi, cari il noyabrın 2-də BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən "İnsan İnkişafı Hesabatı 2011" açıqlanmışdır. Yayılmış məlumatda İnsan inkişafı indeksinə görə Azərbaycanın dünya ölkələri arasında 91-ci pillədə yer alması göstərilmişdir.
Düzgünlüyü şübhə doğuran bu məlumat Dövlət Statistika Komitəsində kompleks təhlil edilmiş, "İnsan İnkişafı Hesabatı 2011"-in müəlliflərinə, BMT-nin, YUNESKO-nun Statistika İnstitutunun ekspertlərinə rəsmi müraciət olunmuş və məsələnin araşdırılması xahiş olunmuşdur.
Dövlət Statistika Komitəsinin iki aya yaxın bu sahədə apardığı təkidli yazışmaları nəticəsində BMT-nin İnkişaf Proqramı (UNDP) öz səhvini etiraf etmişdir. Səhv "təhsilin orta müddəti" göstəricisinin 11.1 il əvəzinə UNDP tərəfindən yanlış olaraq 8.6 il kimi nəzərə alınması ilə bağlı olmuşdur. UNDP-nin "İnsan İnkişafı Hesabatı 2011"-in tərtbinə məsul şəxs cənab Milorad Kovaçeviç baş vermiş anlaşılmazlığa görə təəssüfləndiyini bildirməklə yanaşı, Dövlət Statistika Komitəsinə rəsmi olaraq bəyan etmişdir ki, bu xəta UNDP tərəfindən aradan qaldırılmışdır. Nəticədə, dünya ölkələrinin sıralamasında (renkinqində) Azərbaycanın yeni mövqeyi 76-cı pillədədir.
Həmin hesabatda "Adambaşına Ümumi Milli Gəlir" göstəricisi üzrə tərtib edilən renkinqdə isə ölkəmiz 81-ci yerdədir. Beləliklə, Azərbaycan mühüm əhəmiyyət kəsb edən başqa bir göstəriciyə görə də öz əvvəlki müsbət mövqeyini qoruyub saxlamış - "İnsan İnkişafı İndeksi" üzrə renkinqdəki yerimiz (76) "Adambaşına Ümumi Milli Gəlir" göstəricisi üzrə yerimizi (81) 5 pillə qabaqlamışdır. Ümumdünya praktikasına görə isə bu, Azərbaycan iqtisadiyyatının insan inkişafı məqsədlərinə kifayət qədər yaxşı istiqamətləndirilməsinin göstəricisidir.