2012-ci ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkışafının makroiqtisadi göstəriciləri

15.05.2012


2012-ci ilin dörd ayı ərzində ölkənin iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər məhsul istehsalı və xidmət sahələrinin inkişafını və eyni zamanda sosial məsələlərin uğurla həll edildiyini göstərir.
Ümumi Daxili Məhsul. İlin əvvəlindən keçən dörd ay ərzində 16.6 milyard manatlıq əlavə dəyər istehsal edilmiş və 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 0.3 faiz artmışdır. Ümumi daxili məhsulun 68.5 faizi məhsul istehsalı, 25.3 faizi xidmət sahələrində yaradılmış, 6.2 faizi isə məhsula və idxala xalis vergilər təşkil etmişdir.
Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı qeyri-neft sektorunda 9.5 faiz artmış, neft-qaz sektorunda isə 6.4 faiz azalmışdır. Əgər neft-qaz sektorunda məhsul istehsalı ötən ilin müvafiq dövrünün səviyyəsində olsa idi ümumi daxili məhsul istehsalı 4.0 faiz artmış olardı.
Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsulun həcmi 1820.0 manata və ya 2314.6 ABŞ dollara çatmışdır.
Sənaye. Fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla dörd ay ərzində 12.3 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 2.6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 78.2 faizi mədənçıxarma bölməsində, 16.2 faizi emal bölməsində, 5.1 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 11.2 faiz artmış, neft-qaz sektorunda isə 5.2 faiz azalmışdır. Neft-qaz sektorunda məhsul istehsalı 100 faiz təşkil edərdisə o zaman sənaye məhsulları istehsalı 2.1 faiz artmış olardı.
Mədənçıxarma bölməsində ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı 5.3 faiz azalmışdır. Dörd ay ərzində 14.8 milyon ton neft, 6.0 milyard kub metr əmtəəlik qaz hasil olunmuşdur.
Emal bölməsində məhsul istehsalı 15.5 faiz artmış, bölməyə daxil olan məhsullardan qida məhsulları istehsalı 2.1 faiz, içki istehsalı 14.4 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 94.5 faiz, geyim istehsalı 40.8 faiz, poliqrafiya fəaliyyəti 3.8 faiz, rezin və plastmas məmulatları istehsalı 3.1 dəfə, tikinti materialları istehsalı 14.9 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 1.0 faiz, hazır metal məmulatları istehsalı 87.4 faiz, kompüterlər və digər elektron avadanlıqları istehsalı 24.3 dəfə, elektrik avadanlıqları istehsalı 3.9 dəfə, maşın və avadanlıqlar istehsalı 57.9 faiz, sair nəqliyyat vasitələri istehsalı 16.2 faiz, mebel istehsalı 3.8 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 74.5 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulları istehsalı 5.6 faiz artmış, 7.7 milyard kvt.s və ya keçən ilki səviyyədən 9.5 faiz çox elektrik enerjisi istehsal olunmuşdur.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 5.0 faiz artmışdır.
Kənd təsərrüfatı. Aprel ayında yaz-tarla işləri davam etdirilərək may ayının 1-nə kimi 263.7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 22.5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 18.1 min hektar sahədə dən üçün qarğıdalı, 56.1 min hektar sahədə kartof, 51.0 min hektar sahədə tərəvəz, 23.7 min hektar sahədə pambıq çiyidi, 18.7 min hektar sahədə bostan bitkiləri, 3.3 min hektar sahədə şəkər çuğunduru, 6.2 min hektar sahədə dən üçün günəbaxan və 807 hektar sahədə tütün əkilmişdir.
Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 3.5 faiz artaraq 137.7 min tona, süd istehsalı 4.0 faiz artaraq 527.4 min tona, yumurta istehsalı 11.9 faiz artaraq 384.6 milyon ədədə çatmış, ötən ildəkindən 26.3 faiz çox və ya 1866 ton yun qırxılmışdır.
