Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2012-ci ilin aprel ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2012-ci ilin aprel ayında ərzaq məhsullarının qiymətlərinin 0,9 faiz ucuzlaşması, qeyri-ərzaq mallarının qiymətlərinin və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşmasına səbəb olmuşdur.
Ay ərzində ərzaq məhsullarından unun, manna və qarabaşaq yarmalarının, vermişel və makaronun, çörəyin, mal ətinin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, günəbaxan və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, portağalın, almanın, armudun, şabalıdın, qoz və fındığın, göyərtinin, pomidor və xiyarın, sarımsağın, göbələyin, soğanın, kartofun qiyməti ucuzlaşmışdır. Ucuzlaşma ilə yanaşı aprel ayında qoyun ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, qarğıdalı yağının, naringinin, bananın, kələmin, çuğundurun, kökün qiymətlərində bahalaşma da müşahidə olunmuşdur.