Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə
2011-ci il dekabr ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1378,0 min nəfər olmuş və onların 852,9 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 525,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir. Eyni zamanda iqtisadiyyatın neft sektorunda 36,4 min nəfər, qeyri-neft sektorunda isə 1341,6 min nəfər çalışmışdır. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1337,1 min nəfər təşkil etmişdir. Muzdlu əsaslarla çalışan işçilərin 21,5 faizi məhsul istehsalı və 78,5 faizi xidmət sahələrində cəmlənmişdir.
Muzdla işləyənlərin 24,6 faizi təhsildə, 19,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 9,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,2 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14,5 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2011-ci ilin dekabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 419,4 manat təşkil etmiş, ilin əvvəlindən isə 9,5 faiz artaraq 363,1 manat olmuşdur. Digər fəaliyyət növləri ilə müqayisədə maliyyə və sığorta fəaliyyətində, mədənçıxarma sənayesində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, nəqliyyat və anbar təsərrüfatı sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olmuşdur.