Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsi nümayəndəsinin Milli hesablar üzrə Ekspertlər Qrupunun Cenevrədə təşkil etdiyi müşavirədə iştirakı haqqında
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri Nuru Süleymanov 2012-ci il aprelin 30-dan mayın 4-dək Cenevrədə BMT-nin Avropa üzrə İqtisadi Komissiyası, Avrostat və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən təşkil olunmuş Milli hesablar üzrə Ekspertlər Qrupunun müşavirəsində iştirak etmişdir.
İclasda təşkilatçı qurumlar və 52 ölkədən dəvət olunmuş milli hesablar üzrə mütəxəssislər ilə yanaşı Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, BMT-nin Statistika Şöbəsi, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, Avropa Mərkəzi Bankının və digər beynəlxalq qurumların nümayəndələri də iştirak etmişlər.
Müşavirənin proqramı aşağıdakı 3 hissədən ibarət olmuşdur. (MHS 2008-in istifadəçilərə təqdimatı; Keçid iqtisadiyyatı ölkələri üçün xüsusi sessiya; Milli hesablar üzrə ekspert qrupu.)
Birinci hissədə Beynəlxalq Valyuta Fondunun nümayəndəsi tərəfindən Milli Hesablar Sisteminin yaranması və inkişafı tarixi, MHS-2008 və MHS-93 arasında olan fərqlər və o cümlədən, Maliyyə korporasiyaları sektorunun yeni bölgüsü, Dövlət idarəetmə sektorunun əhatəsinin müəyyən edilməsi, qeyri-dövlət pensiya sxemlərinin, torpaq, elmi tədqiqat işləri və hərbi xərclərin MHS-də əks etdirilməsi, qeyri-həyat sığortası üzrə xidmət buraxılışının hesablanmasına yeni yanaşmalar barədə məlumat verilmişdir.
2008-ci ilin Milli Hesablar Sisteminin tətbiqi planlarına həsr olunmuş keçid iqtisadiyyatı ölkələri üçün xüsusi sessiyasında Dövlətstatkomun nümayəndəsi Nuru Süleymanov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Milli hesablar statistikası üzrə göstəricilərin təkmilləşdirilməsi, MHS 2008-in tətbiqinə dair nəzərdə tutulmuş tədbirlər, onların icrası və əldə edilmiş nəticələr barədə təqdimatla çıxış etmiş və mövzu üzrə iştirakçılarda maraq doğuran suallara cavab vermişdir.
Milli hesablar üzrə ekspert qrupunun iclasında bazar və qeyri-bazar xidmətləri həcmlərinin, ev təsərrüfatları və ev təsərrüfatlarına məxsus qeyri-korporasiya müəssisələrində yaradılmış əlavə dəyərin, maliyyə xidmətlərinin ölçülməsi problemləri ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Müzakirələr zamanı qeyd edilmişdir ki, xidmətin kəmiyyət vahidinin müəyyən edilməsi və onun müvafiq qiymətlərlə əlaqələndirilməsi çətin olduğundan bu cür indekslərin yaradılması kifayət qədər güc və vəsait tələb edən prosesdir.
İclasın sonunda müşavirənin yekunları müzakirə olunaraq müşavirənin nəticələrini və gələcəkdə yerinə yetiriləcək işlərə dair tövsiyələri əks etdirən yekun sənəd qəbul olunmuşdur.