2011-ci ilin dekabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

17.01.2012

2011-ci ilin dekabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 1,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,6 faiz bahalaşmışdır. Dekabr ayında ərzaq məhsullarından manna yarmasının, qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, südün, kərə yağının, yumurtanın, qarğıdalı yağının, almanın, armudun, heyvanın, narın, qoz və fındığın, şabalıdın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, kartofun qiyməti bahalaşmışdır. Ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur ki, bu əsasən düyünün, unun, çörəyin, mal ətinin, toyuq və toyuq budunun, günəbaxan və zeytun yağlarının, limonun, bananın, portağal və naringinin, çuğundurun, kökün, sarımsağın, soğanın və s. məhsulların qiymətlərində müşahidə olunmuşdur. Dekabr ayında qeyri-ərzaq mallarından geyimin, inşaat materiallarından yağlı və sulu boyaların, parket üçün lakın, divar kağızlarının, ağac yonqar lövhələrin, kərpicin, mebellərdən mətbəx üçün mebel dəstinin, mətbəx üçün kətilin, çarpayı və yaylı döşəklərin, stol-stulun, yumşaq mebel dəstinin qiymətləri bahalaşmış, kəsilmiş taxtaların, ağac lifli lövhələrin, parket və laminat parketin, sementin, mebellərdən mətbəx üçün stolun, yataq mebel dəstinin, məişət avadanlıqlarından qaz plitəsinin, qızdırıcıların, tozsoranların qiymətləri isə ucuzlaşmışdır. Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ayda MDB ölkələrinə dəmiryol sərnişindaşıma və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində, metroda gediş haqqı tariflərində, kommunal xidmətlərdən zibilin daşınması və mərkəzləşdirilmiş istilik sistemi tariflərində bahalaşma müşahidə olunmuşdur.