2012-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial inkışafının makroiqtisadi göstəriciləri

16.02.2012


Məhsul istehsalı və xidmət sahələrində, habelə məhsula və idxala xalis vergilər nəzərə alınmaqla yanvar ayında 4,1 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal edilmiş və keçən ilin müvafiq dövrünün səviyyəsindən 1,2 faiz yüksək olmuşdur. Əlavə dəyərin 68,0 faizi məhsul istehsalı sahələrində, 27,4 faizi xidmət sahələrində istehsal olunmuş, 4,6 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsul istehsalı 448,6 manat (570,5 ABŞ dollar) olmuşdur.
Əlavə dəyərin 42,9 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvarı ilə müqayisədə 5,9 faiz artmış, neft sektorunda isə 2,4 faiz azalmışdır.
2012-ci ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 3,1 milyard manatlıq, yaxud 2011-ci ilin müvafiq dövründə olduğu qədər sənaye məhsulu istehsal etmişlər.
İqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 77,9 faizi mədənçıxarma bölməsində, 15,8 faizi emal bölməsində, 5,8 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Məhsul istehsalı sənayenin mədənçıxarma bölməsində 2,8 faiz, o cümlədən neft hasilatı 4,5 faiz azalmış, əmtəəlik qaz hasilatı 32,9 faiz artmış, 3,9 milyon ton neft və 1,6 milyard kub metr qaz hasil edilmişdir.
Sənayenin emal bölməsində məhsul istehsalı 7,9 faiz, bölmənin məhsullarından qida məhsulları istehsalı 8,5 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 57,2 faiz, poliqrafiya fəaliyyəti 47,0 faiz, rezin və plastmas məmulatları istehsalı 75,4 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 84,6 faiz, hazır metal məmulatları istehsalı 95,8 faiz, kompüter və digər elektron avadanlıqları istehsalı 15,8 dəfə, maşın və avadanlıqların istehsalı 30,6 faiz, sair nəqliyyat vasitələri istehsalı 21,3 faiz, mebel istehsalı 3,4 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 6,3 dəfə artmışdır.
Sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 25,3 faiz, elektrik enerjisi istehsalı isə 16,3 faiz artaraq 2,2 milyard kVt.saat elektrik enerjisi istehsal edilmişdir.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 11,6 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 14,4 faiz artmış, neft sektorunda isə 2,7 faiz azalmışdır.
Kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı yanvar ayında 34,7 min ton diri çəkidə ət, 123,6 min ton süd, 92,4 milyon ədəd yumurta və 2332 ton tərəvəz istehsal edilmişdir. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,2 faiz, süd istehsalı 4,4 faiz, yumurta istehsalı 0,2 faiz, tərəvəz istehsalı 10,0 faiz, kənd təsərrüfatının ümumi məhsulu 2,9 faiz artmışdır.
Yanvar ayında ölkənin tikinti kompleksində 459,4 milyon manat məbləğində, yaxud ötən ilin yanvar ayında olduğundan 4,8 faiz çox vəsaitdən istifadə edilmiş və onun 211,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 216,9 milyon manatı yerli mənbələrdən daxil olmuş, 56,5 faizi (259,4 milyon manatı) məhsul istehsalı obyektlərinin inşasına sərf olunmuşdur.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar ayında 168,2 min kv.metr yaşayış evlərinin tikintisi başa çatdırılmış, Gəncə şəhərində Alüminium zavodu kompleksi və Goranboy rayonunda Şahmat məktəbi istifadəyə qəbul edilmişdir.
İlkin məlumatlara görə 2011-ci ildə xarici ölkələrdən və onların firmalarından ölkəmizə 8,7 milyard ABŞ dolları məbləğində xarici investisiya daxil olmuş və onun 39,3 faizi neft sektoruna yönəldilmişdir.
Nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar ayında 16,4 milyon ton yük və 114,6 milyon nəfər sərnişin daşınmış, 2011-ci ilin müvafiq dövrünə nisbətən yük daşınması 6,4 faiz, sərnişin daşınması 8,3 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 7,2 faiz, dəmir yolu nəqliyyatı ilə 10,5 faiz, dəniz nəqliyyatı ilə 12,0 faiz, boru kəməri ilə 2,8 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 8,8 faiz, metro ilə 5,4 faiz, dəniz nəqliyyatı ilə 11,1 faiz, hava nəqliyyatı ilə 22,9 faiz artmışdır.
İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 21,8 faiz artaraq 98,4 milyon manat təşkil etmişdir.
