Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin mart ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi
Mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 4,7 faiz bahalaşmışdır.
Ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 105,2 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 5,3 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,4 faiz bahalaşmışdır.
Mart ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 102,0 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 3,4 faiz, kimya sənayesi üzrə 2,8 faiz, tikinti məmulatlarının istehsalı üzrə 2,6 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 2,3 faiz, toxuculuq sənayesi üzrə 0,6 faiz bahalaşmış, tütün məmulatlarının istehsalı üzrə 9,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 6,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 2,4 faiz, metallurgiya sənayesi üzrə 2,0 faiz, qida məhsullarının istehsalı üzrə 1,3 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,5 faiz, poliqrafiya fəaliyyəti, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,4 faiz, içki istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı, elektrik avadanlıqlarının istehsalı və mebel istehsalı üzrə 0,2 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşmışdır.