2012-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

15.03.2012


Ölkənin iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri göstərən əsas makroiqtisadi göstəricilər üzrə fevral ayında artım əldə olunmuş, əhalinin həyat səviyyəsini əks etdirən gəlirlərin və əmək haqqının yüksəlməsi müşahidə edilmişdir.
Ümumi Daxili Məhsul istehsalı 2011-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 0,5 faiz artaraq 8,0 milyard manat təşkil etmişdir. Əlavə dəyərin 60,5 faizi sənaye sahələrində, 5,0 faizi tikinti kompleksində, 8,2 fazi ticarət və pullu xidmət sahələrində, 5,0 faizi nəqliyyatda, 1,6 faizi rabitə müəssisələrində, 2,5 faizi aqrar bölmədə, 11,3 faizi digər sahələrdə yaradılmışdır. Adambaşına orta hesabla 876,9 manat məbləğində (1115,3 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur.
Əlavə dəyərin 42,6 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 7,1 faiz artmış, neft-qaz sektorunda isə 4,5 faiz azalmışdır.
2012-ci ilin yanvar-fevral aylarında sənayemüəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 6,0 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Məhsulun 4,7 milyard manatı və ya 78,2 faizi sənayenin mədənçıxarma bölməsində istehsal olunmuş, 7,5 milyon ton neft və 3,0 milyard kub.metr əmtəəlik qaz hasil edilmişdir.
Sənayenin emal bölməsində iki ay ərzində 939,1 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bölmədə qida məhsulları istehsalı 3,5 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 51,3 faiz, neft məhsulları istehsalı 5,3 faiz, rezin və plastmas məmulatları istehsalı 3,1 dəfə, tikinti materialları istehsalı 15,0 faiz, hazır metal məmulatları istehsalı 47,4 faiz, kompüter və digər elektron avadanlıqları istehsalı 29,3 dəfə, elektrik avadanlıqları istehsalı 5,2 dəfə, maşın və avadanlıqların istehsalı 2,0 dəfə, sair nəqliyyat vasitələri istehsalı 14,6 faiz, mebel istehsalı 2,7 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 2,7 dəfə artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsullarının 5,6 faizi və ya 339,0 milyon manatı istehsal olunmuşdur. İstehsal olunmuş 4,1 milyard kVt.saat əmtəəlik elektrik enerjisi ötən ilki səviyyədən 18,7 faiz çox olmuşdur.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 10,1 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 17,2 faiz artmış, neft-qaz sektorunda isə 3,0 faiz azalmışdır.
İki ay ərzində istehsal olunmuş məhsulun 99,7 faizi istehlakçılara göndərilmişdir. Bununla belə, əvvəlki dövrlərdə yaranmış qalıqlar də nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 282,2 milyon manatlıq hazır məhsul olmuş və əvvəlki ayla müqayisədə 1,4 milyon manat artmışdır.
Aqrar bölmənin fəaliyyətini əks etdirən məlumatlar göstərir ki, sahənin əməkçiləri mal-qaranı qışlamadan uğurla çıxarmış və bitkiçilik məhsullarının əkininə başlamışlar. Mart ayının 1-nə kimi 35,6 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 1,8 min hektar sahədə dənli və dənli paxlalılar, 10,7 min hektar sahədə kartof, 5,3 min hektar sahədə tərəvəz, 10 hektar sahədə bostan bitkiləri əkilmişdir.
Heyvandarlıq məhsullarından keçən ilə nisbətən diri çəkidə ət istehsalı 1,5 min ton, yaxud 2,3 faiz artaraq 67,7 min ton, süd istehsalı 6,8 min ton və ya 2,8 faiz artaraq 244,1 min ton, yumurta istehsalı 11,2 milyon ədəd, yaxud 6,6 faiz artaraq 181,1 milyon ədəd, bitkiçilik məhsullarından 2998 ton (2011-ci ildəkindən 12,0 faiz çox) tərəvəz istehsal edilmişdir. Qeyd olunan məhsulların istehsalının artması kənd təsərrüfatının ümumi məhsulunun ötən ilki səviyyədən 2,8 faiz yüksək olmasını təmin etmişdir.
Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1196,4 milyon manatlıq, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 5,2 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala cəlb olunmuş vəsaitin 587,4 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunmuş və müqayisə olunan dövrdə 7,1 faiz azalmışdır. Əsaslı vəsaitin 51,4 faizi və ya 614,4 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuş, 66,7 faizini (798,3 milyon manatını) daxili investisiyalar təşkil etmişdir. İki ay ərzində ümumi sahəsi 247,1 min kv.metr yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana, 140 yerlik klub, Gəncə şəhərində Alüminium zavodu kompleksi, Goranboy rayonunda Şahmat məktəbi, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat mərkəzi tikilib istifadəyə verilmişdir.
Yük və sərnişin daşınması ilə məşğul olan nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən iki ay ərzində 31,5 milyon ton yük daşınmış və 237,4 milyon nəfər sərnişinə xidmət göstərilmişdir. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 5,3 faiz çox yük, 8,8 faiz çox sərnişin daşınmışdır.