Yanvar ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1360,3 milyon manat məbləğində və ya 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çox istehlak malları satılmışdır. Ölkə sakinləri pərakəndə ticarət şəbəkəsindən 845,7 milyon manatlıq ərzaq məhsulları və 514,6 milyon manatlıq qeyri-ərzaq malları almışlar.
Yanvar ayında xidmət müəssisələri tərəfindən 478,3 milyon manatlıq və ya 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz çox pullu xidmət göstərilmişdir.
Ölkə daxilində əmtəə dövriyyəsinin sürətlə artması ilə yanaşı xarici ticarət əlaqələri də genişlənir. Yola saldığımız 2011-ci ildə ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 36,3 milyard dollar məbləğində ticarət əməliyyatları aparmışlar. Əmtəə dövriyyəsinin 73,1 faizini və ya 26,6 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 26,9 faizini (9,7 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, 16,8 milyard dollar məbləğində müsbət saldo yaranmışdır. Əmtəə mübadiləsinin 84,9 faizi və ya 30,8 milyard dollarlığı uzaq xarici dövlətlərlə, 15,1 faizi (5,5 milyard dolları) MDB üzvü ölkələri ilə aparılmışdır.
Ölkəmizə idxal olunmuş malların 73,8 faizi və ya 7,2 milyard dolları uzaq xarici dövlətlərdən, 26,2 faizi (2,5 milyard dolları) MDB üzvü ölkələrindən daxil olmuşdur. Ölkəmizə gətirilmiş malların 31,1 faizini maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparaturalar, 17,3 faizini quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyatı vasitələri, 13,6 faizini azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 6,8 faizini ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün, 6,4 faizini kimya sənayesi məhsulları, 5,3 faizini bitki mənşəli məhsullar və s. təşkil etmişdir.
Ölkədən ixrac edilmiş malların 89,0 faizi, yaxud 23,7 milyard dolları uzaq xarici dövlətlərə, 11,0 faizi (2,9 milyard dolları) isə MDB üzvü ölkələrinə göndərilmişdir. Xarici ölkələrə göndərilmiş malların içərisində mineral məhsullar üstünlük təşkil etmişdir. Bundan başqa, ölkədən bitki mənşəli məhsullar, ərzaq, kimya sənayesi məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanmış məmulatlar, mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanmış məmulatlar və s. ixrac olunmuşdur.
Əmtəə mübadiləsi daha çox İtaliya, Rusiya, Fransa, ABŞ, Türkiyə, Ukrayna, Almaniya, İndoneziya, İsrail, Belarus, Malayziya, Çin, Koreya Respublikası, Gürcüstanla aparılmışdır.
2011-ci ildə ölkəmizə 32,7 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayında 2011-ci ilin dekabr ayı ilə müqayisədə 0,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri dekabr ayının səviyyəsində qalmışdır. 2011-ci ilin yanvarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 4,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, xidmət tarifləri 5,5 faiz bahalaşmışdır. Yanvar ayında ərzaq məhsullarından makaronun, vermişelin, toyuq budunun, pendirin, yumurtanın, dondurulmuş balığın, kələmin və s. qiymətləri ucuzlaşmışdır.
Qeyri-ərzaq mallarından qadın üçün dəridən plaş və gödəkcənin, uzunqol köynəyin, nitro boyaların, kərpicin, sementin və s. qiymətləri ucuzlaşmışdır.
Ölkədə muzdla işləyənlərin orta aylıq əmək haqqı 2011-ci ildə əvvəlki ilə nisbətən 9,5 faiz yüksələrək 363,1 manat, əhalinin hər nəfərinə düşən gəlirləri isə 2012-ci ilin yanvar ayında ötən ilin yanvarına nisbətən 13,2 faiz artaraq 226,1 manat olmuşdur.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2011-ci ildə dövlət büdcəsinə 15,7 milyard manat vəsait daxil olmuş, büdcədən 15,4 milyard manat vəsait xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 306,0 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,6 faizinə bərabər olmuşdur.
2012-ci il yanvarın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 10,0 milyard manat məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin həcmi 2011-ci il yanvar ayının 1-i ilə müqayisədə 19,0 faiz artmış, onun 69,3 faizi və ya 6,9 milyard manatı uzun müddətli olmuşdur. Kreditlərin 633,8 milyon manatının, yaxud 6,4 faizinin ödəmə vaxtı keçmişdir.
Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 36,0 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 4,1 milyard manata çatmışdır.
Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,79 manata, 1 Avroya 1,01 manata və 100 Rusiya rubluna 2,51 manata bərabər olmuşdur.