Bitkiçilik məhsullarından 36.4 min ton və ya 14.0 faiz çox tərəvəz istehsal edilmişdir.
Kənd əməkçilərinin səyi nəticəsində 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 9.5 faiz, heyvandarlıq məhsulları istehsalı 4.3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 4.5 faiz artmışdır.
Tikinti. Ölkədə inşaat işlərinin aparılması üçün maliyyələşmənin bütün mənbələrindən yanvar-aprel ayları ərzində əsas kapitala 3.3 milyard manat, yaxud 2011-ci ilin yanvar-aprel aylarında olduğundan 24.0 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 1.6 milyard manatı və ya 50.1 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 2.4 milyard manatı və ya 74.7 faizini daxili investisiyalar təşkil etmiş və ötən ilki səviyyədən 23.1 faiz yüksək olmuş, xarici mənbələrdən istifadə olunmuş investisiyanın həcmi isə 26.6 faiz artmışdır. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən illə müqayisədə 21.6 faiz artaraq 1.9 milyard manat təşkil etmişdir.
Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5884.4 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuş və ilin əvvəlindən ötən dörd ay ərzində həmin vəsaitin 1266.0 milyon manatından istifadə edilmişdir.
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilmişdir. Dörd ay ərzində ümumi sahəsi 435.9 min kv.metr yaşayış evləri, 15 çarpayılıq xəstəxana, 140 yerlik klub, Bakıda "Marriott Absheron" oteli, Gəncədə Alüminium zavodu kompleksi, Sumqayıtda "Azgüntex" zavodu və Texnologiyalar parkında Ağır maşınqayırma və dəqiq emal mərkəzi zavodları, Goranboy rayonunda Şahmat məktəbi, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat mərkəzi, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Qazax rayonunda Konserv zavodu və Şahmat mərkəzi, Tovuz rayonunda "Ayan Palase" oteli, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəba-Ojakəran və Kijəba-Qəcimardə avtomobil yolları, digər obyektlər istifadəyə verilmişdir.
Nəqliyyat müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən ilin əvvəlindən keçən vaxt ərzində 64.7 milyon ton yük və 494.1 milyon nəfər sərnişin daşınaraq 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 3.2 faiz və 9.2 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 7.5 faiz, hava nəqliyyatı ilə 9.7 faiz, dəniz nəqliyyatı ilə 5.8 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 9.1 faiz, metropolitenlə 10.0 faiz artmışdır.
Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 423.6 milyon manatlıq, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 13.2 faiz çox rabitə xidməti göstərmişlər. Rabitə xidmətinin 72.5 faizi bilavasitə əhaliyə göstərilmişdir.
Əhalinin gəlirləri. 2012-ci ilin dörd ayı ərzində əhalinin hər nəfərinə düşən gəlirləri 12.6 faiz artaraq 1068.6 manata çatmış və onun 65.3 faizi son istehlaka, 9.1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 23.4 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Əmək haqqı. Muzdla işləyənlərin orta aylıq əmək haqqı 8.7 faiz artaraq 378.9 manat təşkil etmişdir. Bununla belə, sənaye, tikinti, nəqliyyat sahələrində, maliyyə vasitəçiliyində, icarə və bir sıra xidmət sahələrində çalışanların əmək haqqı daha yüksək olmuşdur.
Ticarət və pullu xidmət. İlin əvvəlindən əhaliyə 5.3 milyard manatlıq istehlak malları satılmış və 1.7 milyard manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 9.1 faiz, pullu xidmətlərin həcmi isə 8.7 faiz artmışdır.
