Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İdxal - ixrac əməliyyatları haqqında
2012-ci ilin yanvar ayında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 94 xarici dövlətlə 2506,5 milyon ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar. Əmtəə mübadiləsinin 252,3 milyon dolları MDB üzvü dövlətləri, 2254,2 milyon dolları digər ölkələrlə həyata keçirilmişdir. Xarici ticarət dövriyyəsinin 1848,8 milyon dollarını Azərbaycandan ixrac olunmuş mallar, 657,7 milyon dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 1191,1 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81,3 faizi) İtaliya, Fransa, Almaniya, Rusiya Federasiyası, Bolqarıstan, Türkiyə, İsrail, İndoneziya, Portuqaliya, Ukrayna və Gürcüstan dövlətləri ilə aparılmışdır.