2012-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

13.06.2012

         Ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 2012-ci ilin ötən beş ayı ərzində 20.9 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.7 faiz çox Ümumi Daxili Məhsul istehsal edilmişdir. Ümumi daxili məhsulun 67.9 faizi məhsul istehsalı, 25.9 faizi xidmət sahələrində yaradılmış, 6.2 faizi isə məhsula və idxala xalis vergilər təşkil etmişdir.          
Keçən ilin yanvar-may ayları ilə müqayisədə məhsul istehsalı qeyri-neft sektorunda 10.5 faiz artmış, neft-qaz sektorunda isə 6.5 faiz azalmışdır.      
Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsulun həcmi 2281.5 manata və ya 2901.9 ABŞ dollara çatmışdır.      
Sənaye. Fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla beş ay ərzində 15.0 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 2.9 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 77.5 faizi mədənçıxarma bölməsində, 17.1 faizi emal bölməsində, 4.9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.      
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8.8 faiz artmış, neft-qaz sektorunda isə 5.1 faiz azalmışdır.          
Mədənçıxarma bölməsində ötən ilin yanvar-may ayları ilə müqayisədə məhsul istehsalı 5.4 faiz azalmışdır. Beş ay ərzində 18.5 milyon ton neft, 7.4 milyard kub metr əmtəəlik qaz hasil olunmuşdur.      
Emal bölməsində məhsul istehsalı 14.6 faiz artmış, bölməyə daxil olan məhsullardan qida məhsulları istehsalı 5.0 faiz, içki istehsalı 14.4 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 2.0 dəfə, geyim istehsalı 1.8 dəfə, poliqrafiya fəaliyyəti 2.0 dəfə, rezin və plastmas məmulatları istehsalı 3.7 dəfə, tikinti materialları istehsalı 19.5 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 10.7 faiz, hazır metal məmulatları istehsalı 1.9 dəfə, kompüterlər və digər elektron avadanlıqları istehsalı 17.5 dəfə, elektrik avadanlıqları istehsalı 3.3 dəfə, maşın və avadanlıqlar istehsalı 37.7 faiz, sair nəqliyyat vasitələri istehsalı 15.1 faiz, mebel istehsalı 3.9 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 53.3 faiz artmışdır.          
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulları istehsalı 3.4 faiz artmış, 9.1 milyard kvt.s və ya keçən ilki səviyyədən 9.6 faiz çox elektrik enerjisi istehsal olunmuşdur.          
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 2.5 faiz artmışdır.          
Kənd təsərrüfatı. May ayında yaz-tarla işləri davam etdirilərək iyun ayının 1-nə kimi 351.4 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 29.1 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 33.7 min hektar sahədə dən üçün qarğıdalı, 65.3 min hektar sahədə kartof, 73.1 min hektar sahədə tərəvəz, 29.3 min hektar sahədə pambıq çiyidi, 28.2 min hektar sahədə bostan bitkiləri, 3.7 min hektar sahədə şəkər çuğunduru, 9.5 min hektar sahədə dən üçün günəbaxan və 1.5 min hektar sahədə tütün əkilmişdir.      
Ölkədə əsas bitkiçilik məhsullarının yığımına başlanmışdır. Sahələrdən 49.3 min ton və ya keçən ilə nisbətən 1.2 faiz çox kartof, 71.8 min ton və ya 10.3 faiz çox tərəvəz, 7.3 min ton və ya 52.8 faiz çox meyvə və giləmeyvə yığılmış, çay plantasiyalarından 237.8 ton, yaxud 13.8 faiz az yaşıl çay yarpağı toplanmışdır.      
Havaların isti keçməsi ilə əlaqədar cari ildə taxıl biçininə bir qədər tez başlanılmış və iyunun 1-i vəziyyətinə 19.1 min hektar sahədən 47.5 min ton taxıl məhsulu götürülmüşdür.      
Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 3.4 faiz artaraq 173.2 min tona, süd istehsalı 7.2 faiz artaraq 699.6 min tona, yumurta istehsalı 12.2 faiz artaraq 495.2 milyon ədədə çatmış, ötən ildəkindən 5.8 faiz çox və ya 12.7 min ton yun qırxılmışdır.      
Kənd əməkçilərinin səyi nəticəsində 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 23.1 faiz, heyvandarlıq məhsulları istehsalı 5.4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 7.1 faiz artmışdır.      
Tikinti. Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən yanvar-may ayları ərzində əsas kapitala 4.5 milyard manat, yaxud 2011-ci ilin yanvar-may aylarında olduğundan 28.3 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 2.2 milyard manatı və ya 50.0 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 3.4 milyard manatı və ya 76.5 faizini daxili investisiyalar təşkil etmiş və ötən ilki səviyyədən 29.2 faiz yüksək olmuş, xarici mənbələrdən istifadə olunmuş investisiyanın həcmi isə 25.5 faiz artmışdır. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən illə müqayisədə 26.6 faiz artaraq 2.6 milyard manat təşkil etmişdir.      
Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5921.4 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuş və ilin əvvəlindən ötən beş ay ərzində həmin vəsaitin 1820.3 milyon manatından istifadə edilmişdir.      
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilmişdir. Beş ay ərzində ümumi sahəsi 545.9 min kv.metr yaşayış evləri, 15 çarpayılıq xəstəxana, növbədə 666 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 360 şagird yerlik məktəb, 140 yerlik klub, Bakı şəhərində Heydər Əliyev Mərkəzi, "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron" otelləri, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində "Azgüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Gəncə şəhərində Alüminium zavodu Kompleksi, Goranboy rayonunda Şahmat Məktəbi, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Qazax rayonunda Konserv zavodu və Şahmat Mərkəzi, Tovuz rayonunda "Ayan Palace" oteli və digər obyektlər istifadəyə verilmişdir.      