Xarici ticarət. 2012-ci ilin birinci rübündə Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xarici ölkələrlə 7.9 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılmış, onun 7.1 milyard dolları və ya 90.2 faizi uzaq xarici dövlətlərin, 771.0 milyon dolları MDB üzvü ölkələrinin payına düşmüşdür. Keçən ilin birinci rübü ilə müqayisədə əmtəə dövriyyəsi müqayisəli qiymətlərlə 6.7 faiz azalmış, o cümlədən uzaq xarici ölkələrlə 4.2 faiz artmış, MDB üzvü dövlətləri ilə isə 36.1 faiz azalmışdır.
Bu dövrdə ölkəmizdən 5.8 milyard dollar məbləğində və yaxud keçən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10.8 faiz az mal göndərilmişdir. İxrac olunmuş məhsulların 5.6 milyard dollarlığı (95.9 faizi) uzaq xarici ölkələrə, 240.2 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilmiş və müqayisəli qiymətlərlə müvafiq olaraq 0.7 faiz artmış və 74.3 faiz azalmışdır.
Rüb ərzində ölkəmizə 2.1 milyard dolar məbləğində, o cümlədən uzaq xarici dövlətlərdən 1.5 milyard dollar, MDB üzvü ölkələrindən 530.8 milyon dollar həcmində mal idxal olunmuşdur. Keçən ilin birinci rübü ilə müqayisədə uzaq xarici ölkələrdən daxil olmuş əmtəənin məbləği müqayisəli qiymətlərlə 16.7 faiz artmış, MDB üzvü dövlətlərindən gətirilmiş malların həcmi isə 18.9 faiz azalmışdır.
İxracın idxalı üstələməsi nəticəsində 3.8 milyard dollar məbləğində, o cümlədən uzaq xarici ölkələrlə əlaqələrdə 4.1 milyard dollarlıq müsbət, MDB üzvü dövlətləri ilə isə 290.6 milyon dollarlıq mənfi saldo yaranmışdır.
Xarici ticarət əlaqələrinin 42.7 faizi Avropa Birliyi ölkələri, 9.8 faizi MDB üzvü dövlətləri, 47.5 faizi digər ölkələrlə aparılmışdır.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 11.5 milyard dollar (o cümlədən ixrac 9.5 milyard dollar) təşkil etmiş və 4.5 faiz azalmışdır.
Birinci rübdə ölkəmizə 7.7 milyon dollar həcmində humanitar və texniki yardım daxil olmuşdur.
İnflyasiya. Aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayına nisbətən 0.4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.9 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri mart ayının səviyyəsində qalmışdır. İlin əvvəlindən keçən vaxt ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3.5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 faiz, xidmət tarifləri 2.1 faiz bahalaşmışdır.
Büdcə.Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-mart aylarında dövlət büdcəsinə 3.5 milyard manat vəsait daxil olmuş, büdcədən 2.8 milyard manat xərclənmiş, nəticədə ümumi daxili məhsulun 5.2 faizi qədər və ya 644.6 milyon manat məbləğində profisit yaranmışdır. Büdcə xərclərinin 1133.6 milyon manatı (39.9 faizi) iqtisadiyyatın inkişafına, 560.1 milyon manatı (19.7 faizi) sosial müdafiə və sosial təminata, 338.8 milyon manatı (11.9 faizi) təhsilə və səhiyyəyə yönəldilmişdir.
Əmanətlər. Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 30.7 faiz artaraq aprel ayının 1-nə 4.3 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 2.4 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1.9 milyard manat olmuşdur.
Kredit. Ölkənin maliyyə-kredit təşkilatları aprel ayının 1-nə kimi hüquqi və fiziki şəxslərə ötən ilin müvafiq dövründə olduğundan 22.7 faiz çox və ya 10.3 milyard manat məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin 71.1 faizi uzunmüddətli xarakter daşımış, 6.5 faizinin ödəmə vaxtı keçmişdir.
Məzənnə. Aprel ayında 1 ABŞ dolları 0.79 manata, 1 Avro 1.03 manata, 100 Rusiya rublu 2.67 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0.79, 1.03 və 2.62 manata bərabər olmuşdur.