2012-ci ilin yanvar-aprel aylarında Ümumi Daxili Məhsul istehsalı

16.05.2012

2012-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında 16,6 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 0,3 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 7,1 milyard manat və ya ÜDM-in 42,5 faizini təşkil etmişdir. Eyni zamanda neft-qaz hasilatı və emalı sahələrində əlavə dəyər istehsalı 6,4 faiz azalmışdır.
ÜDM-in 59,3 faizi sənayedə, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 6,7 faizi tikintidə, 7,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,4 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 10,3 faizi sosial və digər xidmət sahələrində istehsal edilmiş, 6,2 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür.
Bu dövrdə tikintidə əlavə dəyər real ifadədə 22,0 faiz, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 17,3 faiz, informasiya və rabitə xidmətlərində 13,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,5 faiz artmışdır.
Mədənçıxarma sənayesində əlavə dəyər istehsalının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz azalması ilə yanaşı emal sənayesində əlavə dəyərin 15,5 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 5,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 5,0 faiz artımı müşahidə edilmişdir.