Nəqliyyat müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən ilin əvvəlindən keçən vaxt ərzində 83.6 milyon ton yük və 623.2 milyon nəfər sərnişin daşınaraq 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 3.6 faiz və 9.2 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 7.5 faiz, hava nəqliyyatı ilə 17.1 faiz, dəniz nəqliyyatı ilə 5.3 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 9.1 faiz, metropolitenlə 10.4 faiz artmışdır.      
İnformasiya və rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 538.2 milyon manatlıq, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 16.5 faiz çox xidmət göstərmişlər. Xidmətlərin 72.4 faizi bilavasitə əhaliyə göstərilmişdir.      
Əhalinin gəlirləri. 2012-ci ilin beş ayı ərzində əhalinin hər nəfərinə düşən gəlirləri 13.1 faiz artaraq 1352.2 manata çatmış və onun 64.6 faizi son istehlaka, 9.1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 24.2 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.      
Əmək haqqı. Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-aprel aylarında 379.1 manat təşkil etmiş və keçən ilin müvafiq dövrünə nisbətən 8.4 faiz artmışdır. Bununla belə, sənaye, tikinti, nəqliyyat sahələrində, maliyyə vasitəçiliyində, icarə və bir sıra xidmət sahələrində çalışanların əmək haqqı daha yüksək olmuşdur.      
Ticarət və pullu xidmət. İlin əvvəlindən əhaliyə 6.8 milyard manatlıq istehlak malları satılmış və 2.1 milyard manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 9.4 faiz, pullu xidmətlərin həcmi isə 8.8 faiz artmışdır.      
Xarici ticarət. 2012-ci ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xarici ölkələrlə 11.3 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılmış, onun 10.2 milyard dolları və ya 90.4 faizi uzaq xarici dövlətlərin, 1.1 milyard dolları MDB üzvü ölkələrinin payına düşmüşdür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi müqayisəli qiymətlərlə 5.8 faiz azalmış, o cümlədən uzaq xarici ölkələrlə 3.3 faiz artmış, MDB üzvü dövlətləri ilə isə 32.4 faiz azalmışdır.      
Bu dövrdə ölkəmizdən 8.4 milyard dollar məbləğində və yaxud keçən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 9.1 faiz az mal göndərilmişdir. İxrac olunmuş məhsulların 8.1 milyard dollarlığı (95.9 faizi) uzaq xarici ölkələrə, 343.4 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilmiş və müqayisəli qiymətlərlə müvafiq olaraq 1.1 faiz artmış və 72.0 faiz azalmışdır.      
İlin əvvəlindən ölkəmizə 2.9 milyard dollar məbləğində, o cümlədən uzaq xarici dövlətlərdən 2.2 milyard dollar, MDB üzvü ölkələrindən 748.8 milyon dollar həcmində mal idxal olunmuşdur. Keçən ilin yanvar-aprel ayları ilə müqayisədə uzaq xarici ölkələrdən daxil olmuş əmtəənin məbləği müqayisəli qiymətlərlə 11.6 faiz artmış, MDB üzvü dövlətlərindən gətirilmiş malların həcmi isə 14.3 faiz azalmışdır.      
İxracın idxalı üstələməsi nəticəsində 5.5 milyard dollar məbləğində, o cümlədən uzaq xarici ölkələrlə əlaqələrdə 5.9 milyard dollarlıq müsbət, MDB üzvü dövlətləri ilə isə 405.4 milyon dollarlıq mənfi saldo yaranmışdır.      
Xarici ticarət əlaqələrinin 42.8 faizi Avropa Birliyi ölkələri, 9.6 faizi MDB üzvü dövlətləri, 47.6 faizi digər ölkələrlə aparılmışdır.      
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 15.3 milyard dollar (o cümlədən ixrac 12.4 milyard dollar) təşkil etmiş və 6.5 faiz azalmışdır.      
Dörd ay ərzində ölkəmizə 9.2 milyon dollar həcmində humanitar və texniki yardım daxil olmuşdur.      
İnflyasiya. May ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri aprel ayına nisbətən 0.9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.9 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri aprel ayının səviyyəsində qalmış, xidmət tarifləri 0.2 faiz bahalaşmışdır. İlin əvvəlindən keçən vaxt ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3.1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 faiz, xidmət tarifləri 1.9 faiz bahalaşmışdır.      
Büdcə. Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-aprel aylarında dövlət büdcəsinə 5.4 milyard manat vəsait daxil olmuş, büdcədən 3.9 milyard manat xərclənmiş, nəticədə ümumi daxili məhsulun 9.0 faizi qədər və ya 1492.0 milyon manat məbləğində profisit yaranmışdır. Büdcə xərclərinin 1568.0 milyon manatı (40.3 faizi) iqtisadiyyatın inkişafına, 614.9 milyon manatı (15.8 faizi) sosial müdafiə və sosial təminata, 468.3 milyon manatı (12.0 faizi) təhsilə və səhiyyəyə yönəldilmişdir.      
Əmanətlər. Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 29.2 faiz artaraq may ayının 1-nə 4.3 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 2.4 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1.9 milyard manat olmuşdur.      
Kredit. Ölkənin maliyyə-kredit təşkilatları may ayının 1-nə kimi hüquqi və fiziki şəxslərə ötən ilin müvafiq dövründə olduğundan 21.1 faiz çox və ya 10.5 milyard manat məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin 71.5 faizi uzunmüddətli xarakter daşımış, 6.9 faizinin ödəmə vaxtı keçmişdir.      
Məzənnə. May ayında 1 ABŞ dolları 0.79 manata, 1 Avro 1.01 manata, 100 Rusiya rublu 2.6 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0.79, 1.03 və 2.61 manata bərabər olmuşdur.