Ötən ildə olduğu kimi cari ildə də sürətlə inkişaf edən sahələrdən biri rabitə sahəsidir. İlin əvvəlindən keçən iki ay ərzində rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 195,4 milyon manatlıq rabitə xidməti göstərmişlər. 2011-ci ilin yanvar-fevralına nisbətən rabitə xidmətlərinin həcmi 14,1 faiz artmış, onun 72,8 faizi bilavasitə əhaliyə göstərilmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən yanvar ayında xarici ölkələrlə 2506,5 milyon ABŞ dolları məbləğində ticarət, o cümlədən 657,7 milyon dollarlıq idxal və 1848,8 milyon dollarlıq ixrac əməliyyatları aparılmış, 1191,1 milyon dollarlıq müsbət saldo yaranmışdır. 2011-ci ilin yanvarına nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 1,0 faiz, o cümlədən ixracın həcmi 3,8 faiz azalmış, idxalın həcmi isə 6,8 faiz artmışdır. Ticarət əlaqələrinin 89,9 faizi və ya 2254,2 milyon dolları uzaq xarici ölkələrlə, 10,1 faizi, yaxud 252,3 milyon dolları MDB üzvü dövlətləri ilə həyata keçirilmiş və bu regionlarla ticarət əməliyyatlarının həcmi müqayisəli qiymətlərlə müvafiq olaraq 3,7 faiz artmış və 26,2 faiz azalmışdır.
2011-ci ilin yanvar ayına nisbətən ölkədən uzaq xarici dövlətlərə ixrac olunmuş malların dəyəri müqayisəli qiymətlərlə 0,6 faiz azalmış və 1768,8 milyon dollar həcmində məhsul göndərilmişdir. Eyni zamanda MDB üzvü ölkələrinə ixrac olunmuş malların həcmi 43,3 faiz azalaraq 80,0 milyon dollar təşkil etmişdir.
Yanvar ayında ölkəmizə idxal olunmuş malların 485,4 milyon dollarlığı uzaq xarici ölkələrdən, 172,3 milyon dollarlığı isə MDB üzvü dövlətlərindən daxil olmuş, müvafiq olaraq 19,5 faiz artmış və 18,2 faiz azalmışdır.
2012-ci ilin ilk iki ayı ərzində ölkə əhalisinin orta hesabla hər bir nəfərinin gəlirləri 12,0 faiz artaraq 497,9 manata çatmışdır. Gəlirlərin 70,6 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 17,3 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Gəlirlərin artmasında məşğul əhalinin əmək haqqının artması mühüm əhəmiyyət kəsb edir. Yanvar ayı ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2011-ci ilin müvafiq dövründə olduğu ilə müqayisədə 8,5 faiz artaraq 368,4 manat təşkil etmişdir.
Gəlirlərin artması ilə yanaşı əhalinin istehlak mallarına olan tələbatı da yüksəlir və bu onların istehlak bazarından aldıqları əmtəənin həcminin durmadan artmasında özünü büruzə verir. İki ay ərzində əhali istehlak bazarından 2617,2 milyon manatlıq istehlak malları almış və göstərilmiş xidmətlərin müqabilində 851,1 milyon manat ödəmişlər. 2011-ci ilin yanvar-fevral ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9,0 faiz, o cümlədən ərzaq məhsullarının satışı 2,4 faiz, qeyri-ərzaq mallarının satışı 21,9 faiz, pullu xidmətlərin həcmi 8,3 faiz artmışdır.
Fevral ayında yanvarla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,2 faiz, xidmət tarifləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə yanvar ayının səviyyəsində qalmışdır. 2011-ci ilin müvafiq dövrünə nisbətən yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, xidmət tarifləri 3,4 faiz bahalaşmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar ayında dövlət büdcəsinə 1547,9 milyon manat vəsait daxil olmuş, büdcədən 460,8 milyon manat xərclənmiş, ayrılmış vəsaitin 9,6 milyon manatı iqtisadiyyatın inkişafına, 184,8 milyon manatı sosial müdafiə və sosial təminata, 28,8 milyon manatı təhsil və səhiyyəyə yönəldilmişdir.
Maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə 10,1 milyard manat məbləğində və ya ötən ilin yanvar ayı ilə müqayisədə 20,6 faiz çox kredit vəsaiti verilmişdir. Kreditlərin 69,4 faizi uzun müddətə verilmişdir.
Fevral ayının 1-nə kimi banklara ölkə əhalisi tərəfindən 4,2 milyard manat məbləğində əmanət qoyulmuş və onun həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 36,0 faiz artmışdır. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 66,7 faiz artaraq 2,3 milyard manata, xarici valyuta ilə qoyulmuş əmanətlərin həcmi isə 10,8 faiz artaraq 1,9 milyard manata çatmışdır.
Fevral ayında 1 ABŞ dolları 0,79 manata, 1 Avro 1,04 manata, 100 Rusiya rublu 2,63 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,79, 1,03 və 2,57 manata bərabər olmuşdur.